booked.netbooked.net booked.net  

Aylar ötdü, il dolandı...

Dərdi dinmədi anaların... Gözləri kirimədi... Yaraları sağalmadı...

İçindən yandı analar, tüstüsüz yandılar... İçin-için yandı analar...

Torpağın yarası sağaldı... Vətən yarası bayraqla sarına bilir axı, amma övlad yarasını qaysaq tutmur... Dünyanın heç bir bayrağı, azad olan torpağı o yaranı sarıya bilmir. Bu dünyada canının parçasının itkisini örtə biləcək böyüklükdə bayraq yoxdur!

Aylar ötdü, il dolandı...

Ananın gözləri hələ də yol çəkirdi...

Başqa bir dərdi yoxdu, Oğul dərdiydi dərdi...

Sorurdu balam hanı?! Hər cəbhədən gələndən... - 

...İnanmırdı... İnana bilmirdi... İnanmaq istəmirdi... Bu dünyanın ən böyük həqiqətini dərk etməyə ürəyi yol vermirdi... Ana ürəyiydi axı...

***

Kəndin Şəhidlər xiyabanında yeganə bir məzar ucalırdı... Yeganə Ananın dünyalara sığmayan balası uyuyurdu o şəhid məzarlığında... Taleyi yarımçıq, sevgisi yarım, dünya boyda ürəyində bir dünya arzuları qalan Azəri uyuyurdu o yeganə məzarda... 

***

Ölüm - ürəyimizin dərk etməyə gücü çatmadığı ən acı gerçəkdi... Ölüm bu dünyadakı ən böyük həqiqətdi... Mən o həqiqəti qananda çox körpə idim... Allah körpə yaşıma - uşaqlığıma necə qıymışdı, hələ də anlaya bilmirəm. Özümü qanandan həmişə ətrini doyunca qoxlaya bilmədiyim gözəl anamın doğmalarını ziyarət edib mənə anamı anlatmalarını istəyəcəyimi xəyal edirdim. Anamın şəkillərindən gülərüzlə boylanan bir xanım vardı... Yeganə xanım... Mənim üçün Yeganə xanım çox şeyin adı idi... doyunca yaşaya bilmədiyim uşaqlığımın - Anamın yadigarı idi, ən ülvi hissləri bölüşə biləcəyim ünvan idi... İçimdə sözlə izaholunmaz bir arzum vardı ki, bir gün o Yeganə xanımın ziyarətinə gedəcək, başımı dizinə söykəyib mənə anamdan danışmasını rica edəcəkdim... O, mənim üçün anamın sirli xatirə dəftəri idi... O, mənim üçün Anamın ətrini duya biləcəyim, qoxusunu ciyərlərimə çəkə biləcəyim ünvan idi... Mən Yeganə xanımın xatirələri ilə ovunmaq istəyirdim, bir az aldatmaq istəyirdim özümü bu yalan dünyada... İnsan bəzən elə bir məqama yetişir ki, xatirələr ona həyata tutunmaq, yaşaya bilmək üçün böyük təsəlli olur. 

Hardan biləydim ki, içimdə heç korşalmayan Ana yarama həmdəm bildiyim bir adama bir gün bütün varlığımla məlhəm olmağa çalışacam... həyata tutunmaq üçün xatirələrini dinləyib ruhuma köçürməyə ehtiyac duyduğum bir adamın heç olmasa azacıq da olsa, həyata tutuna bilməsi üçün xatirələr yazmağa çalışacam...

Adam bəzən elə acı bir gerçəyin içinə düşür ki, sözə çevirib dilinə gətirməyə gücü çatmır... Yeganə xanım mənim həyata tutunmaq üçün təsəlli yerim olacaqdı... İndi mən ona bütün qəlbimlə təsəlli olmağa can atıram...

İnsan ən böyük həqiqətini itirəndə onunla bərabər bütün dünya rəngini, dadını, mənasını itirir. Gedənlər təkcə özləri getmir ki?! Hər şeyimizi özləriylə aparırlar... Gözgörəti yaşayırsan, quruca nəfəs kimi, gen dünya ömrünə qəfəs kimi... 

