DataLife Engine > Çap üçün versiya > HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ-1-Cİ HİSSƏ
DataLife Engine Azerbaijan Support > Üst manşet > HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ-1-Cİ HİSSƏ

HƏQİQƏTİN BİR ÜZÜ VAR, YALANIN MİN ÜZÜ-1-Cİ HİSSƏ


11-09-2018, 11:57. Yerləşdirdi: admin
...Bir neçə vaxt bundan öncə dostum Telman Səmədov zəng vurub dedi ki, “Azadlıq” radiosunda Səməd Vurğun haqqında bir veriliş var, ona bax. Mən həmin verilişə baxdım və “Azadlıq” radiosu ilə bağlı bir olayı xatırladım.
Üstündən çox illər ötdüyünə görə dəqiq vaxtını bilmirəm, “Azadlıq” radiosundan mənə bir xanım zəng vurub dedi ki, “Koroğlu” dastanı haqqında veriliş hazırlayırıq və istəyirik siz orda iştirak edəsiniz. Mən söz verdim. Verilişin vaxtına hələ bir neçə gün varıydı. Həmin xanım hər gün iki dəfə zəng vurub mənim gəlib-gəlməyəcəyimi dəqiqləşdirirdi. Görünür, gələcəyimə çox da əmin deyildi.
Danışdığımız vaxtda mən “Azadlıq” radiosunun C.Cabbarlı küçəsində yerləşən ofisinə gəldim, həmin xanım məni qarşıladı, otağa apardı. Tanış olduq. Bu xanım indi S.Vurğun haqqında verilişi aparan Şahnaz Bəylərqızıydı. Qış ayıydı, paltomu soyundum, oturmaq istəyəndə açıq qapıdan gözüm dəhlizdə gəzən Seymur Baycana sataşdı. Soruşdum ki, Seymur Baycan burada nə gəzir? Şahnaz xanım dedi ki, o da “Koroğlu” haqqında danışacaq və mən ağzımı açmamış əlavə elədi:
-İslam müəllim, sizə bir dəqiqə vaxt veriləcək. Bir dəqiqə ərzində siz Koroğlunu tanıtmalısınız.
Mən soruşdum ki, bəs verilişiniz neçə dəqiqəlikdir? Aparıcı xanım dedi ki, bir saatlıqdır. Mənim dalağım sancdı və soruşdum:
-Bəs o verilişdə əlli doqquz dəqiqədə kimlər danışacaqlar?
Aparıcı xanım əlli doqquz dəqiqə özünün və Seymur Baycanın danışacaqlarını bildirdi. Bundan sonra hər şey mənə güzgü kimi aydın oldu və dedim:
-Şahnaz xanım, mənim sizin bir dəqiqənizdə də gözüm yoxdu. Elə altmış dəqiqənin hamısını Seymur Baycanla siz üz-üzə oturub danışarsınız. Mənim böhtan və yalanlara qulaq asmağa vaxtım yoxdu.
Mən paltomu geyindim, bu zaman orda işləyən Çingiz Sultansoyu çağırdılar ki, məni əyləsin. Ancaq məni orda artıq heç kim saxlaya bilməzdi. Mən getdim və heç o verilişə qulaq da asmadım. Sonra Əsəd Cahangir mənə dedi ki, verilişdə Seymur Baycan və aparıcı Şahnaz Bəylərqızı “Koroğlu” haqqında ermənilərin nəinki danışmadıqları, hətta ağıllarına belə gətirmədikləri böhtanlar söylədilər.
İndi bu söhbəti elə-belə xatırlatmadım. “Azadlıq” radiosunun Səməd Vurğun haqqındakı verilişi də eyni məqsədlə hazırlandığından yalan və böhtanlara gen-bol yer ayrılmışdı.
Azərbaycan xalqının bir atalar sözündə deyilir: “Dostunu göstər, kim olduğunu deyim”. Bunu radio və televiziya verilişlərini hazırlayanlar haqqında belə demək olar: “Qonağını göstər, nəylə nəfəs aldığını deyim”. Burada böyük həqiqət var. S.Vurğun haqqında danışmağa Sərdar Cəlaloğlunu və Aqşin Yeniseyi çağıran aparıcının nəylə nəfəs aldığı, necə danışacağı, S.Vurğuna hansı böhtanları atacağı öncədən güzgü kimi görünür. Ona görə mən təkcə Sərdar Cəlaloğluna və Aqşin Yeniseyə yox, Azərbaycanın milli-mənəvi dəyərlərindən, dahi şəxsiyyətlərindən danışanların hamısına səslənirəm: -Nədən danışacağınızın fərqinə varın. Hər şeydən öncə fikirləşin ki, Koroğlu, Səməd Vurğun və başqaları haqqında danışmağa sizin mənəvi haqqınız çatır, ya yox?! Danışdığınız böhtanlara, alçaldıcı sözlərə, hətta təhqirlərə görə, cavab verməli olduğunuzu da unutmayın.
Yuxarıda deyilənləri təsdiqləyən bir incə məqam odur ki, Sərdar Cəlaloğlu və Aqşin Yenisey redaksiyanın qonağı kimi studiyada əyləşiblər, əsas sözü onlar deyirlər. Akademik Nizami Cəfərov, vurğunşünas Aslan Salmansoy, şair Ələddin İncəli isə telefonla verilişə qoşulurlar. Əgər “Azadlıq” radiosu bu verilişi xoş niyyətlə hazırlasaydı, onda əksinə olmalıydı, yəni Nizami Cəfərov, Aslan Salmansoy və digər ədəbiyyatçılar studiyada oturub, əsas sözü onlar deməliydilər. S.Cəlaloğlu, A.Yenisey və digərləri isə istəsəydilər qoşula bilərdilər. Paradoks göz qabağındadır. Əsl həqiqət də bu paradoksdadır !
Mən bu yazıda Sərdar Cəlaloğluna və Aqşin Yeniseyə yerli-yataqlı cavab vermək fikrində deyiləm. Ancaq onların bəzi fikirlərinin necə ağ yalan olduğunu açmaq istəyirəm.
Öncə deyim ki, Sərdar Cəlaloğlu ədəbiyyat adamı deyil. Onun ədəbi zövqü də, poetik duyumu da, poeziya haqqındakı duyğu və düşüncəsi də Səməd Vurğunun ünvanına söylədikləri qədər dayaz və bəsitdir. Onun fikirləri məntiqdən çox məntiqsizliklə, ağıldan çox ağılsızlıqla, duyğudan çox duyğusuzluqla, obyektivlikdən çox qərəzlə yoğrulmuşdur. İçindəki qəzəb və nifrət o qədər güclüdür ki, otuz ilin siyasətçisi onu gizlədə bilmir.
İkincisi, Sərdar Cəlaloğlu özünü az qala parlament qədər səlahiyyətli hesab edərək S.Vurğunun “26-lar” poemasından və “Vaqif” dramından imtina olunmasına hökm verir, onun fikri ilə razılaşmayanlarla qəti şəkildə barışmır. Üstəlik, S.Vurğunu 37-ci il repressiyalarında günahlandırır, hətta əlində heç bir əsas olmadan Hüseyn Cavidi, Mikayıl Müşviqi güllələtdirdiyini söyləyir ki, bunun arxasında ciddi məsuliyyət dayanır. Sərdar Cəlaloğlu nə qədər qışqıra-qışqıra danışsa da, Səməd Vurğunun yaradıcılığına dərindən bələd olmadığı da aydın görünür.
O, Səməd Vurğunun “Mən nə Sanılıyam, nə də Cavadam, Onlara düşmənəm, onlara yadam” misralarını 37-ci il repressiyaları ilə bağlayır, halbuki bu şeir 1931-ci ildə Zəngili soyadlı birisinin şairin ilk kitabı haqqındakı məqaləsinə cavab olaraq yazılmışdır (bax: İslam Sadıq. “Mənəm bu dünyada bəlalar çəkən”. Səməd Vurğunun bir şeirinin yazılma səbəbi: “Ədəbiyyat” qəzeti. 29 iyul 2017-ci il).
Buradaca xatırlatmaq istəyirəm ki, Səməd Vurğun poeziyasının işığı gözlərini qamaşdıran qarovlar uzun illərdir ki, arxivlərdə şairin donosunu axtarırlar. Az qala bütün ömrünü bu işə sərf eləyən adamlar var. Lakin onların bu axtarışları indiyə qədər heç bir nəticə verməyib, hara və nəyə əl atıblarsa, əlləri boşa çıxıb. Bəs niyə? Çünki onların axtardıqları şey heç yerdə yoxdur. Buna baxmayaraq həmin adamlar yenə öz niyyətlərindən əl çəkmirlər, yeri oldu-olmadı köhnə valları təzədən oxudurlar.
Səməd Vurğuna atılan böhtanlara xalq inansın deyə daha çox onun Mikayıl Müşfiqi güllələtdiyini qabardırlar. Bu da onunla bağlıdır ki, çox cavan yaşında güllələnmiş Mikayıl Müşfiqin acı taleyinin yanğısı xalqın qəlbində böyük bir sevgiyə çevrilmişdir. İndi bir çoxları bu sevgidən Səməd Vurğuna qarşı ustalıqla istifadə etməyə çalışırlar. Ancaq belələri unudurlar ki, xalqın qəlbindəki iki böyük sevgini qarşı-qarşıya qoyub onlardan birini digərinin kölgəsində gizlətmək mümkün deyil.
1945-ci ilin əvvəllərində olub bu hadisə. Səməd Vurğun Moskvadan Bakıya M.C.Bağırovun vaqonunda gəlib. Yolda Mikayıl Müşfiqin azadlığa buraxılmasını ondan xahiş edib. Bakıya çatan kimi M.C.Bağırov MK-nın iclasını çağırır, Səməd Vurğunun məsələsini qoyur. Görün orda Səməd Vurğunu necə ittiham eləyir.
- Misal üçün cənab Səməd Vurğun Vəkilov! Bu bəy oğlunu-ağa törəməsini (təhqirə fikir verin-İ.S) bataqlıq içindən çıxarıb, insan ləyaqətinə mindirdik. İsti ocaq başında əyləşdirib uca-uca şöhrətlərə çatdırdıq. Adam eləyib, əsl adamlar sırasına qatdıq. O isə mundar ağa–bəy xislətini dəyişmədi... Bu günlərdə onunla Moskvadan gəlirdim. Vaqonuma dəvət eləmişdim. Heç bilirsiz, yolda nə xahişdə bulundu cənab Vəkilov?! Təpədən-dırnağa bizə düşmən, ən qatı əleyhdarlarımızdan biri, əks-inqilabçı şair Mikayıl Müşfiqi əfv etmək, azadlığa buraxdırmaq! O Mikayıl ki, bütün şeirlərində müsavat ideyalarını tərənnüm etmiş və onun gizlin, həm də ən fəal təbliğatçılarından olmuşdur (Daha ətraflı bax: Vidadi Babanlı. Gizlinlər. Gerçək roman. II kitab. “Azərbaycan” jurnalı. Bakı. 2005. №1. s.91-99).
(Davamı var)
İslam SADIQ
Filologiya elmləri doktoru, dosent

Geri