Qardaş Türkiyədəki meşə yanğınların qarşısını almaq məqsədilə Prezident İlham Əliyevin tapşırığı əsasında türk qardaşlarımıza köməyə gələın Azərbaycan yanğınsöndürənləri yüksək peşəkarlıq göstərir və yanğının ən təhlükəli yerlərinə müdaxilə etməkdən belə qorxmurlar. Çünki, onlar Türkiyəni öz məmləkəti, onun ağrısını öz ağrıları kimi hiss edirlər.

Fədakar yanğınsöndürənlərimiz bu günlərdə Türkiyənin Marmaris rayonunda Datça magistral yolundakı meşə sahəsində işə başlayıb.

Bu barədə Demirören Haber Ajansı (DHA) görüntülər paylaşıb.

Kadrlarda azərbaycanlı yanğınsöndürənlərin alovlarla mübarizəsi əks olunub. Komanda üzvlərindən Kamil Dilavərov vəziyyətin çox pis olduğunu, amma türk qardaşlarımız üçün əllərindən gələni etdiklərini bildirib.

“Bura bizim doğma məmləkətimizdir, heç bir yadlıq hiss eləmədik. Ümid edirəm, vəziyyət sizin üçün daha yaxşı olacaq”, - deyə o bildirib.

İqbal adlı yanğınsöndürən isə qardaş ölkədə yanğının öhdəsindən gələcəklərini inamla bildirərək, türk xalqına keçmiş olsun diləklərini çatdırıb.

 Biz qəti əminik ki, canbir qardaşımız olan Türkiyənin daima yanındayıq və  tezliklə bu fəlakətin qarşısını da birlikdə alacağıq.

Şakir QURBANOV