Oğul böyütmüşdü Yeganə Ana... Nazim əmiylə əl-ələ verib min bir zəhmətlə iyid bir oğul böyüdüb ərsəyə gətirmişdilər. İşıqlı gələcəyinə tükənməz ümidlə, nə böyük arzularla... Həm anası, həm müəlliməsi olmuşdu Azərin. Əqidəli, sağlam təfəkkürlü, ləyaqətli bir övlad böyütmüşdü. Hərbi xidmətə yola salmışdı, arxasınca su səpmişdi, Allaha əmanət etmişdi... Sonra Azər işə yollanmışdı. Ən böyük arzusunun arxasınca qoşmuşdu, hərbçi kimi Dövlət Sərhəd Xidmətində addım-addım ucalmağa başlamışdı... Ana-bala vidalaşıb ayrılmışdılar, Yeganə Ana yenə də Allaha əmanət etmişdi balasını...

Vətən sevdalı böyümüşdü Azər.. Vətən sevgisi ürəyinə ata nəvazişi, ana şəfqəti ilə bərabər hopmuşdu sanki... Elə ona görə də dar gündə hamıdan qabaq Vətənin harayına yetişmişdi. Bu dəfə heç ata-anasına deməmişdi gedəcəyini, bu dəfə heç Yeganə ana balasının arxasınca su ata bilməmişdi...

Nahaq yerə demirlər ki, “Oğul düşmən çəpəridir.” O müqəddəs savaşda bütün varlığıyla bunu sübuta yetirdi Azər... Vətənin hər qarışını qorumaq üçün kürəyini çəpər, sinəsini sipər elədi düşmən həmlələrinin qarşısında... Son nəfəsinə, sonuncu gülləsinə qədər çəpər kimi dayandı düşmənin qabağında... Bu cavan ömrünü ər kimi yaşadı... Anasının arzularını gözündə, gözünü yollarda qoydusa da, milyonların ürəyindəki Vətən yarasına yaralı canıyla, qanıyla məlhəm oldu...

İndi Azər milyonların ürəyində müqəddəs bir ünvana - könüllərdə dastana dönüb... İndi ona saysız-hesabsız analar və ən əsası Vətən böyüklükdə Ana - Ana Vətən “Oğul!” deyir...

Ən böyük amalı da bu deyildimi Azərin?! Özünü qanandan “Vətən mənə “Oğul!” desə nə dərdim?! amalı ilə yaşamırdımı?!...

Ən böyük arzusuna qovuşdu Azər, ürəyindəki ən müqəddəs amalına yetişdi, ən uca məqama yüksəldi...

Ömrünü xarıbülbülün ömrünə, min rəngə çalan gəncliyini üçrəngli bayrağa caladı...

İndi Yeganə Ana Azəri uğruna canından keçdiyi Vətən torpağına əmanət edib...

İndi Azərin bəylik paltarının yerinə hərbi mundiri asılıb...

İndi Yeganə ananın ümidlərinin üstündə Azərbaycan bayrağı ucalır... Dörd aydır ki, Yeganə Ananın gözləri yol çəkir...

Gücüm çatsa, ayaqlarımın getməyə cəsarəti çatsa, bir gün Yeganə Anamın ziyarətinə gedəcəm. Anam qoxuyan, anamın xatirələrini ürəyində, yaddaşında daşıyan, anamın mənəvi bacısının ünvanına gedəcəyəm... Oğlunun mənəvi bacısı kimi... - Oğlunun xatirələrini ruhuna köçürən bir adam kimi... ürəyimdə bir dünya sözlə Yeganə Anamın ziyarətinə gedəcəyəm... lal bir sükutla susmağa... ürəyimi boşaltmağa... başımı dizlərinə söykəyib qələmimlə yaza bilmədiyim nisgili, sözlərimlə ruhumdan qopara bilmədiyim kədəri gözlərimdən axıtmağa...

Xəyalə ZƏRRABQIZI

filologiya üzrə fəlsəfə doktoru

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN