Azərbaycanın “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunu var...

Təəssüflər olsun, yerdə qalan bütün qanunlarımızın tətbiq sahəsinə və nəticəvi faktlarına daim rast gəlsək də, bu qanunun bəxti nədənsə, açılmır. O mənada ki, məsələn, məhkəmələrdə şəxsən mən rast gəlməmişəm ki, hansısa vətəndaş mağazada qiymətdə aldadılması ilə bağlı iddia qaldırıb. Bəlkə də qaldırıb və məhkəmələr də istehlakçını borclu, yəni haqsız çıxarıb. Halbuki, qanunda kifayət qədər hüquqlarımız var…

***

Bəs qanun istehlakçı hüquqlarını hansı formalarla tənzimləyir? Qanunun vacib maddələrini təqdim edib “Fresh Market” mətləbimə keçim:

“Maddə 19. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi

 19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət formasında həyata keçirilir.

19.2. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı:

19.2.9. saxtalaşdırılmış malların ticarət dövriyyəsindən çıxarılmasını, bu malların istehsalı və satışı ilə məşğul olan şəxslərin müvafiq qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini təmin edir;

19.2.10. malların (xidmətlərin, işlərin) müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi, yaxud istehsalçı tərəfindən tövsiyə olunan qiymətlərlə satılmasına nəzarət edir;

19.2.12. satıcılar tərəfindən çəkidə, qiymətdə, hesablaşmalarda aldadılması, mallar barədə yalan məlumatlar verilməsi, satış şərtlərinin pozulması barədə alıcıların müraciətlərinə baxır və şikayətlərini araşdırır, onların nəticələri üzrə müvafiq tədbirlər görür;

19.2.13. malların (xidmətlərin, işlərin) istehsalı, ixracı, idxalı və satışı ilə məşğul olan şəxslərdən onların keyfiyyəti, qiyməti, satış şərtləri barədə məlumatlar alır;

Maddə 21. İstehlakçıların hüquqlarının pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasına görə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada mülki, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 26. İstehlakçıların hüquqlarının məhkəmə müdafiəsi

İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər”.

*** 

 

İndi keçirəm əsas məsələyə: bu sətirləri oxuyan hər biriniz kimi, mən də istehlakçıyam. Yaşadığım əraziyə ən yaxın bildiyim Xətai rayonunda (Sabit Orucov, ev-17c, 1188-ci məhəllə, Xətai rayon Prokurorluğunun qarşısı) yerləşən "Fresh Mart" marketidir deyə, lazımi tələbat mallarımızı bu mağazadan alırıq. Ay ərzində ən azı 100-150 manat, bəzən 200 manat xeyir veririk. Amma və lakin... Bu dəfə səbrim çatmadı: çünki artıq 4-cü dəfədir bu marketdən bu və ya digər mal alıram, vitrində qoyulan qiymətlə kassadan aldığım çekdəki qiymət arasında ikiqat fərqlə qarşılaşıram. Təbii ki, hər kəs mal alanda əvvəlcə onun qiymətinə baxır, cibinə uyğununu seçir. Mən də belə edirəm, cibimdəki puluma uyğun mal götürəndə isə artıq avtomatik olaraq ümumi məbləği hesablamış oluram. Yəqin ki, siz də elə.

Bu dəfə də aldadıldığımı bilib susdum ki, ortaya faktı qoyum. Yəni, foto-fakt olsun! Sonuncu dəfə xiyar turşusu, sonra smetan, indi də lak alanda aldadıldığımı gördüm. Belə ki, xanım əməkdaşımız sabahkı tədbirlə bağlı zəng vurub vaxtı soruşanda “Fresh Mart”da olduğumu bildi. Məndən xahiş etdi ki, ucuz lak olsa, ona məxməri rəngdə olanını  alım. Mən də fotosunu çəkib ona göndərdim, dedim ki, qiyməti də 90 qəpikdir. Bəyəndi, aldım. Kassadan aralanandan sonra isə məlum oldu ki, 1 manat 90 qəpik çıxılıb. Əməkdaşımıza zəng vurdum ki, yanlışlıq olub, 90 qəpik yox, 1 manat 90 qəpikdir. O isə bu qiymətə razı olmadığından istəmədi. Beləliklə, olduqca pərt vəziyyət yarandı. Axı göndərdiyim fotoda 90 qəpik birdən-birə necə 1 manat 90 qəpik ola bilərdi? Beləcə, mağaza pul, mən isə mənəvi ziyan qazandım.

