DataLife Engine > Çap üçün versiya > Pensiyaçılara bəd xəbər: “Bu gün də pul olmayacaq!”
DataLife Engine Azerbaijan Support > Sosial > Pensiyaçılara bəd xəbər: “Bu gün də pul olmayacaq!”

Pensiyaçılara bəd xəbər: “Bu gün də pul olmayacaq!”


19-12-2017, 17:33. Yerləşdirdi: memmedov
Əliabbas Əlimədətoğlu,
Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi


Səlim Müslümov hələ Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən teleekranda bəyan etmişdi ki, Bakıda yaşayan pensiyaçılara müavinətlər hər ayın 8 ilə 10-u arasında çatdırılacaq. Doğrudan da əvvəllər belə də olurdu. Lakin S.Müslümov vəzifəcə böyüdükdən, əmək və əhalinin sosial müdafiəsi naziri təyin olunandan sonra həmin qayda çox vaxt pozulurdu. Bu ilin dekabrında isə özbaşınalıq kəllə-çarxa çıxdı. Ayın 8-də, cümə günü günortadan sonra qocalar bankomatların qarşısında növbələr yaratdılar. Lakin axşam xəbər çıxdı ki, pensiyaların bankomatlara köçürülməsi qaldı bazar ertəsinə.

Binəsiblər evə əliboş qayıtmalarından məyus olsalar da, ruhdan düşmədilər: Hətta sevinənlər də oldu: “Bazar ertəsi pensiyanı götürər, borcları verərik. Ertəsi gün Fəxri Xiyabana asudəliklə gedib Ulu Öndərin xatirəsini yad edərik”.
Lakin məsəl var, deyərlər: “Sən saydığını say, gör bu daş qəlbli məmurlar nə sayırlar”. Dekabrın 11-də axşamçağı Mir Cəlal küçəsində xəzri tüğyan edir, külək az qala ağacları məhvərindən qoparıb atmaq istəyir, zir-zibili insanların üzünə çırpır, qocaların papaqlarını başlarından qapıb aparırdı. Belə bir vəziyyətdə “Bolmart” supermarketinin qapısı yanındakı bankomatın qarşısında xeyli insan düzülüb durmuşdu.
Bir qədər sonra dağılışma “zəngi” çalındı: “Bu gün də pul olmayacaq!”.
Ehtiyacdan, nanəciblikdən qəddi əyilən nurani kişi dərindən ah çəkərək səsləndi: “Kim bilir, bəlkə də qəsdən eyləyirlər, istəyirlər ki, rəhmətliyi anmaq üçün sabah Fəxri Xiyabana getmək istəyənlərə mane olsunlar!”
Dekabrın 12-də necə deyərlər, bıçaq boğaza tıxanmışdı. Binəsiblər səhər saat 10-dan sonra bankomatları “mühasirəyə” aldılar. Lakin axşamdan xeyli keçənədək heç nə hasil olmadı. Bankomatdan gözlərini çəkməyən adamlara çırtma vursaydın, qanları çıxardı. Narazılıq nidaları bir-birinə qarışmışdı. Yenə də bəd xəbər: “Bu gün də pensiya olmayacaq!”
Əhvalı pozulan, hiddətlənən binəsiblər xalqa biganəlik göstərən məmurları yamanlaya-yamanlaya növbəni tərk edirdilər: “Vicdansızlar, elə bil öz ciblərindən verirlər, sanki borc verirlər. Axı bu bizim qanuni haqqımızdır!”.
Haqlı sözə nə demək olar?! Respublika Prezidenti cənab İlham Əliyevin neçə il öncə Nazirlər Kabinetinin iclasında səsləndirdiyi humanist bəyanatı neçə dəfə bu özündən müştəbeh məmurların nəzərinə çatdırmaq olar: “2006-cı ilə qədər pensiyaya çıxmış vətəndaşların pensiyaları artırılmalıdır. Ona görə ilk növbədə, onların pensiya təminatı yaxşılaşdırılmalıdır ki, bu sahədə heç bir ayrı-seçkilik olmasın və yaşlı insanlar lazımi səviyyədə pensiya ilə təmin olunsunlar. Bu, bizim borcumuzdur, onlar işləyiblər, çalışıblar, bu ölkəni yaradıblar, ölkənin inkişafında çox böyük rol oynayıblar. Bizim borcumuz onların maddi təminatını yaxşılaşdırmaqdır”.
İndi nazir Səlim Müslümovdan soruşuram: “Cənab nazir, əgər cüzi məbləğ, 150-200 manatlıq pensiya vaxtında ödənilmirsə, bədbəxt pensiyaçı yaxşı demirəm, ümumiyyətlə, insan kimi yaşaya bilərmi?..”
Mən məmurların bu əməlini dövlətə qarşı təxribat hesab edirəm. Görünür, kimlərsə ölkə başçısını xalqın gözündən salmaq istəyir. Və yüz minlərlə pensiyaçıdan biri kimi, mən də günahkarların ciddi surətdə cəzalandırılmasını gözləyirəm.

Əliabbas Əlimədətoğlu,
Azərbaycan
Respublikasının Əməkdar mədəniyyət işçisi

Geri