Son vaxtlar qalmaqallı informasiyalarla diqqətdə olan PA-nın sabiq şöbə müdiri Əli Həsənov bu dəfə fotosu əks olunan xalça ilə gündəmə gəlib.

Yerli mətbuatın xəbərinə görə, bu haqda məlumatı özünün facebook səhifəsində portretxalca.az saytı yayıb və ona minnətdarlığını bildirib: “Müştərimizə bizə etibar etdiyi və paylaşıma icazə verdiyi üçün təşəkkür edirik”.

Bundan əlavə PA-nın keçmiş şöbə müdirinin şəxsiyyətinə olan “həssaslığı” əvvəllər də dəfələrlə özünü büruzə verib. Hələ vəzifədə olduğu dövrlərdə Əli Həsənovun media üzərindəki təsirindən özünü təriflətmək üçün istifadə etdiyi ilə bağlı da bir sıra iddialar mövcuddur.

Eyni zamanda, Əli Həsənovun vəzifədə olduğu dövrlərdə öz trol ordusundan vaxtaşırı bu cür hədiyyələr alması da sirr deyil. Lakin indiki situasiyada bu addımın birbaşa Əli Həsənovun özü tərəfindən atılması daha real görünür. Belə ki, Əli Həsənov son dönəmlər gündəmdə qalmaq üçün müxtətəlif yollara əl atması aydın şəkildə sezilməkdədir. Ələxsus da, xalça ilə bağlı paylaşıma özünün icazə verməsi ilə bağlı qeyd olunan fikirlər bu iddianın doğru olması ehtimallarını daha da artırıb.

Ümumilikdə isə, Əli Həsənovun üzərində fotosu əks olunan xalça toxutdurmasını PA-nın sabiq şöbə müdirinin gündəmdə qalmaq üçün atdığı növbəti addım kimi qiymətləndirə bilərik.

Qeyd edək ki, Əli Həsənovun adı son dönəmlər daha çox jurnalistlər üçün tikilən binada yol verilən yeyintiyə görə həbs edilən KİVDF-nin keçmiş sədri Vüqar Səfərlinin cinayət işində hallanır.

Bundan əlavə, sözügedən mövzunun geniş müzakirələrə səbəb olmasından sonra Əli Həsənov özünün “facebook” hesabını da dondurub.

E.ŞİRİNOV