Mərkəzi Nəbatat Bağının  inkişafı üçün dövlət büdcəsindən ayrılmış pulların mənimsənildiyi, bağın ərazisindən şəxsi maraqlar üçün istifadə edildiyi məlum olub. Hələ bu azmış kimi, bağın ərazisində iki qanunsuz ev belə inşa edilib...  

Qeyd edək ki, AMEA Rəyasət Heyəti Aparatının Daxili nəzarət və audit şöbəsinin Mərkəzi Nəbatat Bağında apardığı yoxlamalar nəticəsində müəssisədə bir sıra qanunsuzluqlar aşkarlanıb.

AMEA-dan bildirilib ki, keçmiş rəhbərlik tərəfindən yeni ağacların əkilməsi üçün heç bir təşəbbüs göstərilməyib, aqrotexniki qulluq olunmayıb, suvarma sisteminin düzgün təşkil edilməməsi səbəbindən əksər ağaclarda quruma prosesi sürətlənib. Nəbatat Bağının inkişafı və quruculuq işləri üçün dövlət büdcəsindən ayrılmış vəsait mənimsənilib. Eləcə də Bağın imkanlarından şəxsi maraqlar üçün istifadə olunub, bu quruma məxsus ərazidə iki qanunsuz ev inşa edilib. Hazırda bu tikililərin hüquqi yollarla sökülməsi üçün müraciət olunub.

AMEA-nın Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev qeyd edib ki, Daxili nəzarət və audit şöbəsinin yoxlaması nəticəsində ortaya çıxan qüsur, qanunsuzluq və mənimsəmələrlə bağlı arayış tərtib olunub: “Şöbə tərəfindən həyata keçirilmiş yoxlamaların əks olunduğu, sabiq direktor tərəfindən də imzalanmış arayış zərurət yarandıqda ictimailəşdirilə bilər”.

N. Allahverdiyev AMEA Rəyasət Heyətinin qərarı ilə oktyabrın 6-dan etibarən Bağın baş direktoru vəzifəsinə təyin olunduğunu bildirib.

***

Bəli, biz indiyədək paytaxt Bakının bir çox ərazilərində qanunsuz  tikintilər aparıldığının, evlər tikildiyinin şahidi olmuşuq, lakin əsası 1932-ci ildə qoyulmuş, o zamankı Botanika bağının ərazisində bu gün qanunsuz evlər tikiləcəyini isə, heç ağlımıza belə gətirə bilməzdik.

Xatırladaq ki, Bakı şəhərində ilk dəfə olaraq Botanika bağının yaradılması haqqında təkliflər 1930-cu illərdə irəli sürülmüşdü. O vaxtlar Bakı şəhəri iri neft sənayesi və respublika mərkəzi kimi abadlaşdırılmalı və yaşıllaşdırılmalı idi. Botanika bağının elmi-tədqiqat müəssisəsi olması ilə əlaqədar olaraq 1932-ci ildə o zamankı SSRİ Elmlər Akademiyasının Zaqafqaziya filialının Azərbaycan şöbəsinin botanika bölməsində P.V.Kovalskaya-İlinanın rəhbərliyi altında yaşıllaşdırma bölməsi təşkil olunub və bu bölmədə bitkilərin örtülü və açıq şəraitdə becərilməsi işinə başlanılıb.

 Qeyd edək ki, AMEA Rəyasət Heyətinin “Botanika bağının fəaliyyətinin yaxşılaşdırılması haqqında” 04 fevral 2000-ci il tarixli 7/2 saylı qərarı ilə Botanika bağı Botanika institutunun strukturundan ayrılaraq Biologiya Elmləri Bölməsinin nəzdində sərbəst elmi-tədqiqat müəssisəsinə çevrilib. AMEA Rəyasət Heyətinin 22 noyabr 2000-ci il tarixli 22/9 saylı qərarı ilə Nəbatat bağının adı dəyişdirilərək «Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Nəbatat Bağı» adlandırılıb - bağın nizamnaməsi, elmi şurası və elmi strukturu təsdiq edilib.

Y.MƏMMƏDLİ