DataLife Engine > Çap üçün versiya > Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb
DataLife Engine Azerbaijan Support > Siyasət > Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb


11-04-2018, 08:15. Yerləşdirdi: memmedov
Azərbaycan prezidentinin seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Tezadlar.az-ın xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-da keçirdiyi mətbuat konfransında səsverməyə start verildiyini elan edib.
Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən VIII rəsmi ümummilli seçkidir.

Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.

18 yaşı tamam olmuş şəxslər seçki məntəqələrinə yaxınlaşaraq səs verə bilərlər.

Ölkədə 5 milyon 309 min 434 seçici var. Seçki bülletenlərinin sayı seçicilərin sayından 3 faiz artıqdır, yəni 5 milyon 347 min 803 seçki bülleteni çap olunub.

Azərbaycanda 125 seçki dairəsi var. Ölkədə daimi seçki məntəqələrinin sayı 5426, müvəqqəti seçki məntəqələrinin sayı isə 215-dir. Seçki komissiyalarına 5253 nəfər məşvərətçi səs hüquqlu komissiya üzvü təyin olunub.

Ölkədən kənarda yaradılan 41 seçki məntəqəsində 13 min 820 nəfər səs verəcək.

1455 seçki məntəqəsində hərəkət qabiliyyəti məhdud olan seçicilərin maneəsiz hərəkəti üçün mobil panduslar quraşdırılıb. Gözdən əlil seçicilərin sərbəst şəkildə səsverməsi üçün hər bir seçki məntəqədə Brayl əlifbası ilə tərtib olunan trafaret formaları ilə təmin olunub.

Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun olaraq, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzi səsvermənin gedişi, seçicilərin səsvermədə iştirakı barədə gün ərzində 5 dəfə (saat 10:00, 12:00, 15:00, 17:00 və 19.00) ilkin məlumatları açıqlayacaq.

Bu gün hər hansı seçkiqabağı təşviqat aparmaq qadağandır.

MSK 8 nəfərin prezidentliyə namizədliyini qeydə alıb. Bunlar prezidentliyə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülən Qüdrət Həsənquliyev, namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülən Araz Əlizadə, namizədliyi Milli Dirçəliş Hərəkatı Partiyası tərəfindən irəli sürülən Fərəc Quliyev, namizədliyi “Cəbhəçilərin təşəbbüs qrupu” tərəfindən irəli sürülən Razi Nurullayev, namizədliyi Müasir Müsavat Partiyası tərəfindən irəli sürülən Hafiz Hacıyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Zahid Oruc və namizədliyi Azərbaycan Demokrat Partiyası tərəfindən irəli sürülən Sərdar Məmmədovdur (Cəlaloğlu).

“Els” Müstəqil Araşdırmalar Mərkəzi, “RƏY” Monitorinq Mərkəzi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə və Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə “exit-poll” keçirəcək.

Seçkiləri 894 beynəlxalq (onların arasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB), ATƏT Parlament Assambleyasının və Avropa Şurası Parlament Assambleyasının da müşahidə missiyaları var), 58 175 yerli müşahidəçi izləyir. Səsvermə prosesini gün ərzində MSK-nın saytından da izləmək mümkündür. Belə ki, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.

Geri