 Yüzlərlə işçisi olan mağaza niyə hüquqi deyil, fiziki şəxs statusuna malikdir?

 “Fresh” ingilis dilində “təravətli”, “təptəzə” deməkdir. Böyük ticarət mərkəzidir, burada sənaye mallarından tutmuş, laka, coraba, torta, çörəyədək, hətta siçovul dərmanına kimi, hər şey satılır. Yəni, super-market həcmlidir. Amma kassa çekinə baxıram, yüzlərlə işçisi olan belə böyük bir mağaza Məhərrəmov Füzuli Gürşad oğlunun adınadır. Lap yaxşı. Deməli, mən də vurulmuş maddi və mənəvi ziyana görə məcbur olub Məhərrəmov Füzuli Gürşad oğlundan qanunla istehlakçıların hüquqlarını müdafiə edən müvafiq icra hakimiyyəti orqanına şikayət verib, ardınca da hüquqlarımı məhkəmədə müdafiə etmək üçün Xətai rayon Məhkəməsində iddia qaldırmalı olacağam... Və artıq vəkillərlə məsləhətləşdim, sabah müqavilə bağlayırıq.

*** 

  Mən qətiyyən istəməzdim ki, məlum səbəbdən (vergi dərəcəsinin hüquqi şəxslə fiziki şəxs arasında böyük fərqi var, ta yüzdən çox işçi ilə bağlanan elektron əmək müqaviləsi və bu müqavilə əsasında verilən əmək haqqından DSMF-yə, məcburi sığorta və işsizlikdən sığorta haqlarına ödənişlərədək) vergi orqanında qeydiyyatdan keçmiş fiziki şəxs Məhərrəmov Füzuli Gürşad oğlundan prokurorluq orqanına və məhkəməyə şikayət verim. Amma artıq adət halını almış bir qanunsuzluğun qarşısı alınmalıdır, ən azından ölkəmizdə bu sahədə bir presedent yaranmalıdır ki, istehlakçılar-vətəndaşlar hüquqlarını bilsinlər. Onsuz da gündən-günə qiymətləri istəklərinə uyğun qaldırırlar, susuruq, vaxtı keçmiş ərzaqları satırlar, dinmirik... Qiymətdə göz görə-görə aldadırlar, buna isə dözmək fikrim yoxdur. Ən azından, jurnalist vicdanım buna yol vermir.

 Onu da deyim ki, “Fresh-Mart”da alıcını-istehlakçını aldatmağın texnologiyası belədir: vitrində malın qiyməti ucuz yazılır, alıcı şirniklənib alır, pulunu verib gedir. Bəzən isə heç kassa çeki almırlar, yaxud çox ərzaq-mal alanda pulu kassadan aralanıb saymırsan ki! Yalnız diqqətli alıcı başa düşər ki, ortada aldatma var.

İkincisi, bəri başdan deyim, əvvəllər də bu mağazada oxşar fırıldaqçılığın üstünü açıb növbətçi administrator xanıma şikayətimi bildirəndə, bəhanə ediblər ki, guya mallara nəzarət edən işçilər qiyməti səhvən bu malın yox, o biri malın qarşısına qoyub və s.

Mən bu dəfə belə ənənəvi bəhanələr meydan sulamasın deyə, gün ərzində 3 dəfə həmin mağazaya girib qiymətlərə baxmışam, eyni mənzərədir-90 qəpik! Üstəlik, orada başqa qiymətə olan lak da yoxdur ki, aldanıb bunu alaydım, hamısı 90 qəpik idi (fotolarda görünür). Yəni, belə yazmışdılar.

SONDA: bir neçə dəfə şahid olmuşam: “Fresh Mart”ın sahibi kimdirsə, Məhərrəmlikdə, daha dəqiq, Aşura günündə pulsuz çörək paylayır... İndi düşünürəm, siz də düşünün, ola bilər inanclı insandır, hacıdır, kərbəlayidir, məşədidir... Olsun! Amma bu tərəfdə alıcını aldat, o tərəfdə Peyğəmbərin nəslinin qətl günündə pulsuz çörəklə ehsan ver və savab qazan?!

A.Məmmədli

P.S.Bu yaxınlarda elektron mediada sübutlarla o da yazılmışdı ki, “Fresh Mart”ın vitrinlərini Ermənistan istehsalı olan şokoladlar bəzəyir və s. Bunu da elə-belə dedim...

(Foto müəllifindir)

 


GÜNDƏM

Jurnalistler


IMAGE
Həftəbecər
Tuesday, 30 November 2021
By Elçin Məmmədli

Vizual Xəbərlər

Video Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA