booked.netbooked.net booked.net  

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın doğum günüdür

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti; Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat yoldaşı Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Arif qızı Əliyeva Bakı şəhərində ziyalı ailəsində anadan olub.
O, yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar elm xadimi, filologiya elmləri doktoru professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquliyevin nəvəsidir.

Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur. 1996-cı ildən indiyədək "Azərbaycan Hava Yolları” Dövlət Konserni Milli Aviasiya Akademiyasının rektorudur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır. Onun çoxsaylı elmi əsərlərində (3 monoqrafiya 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır. Aida İmanquliyeva 1992-ci il 19 sentyabrda vəfat etmişdir.

Mehriban Əliyeva 1982-ci ildə Bakı şəhəri 23 №-li orta məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:
"Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.
O, 1988-ci ildə İ.M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirib və 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

Mehriban Əliyeva 2005-ci ildə "Eftanaziya və təbabətdə humanizm problemi” mövzusunda dissertasiya işi müdafiə edib və fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alıb.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyevlə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:
"Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.
Mehriban xanımın ötən əsrin bütün mürəkkəbliklərinə baxmayaraq, öz ideallarına, mənəvi dəyərlərə, milli ənənələrə sadiq qalan Azərbaycan ziyalılarının əhatəsində böyüməsi onun bir şəxsiyyət kimi formalaşmasına, ailə dəyərlərinə sadiq olmasına mühüm təsir göstərib. Sonradan onun milli ənənələrə bağlı olan digər bir ziyalı Azərbaycanlı ailəsinə gəlin köçməsi, Heydər Əliyev və tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın gəlini olması bu keyfiyyətlərin daha da dərin kök atmasına təsir edib.
"Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”– söyləyən Mehriban xanım qadının ailədəki rolu və ailəyə münasibətini hər zaman önə çəkib. "Hər bir qadın üçün onun ailəsi, onun uşaqları həyatının ən vacib, ən mühüm hissəsidir. Mən özüm üç uşaq anası olaraq analıq missiyasını həyatımın ən vacib missiyası kimi dəyərləndirirəm”. Mehriban xanım, eyni zamanda, qadını ailədə sülhün, razılığın və məhəbbətin təminatçısı hesab edir: "Mənim üçün çox vacibdir ki, həyat yoldaşım olduqca dolğun və gərgin iş günündən sonra evə gəlir və burada onu anlayır və dəstəkləyirlər, onu qiymətləndirir və sevirlər”.

Mehriban Əliyeva 1988-1992-ci illər ərzində Moskvada akademik Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.
Aktiv ictimai fəaliyyətə 1995-ci ildə hal-hazırda rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Fondunu yaratmaqla başlayıb. 1996-cı ildə Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması məqsədi ilə üç dildə (Azərbaycan, ingilis və rus) çap olunan "Azərbaycan-İrs” jurnalını təsis edib.[10] Müsahibələrindən birində Azərbaycan Mədəniyyət Fondunun və "İrs” jurnalının yaradılma məqsədlərini Mehriban Əliyeva özü maraqlı izah etmişdir:
"Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. "İrs” jurnalını da mən elə onda təsis etdim. Jurnal, əslində, Fondun fəaliyyətini işıqlandırmaqla məşğul olurdu və müəyyən bir mövzuya həsr edilən hər bir nömrə həm populyar, həm də tədqiqat materialı idi. İftixarla deyə bilərəm ki, Azərbaycan mədəniyyəti barədə bizdən əvvəl hələ heç kim belə şirin yazmayıbdır. Məsələn, miniatürdən və ya memarlıq abidələrindən yazmağı qarşımıza məqsəd qoyduqda, əməkdaşlığa, əslində, həm akademiya alimlərini, həm jurnalistləri, həm də sənətşünasları cəlb etmişdik. Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı”.
2002-ci ildə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və həmin vəzifədə özünü gözəl təşkilatçı kimi nümayiş etdirib. Onun beynəlxalq aləmdə artmaqda olan nüfuzu Beynəlxalq Gimnastika Federasiyasının bədii gimnastika üzrə dünya kubokunun "A” kateqoriyalı mərhələsinin (2003), Dünya kubokunun (2004), 27-ci Dünya çempionatının (2005), 23-cü (2007), 25-ci (2009) və 30-cu (2014) Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.
Mehriban Əliyeva Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, onun milli dövlətçilik ideyalarının yeni nəsillərə aşılanması məqsədi ilə yaradılmış Heydər Əliyev Fondunun prezidentidir.

2004-cü il 10 mayda – Heydər Əliyevin doğum günündə təsis edilmiş Heydər Əliyev Fondunun məqsədi milli-mənəvi dəyərlərin qorunması və Azərbaycan mədəniyyətinin geniş təbliğ olunması ilə bağlı işlərin aparılmasına kömək etmək, əhalinin rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri, elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri dəstəkləmək, uşaq və gənclərin sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli biliklərə malik vətəndaş kimi yetişdirilməsi işinə xidmət etmək, Azərbaycanın beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin reallaşdırılmasına yardım göstərməkdən ibarətdir.
Onillik fəaliyyəti dövrü ərzində Heydər Əliyev Fondu müxtəlif sahələri əhatə edən layihələri reallaşdırmağa, dünyanın nüfuzlu təşkilatları ilə əməkdaşlıq etməyə, möhtəşəm beynəlxalq konfrans və festivallar keçirməyə müvəffəq olmuşdur. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır.
Mehriban Əliyevanın fəaliyyətində idmanın inkişafına da xüsusi önəm verilir. 2004-cü il 28 dekabrda Mehriban Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində MOK-un İcraiyyə Komitəsinə üzv seçilib.

2012-ci il 8 dekabrda Avropa Olimpiya Komitəsi Baş Assambleyası 2015-ci ildə I Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdi. Birinci Avropa Oyunlarını yüksək səviyyədə keçirmək məqsədi ilə 2013-cü il yanvarın 17-də Təşkilat Komitəsi yaradıldı və onun sədri Mehriban Əliyeva təyin olundu. 21 yanvar 2016-cı ildə, "Bakı-2015” Birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyevaya Avropada idmanın inkişafında göstərdiyi xüsusi xidmətlərə görə Avropa Olimpiya Komitələrinin İcraiyyə Komitəsinin qərarı ilə Avropa Olimpiya Komitələrinin ən yüksək mükafatı olan Ali Orden təqdim edilib.
2004-cü ildən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, 2013-cü ildən partiyanın sədr müavinidir. 2005 və 2010-cu illərdə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən 14 saylı Xəzər ikinci seçki dairəsindən irəli sürülmüş Mehriban Əliyeva müvafiq olaraq 92,12% (23106 səs) və 94,49% (31797 səs) səs toplayaraq deputat seçilib.


O, Milli Məclisin deputatı kimi fəaliyyətində əsl peşəkarlıq, siyasi yetkinlik nümunəsi göstərir. "Siz mənə səs verməklə, sizin və balalarınızın ümidlərinin gerçəkləşməsinə səs vermisiniz” – deyən Mehriban Əliyeva öz fəaliyyəti ilə sübut etdi ki, əzmkarlıq, işləri düzgün qurmaq bacarığı olan yerdə həlli mümkünsüz sayıla biləcək heç bir problem yoxdur.
Mehriban Əliyevanın Milli Məclisin deputatı kimi fəaliyyətində yaddaqalan məqamlardan biri onun ədalət, humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq genişmiqyaslı amnistiya aktının qəbul edilməsi təşəbbüsü ilə çıxış etməsidir. 2007-ci il 8 mayda Mehriban xanımın hazırladığı "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş amnistiya haqqında” qərar layihəsinin müzakirəsində o, öz çıxışında qeyd etmişdir ki, "...səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayaraq, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk”.
Azərbaycan parlamentarizmi tarixində ilk dəfə olaraq Milli Məclisin deputatı tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun daşımışdır.
O, bu nəcib təşəbbüsü ənənəyə çevirərək 2009 və 2013-cü illərdə də eyni müraciətlə çıxış etmiş və nəticədə 2009-cu ildə 9564, 2013-cü ildə isə təqribən 9000 nəfər azadlığa buraxılmışdır.

