DataLife Engine > Çap üçün versiya > AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib
DataLife Engine Azerbaijan Support > Siyasət, Son Xəbər > AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib

AXC-nin 100 illiyi ilə bağlı beynəlxalq konfrans keçirilib


2-11-2017, 21:20. Yerləşdirdi: admin
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı sərəncamına əsasən noyabrın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. AMEA-nın Tarix İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Xəlilovun "Təzadlar"a verdiyi məlumata görə, beynəlxalq elmi konfransın təşkilatçıları Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birlikləridir.

Elmi konfransı Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov açaraq konfrans iştirakçılarını salamlayıb.
Y.Mahmudov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin şərəf səhifəsidir: “Dünyanın, Şərqin və türk dünyasının ən demokratik respublikasını Azərbaycan xalqı yaradıb. Bütün Şərq üçün biz nümunə göstərdik. Türkiyədə cümhuriyyət Azərbaycandan 5 il sonra, yəni 1923-cü ildə yaradılıb”.

İnstitut direktoru bildirib ki, Ulu öndər Heydər Əliyevin vəsiyyətinə əsasən Tarix İnstitutu 2004-2005-ci illərdə iki cildlik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” çap etdirib: “Ensiklopediya Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəridir”.

Tarix İnstitutunun şöbə müdiri, “Azərbaycan Tarix Qurumu” İctimai Birliyinin sədri Tofiq Mustafazadə konfrans iştirakçılarına prezident sərəncamı barədə ətraflı məlumat verib.
Alimlər Fəzail İbrahimli, İradə Bağırova, Sevinc Əliyeva, Atilla Jorma və başqaları qeyd ediblər ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi qanlı daşnak-bolşevik rejimi qabaqcadan xüsusi hazırlıq apararaq, düşünülmüş və planlı şəkildə Azərbaycan xalqına qarşı kütləvi soyqırımı aktı həyata keçirib.

Konfransda bildirilib ki, Əli bəy Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturu məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağının rənglərində öz əksini tapıb.

Beynəlxalq konfrans plenar iclasdan sonra “1917-ci il Fevral inqilabından sonra Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət”, “Rusiya müsəlmanlarının I qurultayı”, “Oktyabr çevrilişi və Azərbaycan” və “Azərbaycan xalqının və Rusiya imperiyasının digər xalqlarının azadlıq hərəkatı” adlı dörd bölmədə fəaliyyət göstərib.

Konfransa Azərbaycan tarixçiləri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən - Albaniya, Türkiyə, Rusiya, Özbəkistan, Polşa, Finlandiya və başqa ölkələrdən olan alimlər elmi məruzələrini təqdim ediblər.

Geri