Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

“Biz kimə müraciət edək?” – cavabsız suallar…

Bakının ən qədim kəndlərindən biri olan Hökməli Abşeron rayonunun ərazisində yerləşir və illər boyu yaşayış məskəni kimi tanınıb. Əhalisi əsasən əkinçilik və maldarlıqla məşğul olub. Tarixi mənbələrdə bəzi tədqiqatçılar kəndin tarixini atəşpərəstlik dövrünə qədər bağlayır, bəzilərində isə “Gökan” adı ilə çəkilir. Bir sözlə, Hökməli əsrlərdir ki, insanların məskunlaşdığı yerdir. Amma görünür, qədim olmaq, paytaxtın ən yaxınında yerləşmək bəzən heç nəyi dəyişmir. Görəsən, niyə bu problemlər bizdən əl çəkmir? Belə deməyimin səbəbi isə göz önündədir… Günü-gündən ölkəmiz inkişaf edir, qürurla “modernləşirik” deyilir, amma bu, daha çox dildədir, əməldə yox. Bu qənaətə gəlmək üçün uzağa getməyə ehtiyac yoxdur – paytaxtın burnunun dibindəki Hökməli kəndi buna ən bariz nümunədir.


Zaman dəyişib, yollar müəyyən qədər düzəlib, amma Hökməlinin əsas problemləri hələ də qalır. İllərdir insanlar dözür, səbr edir, müxtəlif ümidlərlə gözləyirlər, amma nəticə dəyişmir. Bu gün Hökməli sakinləri iki böyük bəla ilə üz-üzədir: kanalizasiya sistemi ümumiyyətlə, yoxdur, su isə demək olar verilmir. XXI əsrdə, paytaxtın ətəyində yaşayan insanların hələ də belə sadə xidmətlərdən məhrum olması həm onların gündəlik həyatını ağırlaşdırır, həm də bu kəndin gələcək inkişafını mümkünsüz hala gətirir. Körpəsi olan analar, xəstəsinə qulluq edən ailələr, yaşlı sakinlər hər gün eyni çətinliklərlə üzləşir. Ən təəccüblüsü isə odur ki, bütün bunların həlli üçün texniki baxımdan heç bir ciddi maneə yoxdur.
Bunlar şikayətnamənin bir parçasıdır…
***


Təsəvvür edin, kənd camaatı deyir ki, həftədə cəmi bir dəfə su verilir – o da gecə saatlarında, təxminən üç saatlıq müddətə. İnsan işdən yorğun gəlib yatıb qalsa, səhərə oyananda görür ki, su artıq kəsilib. Deməli, bütün həftəni susuz keçirməlidir. Hətta bəzən elə olur ki, bir həftə ərzində ümumiyyətlə, su verilmir. Körpəsi, xəstəsi, yaşlısı olan ailələr nə etsin? Bu insanlar öz evlərində normal həyat yaşamaq əvəzinə, hər gün su dərdi ilə yaşamağa məhkumdurlar.
Bugünkü Hökməli həm paytaxta yaxınlığı, həm də yüksəklikdə yerləşməsi ilə diqqət çəkir. Halbuki bu coğrafi üstünlüklər kanalizasiya sisteminin çəkilməsini daha da asanlaşdırmalı idi.

Digər tərəfdən, Hökməlinin kanalizasiya problemi artıq illərin dərdinə çevrilib. Kənd hündür ərazidə yerləşir və bu, əslində bu sistemi çəkməyi asanlaşdırmalı idi. Amma illərdir heç bir dəyişiklik yoxdur. Ən böyük dərdlərdən biri kanalizasiya şəbəkəsinin olmamasıdır. Sakinlərin sözlərinə görə, hər gün arxlardan axan çirkab suları kəndi üfunətə bürüyür. Yayda isə iy-qoxudan küçədə hərəkət etmək belə mümkünsüzləşir. Bütün sular kəndin aşağı hissəsindəki çökəkliyə toplanır. Nəticədə həmin ərazi həm keçilməz hala düşür, həm də mikrob və xəstəlik mənbəyinə çevrilir.

Bəs Hökməlinin sakinləri kimə müraciət etməlidirlər? Aidiyyəti qurumlar niyə bu qədər biganədir? “Azərsu”ya dəfələrlə müraciət olunsa da, cavab eynidir: “Orada kanalizasiya sistemi yoxdur, biz nə edə bilərik?”
Əsrlik tarixə malik bir kənd XXI əsrdə belə kanalizasiya problemi ilə yaşayır. Vətəndaşlar isə çaşqın vəziyyətdədir: kimə müraciət etsinlər, kim bu işə baxacaq?
Hamı vaxtı-vaxtında pulunu ödəyir, amma əvəzində ala bilmədiyi yalnız bir şey var – su və kanalizasiya kimi sadə xidmətlər. Bu xidmətlərin olmaması insanların gündəlik həyatını süni şəkildə daha da çətinləşdirir.

***
Hökməli Abşeronun ən böyük kəndlərindən biridir. Əhali artır, yeni sakinlər köçür, amma göründüyü kimi, bu qədim kənd gözdən uzaq, diqqətdən kənar qalıb.
Bəs niyə? Kim, yaxud nədir buna mane olan? Məsələn, Xırdalanı müqayisə edək: Xırdalan aşağıda yerləşir və bir az yağış yağan kimi kanalizasiya vurub geri çıxır. Amma orada yenə də sistem var. Hökməlidə isə bu da yoxdur. Texniki baxımdan heç bir çətinlik yoxdur, sadəcə məsələ illərlə həll olunmadan qalıb.
Və mənim bir sualım var: əgər paytaxtın düz ətəyində yerləşən, əsrlər boyu insanların yaşadığı Hökməlinin bu qədər sadə probleminə əlac tapılmırsa, bəs onda “inkişaf”, “modernləşmə” sözlərini niyə dilə gətiririk?
Elşad FƏRMANOĞLU