"Həkimlik xüsusi peşədir. Bu, ruh və qəlb peşəsidir. Bu, dərdə şərik olmaq və şəfqət elmidir. Bu, insanların halına yanmaq, ehtiyacı olanlara əl uzatmaq peşəsidir. Bu, altruizmdir. Mənim həyatım elə gətirib ki, artıq çoxdandır öz peşəmlə məşğul olmuram. Amma fəaliyyətimin hər bir sahəsində, xüsusən də Heydər Əliyev Fondunun prezidenti vəzifəsində mən məhz bu prinsiplərə, bu əsasa arxalanmağa çalışıram”.
Mehriban Əliyeva 3 sentyabr 2010-cu ildə Rusiya prezidenti Dmitri Medvedyev və birinci xanımı Lyudmila Medvedyeva ilə görüşdə.
Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq "birinci xanım” statusunu məhz Mehriban Əliyeva formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirmişdir. Adətən, hər bir ölkənin birinci xanımı öz ölkəsində elmə, mədəniyyətə və təhsilə diqqət yetirir. Mehriban xanımın diqqətindən kənarda isə heç bir sahə qalmır; o, bütün bilik və bacarığını müxtəlif humanitar təşəbbüslərin reallaşmasına sərf edir.
Mehriban xanımı ölkə başçısı ilə ictimaiyyət arasında ən mahir əlaqələndirici hesab etmək olar. Onun irəli sürdüyü bir çox təşəbbüslər dövlət və vətəndaş birliyinin təmin edilməsində mühüm rol oynayır.
Müsahibələrinin birində birinci xanım olmaq yükünün nə dərəcədə ağır olduğunu belə izah edir: "Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür..........Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm” .
Azərbaycanda son illər ərzində formalaşmış birinci xanım institutu dünyanın bir çox ölkələri üçün örnək ola bilər. Mövcud reallıqlar Azərbaycanda birinci xanım faktorunun mahiyyətini bizlərə aydın göstərir. O, xalqına xidməti əsas meyar kimi birinci xanım qismində qəbul etmişdir: "dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm”.
Mehriban Əliyevanın humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin təməlində məhz millətə layiqli xidmət məramı dayanır.

Mehriban Əliyeva ictimai düşüncədə "bir çox sosial problemləri yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə keçməsinə nail oldu.
İsrailin "Breaking İsrael News” portalı yazır: "Azərbaycanın müasir baxışlara malik birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır”.[24] Mehriban Əliyeva öz fəaliyyəti ilə Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açdı. Təbii ki, qədim və zəngin tariximizin hər bir səhifəsində Azərbaycan qadınının müdrikliyi və qəhrəmanlığının parlaq nümunələri olub. Dünyanın bir çox ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ əldə etməsi, mədəniyyətin, incəsənətin, elmin müxtəlif sahələrində ilk addım atması Azərbaycan qadınının işgüzarlığının və intellektual potensialının aydın təzahürüdür.
Politoloq Yevgeni Kriştalyov Mehriban Əliyevanı bu cür xarakterizə edir: "O, mahiyyət etibarilə lider qadındır, özünün dəqiq mövqeyi, vətəndaş mövqeyi, ictimai mövqeyi olan qadındır. O, birinci xanım vəzifəsinin yükünü "elə-belə” sadəcə daşımır, ölkə parlamentinin deputatı, Heydər Əliyev Fondunun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri kimi ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdə bilavasitə iştirak edir. O, həmin vəzifələri sadəcə zərurət xatirinə, Azərbaycan Prezidentinin xanımı olduğuna görə deyil, səmimi qəlbdən, düşünülmüş şəkildə yerinə yetirir. Mehriban xanımın insani keyfiyyətləri ona bu dünyanın güclü simalarının çoxu ilə dil tapmaqda kömək edir”.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyətinə görə bir çox beynəlxalq təşkilatlar, dövlətlər tərəfindən yüksək mükafatlara layiq görülüb. Mehriban Əliyeva UNESCO və ISESCO-nun xoşməramlı səfiridir.

Tezadlar.Az saytının  kollektivi adından Mehriban xanım Əliyevanı doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın parlaq gələcəyi uğrunda yorulmaz fəaliyyətində uğurlar arzu edirik!

 Şakir QURBANOV

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN