DataLife Engine > Çap üçün versiya > KİMYAGƏR, YOXSA VƏKİL?!-ŞOK FIRILDAQ-VİDEO-YENİLƏNİR
DataLife Engine Azerbaijan Support > Video, Manşet, Üst manşet > KİMYAGƏR, YOXSA VƏKİL?!-ŞOK FIRILDAQ-VİDEO-YENİLƏNİR

KİMYAGƏR, YOXSA VƏKİL?!-ŞOK FIRILDAQ-VİDEO-YENİLƏNİR


12-11-2017, 20:37. Yerləşdirdi: admin
Yaxud, "Hüquq Müdafiə Bürosu" MMC Azərbaycan Vəkillər Kollegiyasından üstün qurumdurmu?
...Təəssüflər olsun, son illər Azərbaycanda fırıldaqçılıq, sanki bir həyat tərzinə çevrilib. Kimi fırıldaqçılıq edərək bir mənzili 3-5 nəfərə satır, kimisi 100-150 min manata və ya daha çox məbləğ müqabilində kimisə hansısa vəzifəyə işə düzəltmək adı ilə kimdənsə pul qopardır... Bəziləri də özlərinə aid omayan peşələrdə meydan sulayırlar. Nəticədə əzab çəkən sadə camaat olur.
***
Elə bu yazını yazmağa bizi vadar edən də bir kimyagərin özünü hüquqşunas kimi təqdim edərək, nəinki ayrı-ayrı yerlərdə, hətta Azərbaycan televiziya məkanının efirindən istifadə yolu ilə milyonlarla insanları hipnoz edərək, gözlərinə kül üfürməsidir. Ekran qarşısında oturan tamaşaçı yazıq da elə bilir ki, Azərbaycanda daha bundan başqa hüquqşunas yoxdur.
Konkret mətləbə keçək: bu günlərdə elə üzdə görünənlərə inanaraq bir sadə insan-hüququ pozulan vətəndaş həmin kimyagər “hüquqşunas”ı vəkil tutmaq məqsədilə aramaq istəyib. Bu məqsədlə Azərbaycan Respublikası Vəkillər Kollegiyasına zəng edərək, “Lider TV”-nin efirində yayımlanan “Çıxış yolu” verlişinin aparıcı simasına çevrilmiş “hüquqşunas” Elçin Quliyevin bu qurumun üzvü olub-olmamasını soruşmaq istəyib. Vəkillər Kollegiyasından bildiriblər ki, nə belə hüquqşunası tanıyırlar, nə də onların belə bir üzvü var.

Sərhədsiz kələkbazlıq?


Bütün bunlardan sonra Bakı şəhər sakini Anar Allahverdiyev "Təzadlar"a zəng edərək bildirdi ki, belə yalançı hüquqşunas haqqında niyə qəzetinizdə məlumat vermirsiniz.
Doğrusu, əvvəlcə inanmadıq... Amma sonra bu kimi yalançı hüquqşunaslara, vəkillərə çox rast gəldiyimizdən, xəbər bizi o qədər də təəccübləndirmədi. Amma yenə də insanların canını belə “hüquqşunas”lardan qurtarmaq üçün araşdırmaya başladıq. Əvvəlcə qeyd edilən Elçin Quliyevin iştirakı ilə TV-də yayımlanan “Çıxış yolu” verlişinin YouTube-də bir neçə buraxılışını izlədim. Bəh-bəh-bəh, maşallah olsun, gözünə döndüyüm Elçin Quliyev uçana-qaçana macal vermir. Bülbül kimi cəh-cəh vurur. Zalımın oğlu hüquqi qaydalardan, Azərbaycan qanunlarından, məhkəmə proseslərindən, Az. Cinayət Məcəlləsinin maddələrindən şifahi təsvirlə elə danışır ki, sanki o, hüququ pozulan hər kəsin yanındadır... Elə bil o, ən məşhur Avropa universitetinin hüquq fakültəsini bitirib.
Sonra bəlli olur ki, guya o, çox səsli-küylü səslənən bir firma yaradıb-"Hüquq Müdafiə Bürosu MMC".
Verilişdə də gah TV aparıcı olan Nuranə xanım "vəkil" Elçin Quliyevə çox maraqla baxaraq onun yaratdığı büronun fəaliyyətini tərifləyir, gah da bu hüquqşünasın aparıcı xanıma eyni baxışla baxaraq, onların məhkəmələrdə insanların hüquqlarını necə qoruduqlarını böyük şövqlə danışır.
Eh, hələ bu nədir ki! Verlişdə bir də görürsən ki, o, hansısa güya hüquqlarını müdafiə etdikləri bir nəfərin həbsdən sonrakı həyatı ilə maraqlanmaq üçün “Rang Rover” markalı bahalı avtomobillə evlərinə gedir... Bütün bu prosesləri də Elçin Quliyevin cəh-cəhinə aldanan “Çıxış yolu” verilişinin əməkdaşları bu yalanları çəkib tamaşaçılara göstərirlər.

"Çıxış yolu"nda görünməyən çıxış yolu...


Mən şəxsən “Çıxış yolu” verlişinin kollektivini günahlandırmıram. Çünki əsl sənəti kimyagər olduğu deyilən E.Quliyev, icad elədiyi hansısa "maddə" ilə verlişin əməkdaşlarını, o cümlədən aparıcı Nuranə xanımı elə uydurub ki, heç kəs ondan soruşmayıb ki, hörmətli “hüquqşunas”, sən hansı ali hüquq məktəbini qurtarmısan və hüquq təhsili verən diplomun varmı?
Əlbəttə, belə bir məsəl var: alan razı, verən razı, Nuranə xanım niyə qalsın narazı. Çünki öz hüququnu bilməyən insanlarımız üçün belə verliş və belə “hüquqşunas” hələ çox lazım olacaq. Təbii ki, Qoqolun “Müfəttiş” əsərinin qəhramanı Xelestakov kimi caamatın gözündə hər şeyə qadir bir obraz roluna Elçin Quliyev çox uyğun gəlir.
KİMYAGƏR, YOXSA VƏKİL?!-ŞOK FIRILDAQ-VİDEO-YENİLƏNİR
(Şəkildə: Elçin Quliyev)

Fırıldaqçılığın hüquqi əsasları...

Yaxşı, bu Elçin Quliyev əslində kimdir? Heç ola bilərdimi ki, bu qəhraman haqqında danışıb, onun özünü dinləmək mümkün olmasın?! Ona görə də mobil telefon vasitəsi ilə əlaqə saxladıq və nəhayət, onun özünün dedikləri ilə sizləri də tanış edirik. Deyir: “Harda görünüb ki, hüquqşunas olmayan firma yarada bilməz? Bəli, mən hüquqşunas deyiləm, elə belə də yazın ki, kimyaçıyam. Ali məktəbi də Rusiyada bitirmişəm. Nə olsun ki, mən kimyaçıyam? Yaratdığım Hüquq Müdafiə Bürosuna çox savadlı vəkillər cəlb etmişəm. Asif, Vasif kimi güclü vəkillərimiz var. Əgər hər hansı probleminiz olsa, sizlərin də hüquqlarını müdafiə etməyə hazırıq. Lap sizin özünüzü də həm verlişlərimizə, həm də büromuza dəvət edərik. Sizinlə ictimai-siyasi məsələlərin müzakirəsini də apara bilərik. Mən sizin telefonunuzun nömrəsini qeyd edəcəyəm və biz mütləq əməkdaşlıq edəcəyik. Mənim yaratdığım Hüquq Müdafiə Bürosunun qapısı hamının üzünə açıqdır”.

Ali təhsili olmayan hüquq müdafiəçisi???

"Etibar elə, amma yoxla", prinsipinə əsaslanaraq, Elçin Quliyevin dedikləri ətrafında müəyyən araşdırmalar apardıq. Şikayətçilərin faktiki ərizələrinə əsasən, öyrəndik ki, Elçin Quliyevin ümumiyyətlə, ali təhsil diplomu yoxdur. Deməli, bu adam heç kimyagər də deyil, Allah bilir nə bilim nədir... İndi təsəvvür edin, nəinki hüquqşünas, hətta heç ali təhsili də olmayan birisi efirdən xalqa hüquq dərsi keçir, məhkəmələrdə aldığı bəraət işindən danışır. Hətta verilişlərin birində iştirak edən müğənni Aslan Kərimov “Halal olsun belə hüquqşünasa!” - deyərək, tərifini göylərə qaldırır. Amma bu insanın cəsarəti çatmadı desin ki, mən hüquqşünas deyiləm. Axı deyə də bilməzdi, çünki oynadığı rolda tamaşa yarımçıq qalardı.
***
İndi də gələk telefonda bizə təriflədiyi vəkillər Asif və Vasifin məsələsinə: məşhur bir kinodakı kimi, bircə Ağasifin yeri çatışmır. Aldığımız məlumata görə, Vasif deyilən şəxs vəkil yox, ictimai nümayəndədir. Bu günlərdə Milli Məclis nümayəndələrin fəaliyyətini bir daha məhdudlaşdıran Qanun qəbul etdi. Görəsən bu gündən sonra Elçin Quliyevin vəkil kimi tərifini göylərə qaldırdığı Vasif nə işlə məşğul olacaq? Əlbəttə, bu, onun öz problemidir. Vəkil olmadığı üçün Vasiflə elə də bir işimiz yoxdur. Amma Asif Abdullayevlə söhbətimiz davam edəcək. Çünki bu adam hüquqşünasdır və Azərbaycan Vəkillər Kollegiyasının üzüdür. Hüquqşünas kimi Asif Abdullayev bilməlidir ki, vəkil heç bir MMC-nin işçisi ola bilməz. Əgər A.Abdullayev üzvü olduğu nüfuzlu bir qurumu hansısa MMC-dən aşağı sayırsa, bu, artıq onun hüquqşünas kimi savadının göstəricisidir. A.Abdullayev E.Quliyevin yaratdığı Hüquq-Müdafiə Bürosu MMC-nin işçisidirsə, onda onun Vəkillər Kollegiyasında nə işi var? Axı E.Quliyev efirdən milyonların gözünün içinə deyir ki, mənim əlimin altında Asif və Vasif kimi güclü vəkil olan işçilərim var.
Görəsən, heç bir ali təhsili olmayan və özünü kimyagər adlandıran E.Quliyevin təsis etdiyi Hüquq-Müdafiə Bürosu MMC-si Azərbaycan Vəkillər Kollegiyasından üstün bir qurumdur ki, Asif Abdullayev Vəkillər Kollegiyasını MMC-yə dəyişib? Yəqin ki, Vəkillər Kollegiyasının rəhbərliyi hüquq pozuntusuna yol verən bu hüquqşünas barədə ciddi ölçü götürəcək. Axı AR İnzibati Xətalar Məcəlləsinin 399-cu maddəsində aydın yazılıb: “Vəkillər və vəkillik fəaliyyəti haqqında AR Qanununda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manata qədər, vəzifəli şəxslərsə 600 manatdan 800 manatadək məbləğdə cərimə edilirlər”.
***
Hüquq pozuntusu artıq göz önündədir. Heç bir hüquqi təhsili və vəkillik statusu olmayan Elçin Quliyev efirdən vəkillik fəaliyyətindən, məhkəmələrdə qazandıqları bəraətdən geninə-boluna danışır. İnanırıq ki, hüquq-mühafizə orqanları və "Lider-TV" rəhbərliyi bu məsələni ciddi araşdırıb lazımi tədbirlər görəcəklər.
“Lider” TV-nin rəhbərliyi isə, yəqinki, nəinki hüquq sahəsində təcrübəsi, hətta heç bir ali təhsili olmayan birinin efirdən xalqa hüquqi dərs keçərək şou göstərməsinə münasibət bildirəcək. Məqsədimiz odur ki, insanlarımız belə yalançı hüquqşünaslar və vəkillərə inanmasınlar ki, sonradan aldanıb "oyundankənar vəziyyətə düşməsinlər".
Elçin Məmmədli
***
Bu gün səhər redaksiyamıza zəng edən vəkil Asif Abdullayev yazıda özünə aid bir məqama etirazını bildirərək qeyd etdi ki, bu yazı ilə onun nüfuzuna zərbə dəyir. Çünki yazıda qeyri-dəqiqlik var: “Siz niyə mənim mövqeymi öyrənmək istəməmisiniz? Nə bilirsiniz ki, Elçin Quliyevin adını çəkdiyi Asif mənəm? Mənim familiyamı haradan öyrənmisiniz? Əvvəla, mən Elçin Quliyev adında şəxs tanımıram və onun tabeliyində də işləyə bilmərəm. Mən Vəkillər Kollegiyasının üzvüyəm. Eyni zamanda, fərdi vəkil kimi fəaliyyət göstərmək üçün Vəkillər Kollegiyasından rəsmi icazəm var. Ona görə də mən tam sərbəst bir insanam və kimsənin tabeliyində də işləmərəm. Bu səbəbdən xahiş edirəm, mənim fikirlərimi olduğu kimi saytınızda dərc edəsiniz ki, anlaşılmazlıq aradan qalxsın”.
A.Abdullayevlə telefon söhbətimizdə bildirdim ki, ola bilər ad, familiya oxşar olsun… Ona görə də vəkil Asif Abdullayevin fikirlərini olduğu kimi təqdim etdik. Əgər A.Abdullayevin başqa bir əlavəsi olarsa, onu da dərc etməyə hazırıq. Amma Elçin Quliyevin tabeliyində işləyən Asif Abdullayevin kim olması bizim üçün də maraqlıdır. Bu səbəbdən biz bu barədə araşdırmamızı davam etdiririk. Elçin Quliyevin rəhbərlik etdiyi Hüquq-Müdafiə Bürosu MMC barədə bizə çox maraqlı məlumatlar daxil olub. Hərtərəfli araşdırmadan sonra həmin məlumatları oxucularımıza təqdim edəcəyik.
Bundan əlavə, yazıda adı çəkilən hər bir kəsin mövqeyini də öyrənib, dərc etməyə hazırıq.
E.Məmmədli

Geri