booked.netbooked.net booked.net  

Hər gün onlarla narkomanın həbs edilməsi gələcəyimizin nə dərəcədə təhlükədə olduğuna bir işarədir…

…Məşhur bir Şəki lətifəsi var: bir gün Hacı dayını Şəki Hərbi Komissiarlığına çağırırlar ki, gəl get müharibəyə… Deyir, gedib neyliyəcəm? Başa salırlar ki, gedib nemesləri güllələyəcəksən… Hacı dayı etiraz edir:

-Mən radioda hər gün öldürülən nemesləri saymışam, müharibə başlayandan ta dünənə qədər şanlı Sovet ordusu bütün nemesləri qırıb qurtarıb, mən gedib kimi güllələyəcəyəm???

***

DİN-nin Mətbuat Xidmətinin rəhbəri Elşad Hacıyevin fb səhifəsindəki kriminal məzmunlu statuslarını hər gün izləyirəm, düzdü, saymamışam, amma təxmin edirəm ki, belə getsə, bir-iki ildən sonra Azərbaycanda narkoman olmayan qalmayacaq. Həqiqətən də faciədir…

 Niyə narkomanların və narkomaniyanın kökü kəsilmir???

 …Təkcə bu yazını qələmə alanda yenidən bir daha E.Hacıyevin statuslarına baxdım: «…Lənkəranda Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti ardıcıl əməliyyat-axtarı tədbirləri ilə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər saxlanılaraq istintaqa cəlb edilib. Onlardan 5 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. Aparılan əlavə əməliyyat-axtarış tədbirləri ilə həmin şəxslərdən 3 nəfərin oğurluq əməlləri törətməsi da məlum olub…».

Təsəvvür edirsinizmi, bu xəbərdən iki saat sonra E.Hacıyevin statusunda daha bir qanqaraldan cinayət əməli iştirakçıları barədə məlumat yayımlanmışdı: «…Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirimiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib… Ötən sutka ərzində Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 51 nəfər müəyyən edilərək  saxlanılmışdır… Polis narkotik vasitələr satmaq istəyən şəxslərə qarşı Qaradağ və Beyləqan rayonlarında əməliyyatlar keçirib. Şübhəli şəxslərdən ümümi çəkisi 10 kiloqramdan artıq heroin aşkar olunaraq götürülüb…».

 Diqqət edirsinizmi, bir sutkada 51 nəfər narkotiklə tutulub. Onlar satan və istifadə edənlərdir. Ələ keçməyənlərin orta statistik sayını özünüz müəyyən edin. 51 nəfər cinayətkarı vurun ayın 30 gününə, onu da 12 aya (ilə) = 18360 nəfər! Təsəvvür edin, bunlar təkcə narkocinayətkarlar deyil, bunlar Azərbaycanın düşünən beynindən, döyüşəcək əsgərindən, elm öyrənəcək gənc nəslindən, ölkəmizi xaricdə-daxildə qürurla təmsil edəcək sayımızdan çıxılan bədbəxt statistikadır!!!

 Bəs onların zəhərlədiyi ətrafı? Onların sayı nə qədərdir? Və biz bu say ilə hara gedirik, bilirsiniz? Və bilirsinizmi ki, məhkəmələrdə boşanan qadınlarımızın (son illər nikaha girənlərimizin təxminən üçdə biri boşanır) əksəriyyəti ərinin narkoman olmasını sübut kimi qoyur ortaya…

 Yaxşı, bəs biz narkomanların, yoxsa  narkomaniyanın kökünü kəsməliyik???

 Azərbaycanın daxili işlər orqanlarının son illər narkomaniyaya qarşı apardığı mübarizəsi əvəzolunmazdır… Cəmiyyətimiz də bu mübarizəyə dəstək verir, amma nədən bu statistika azalmır??? Bəlkə biz narkomaniyaya deyil, narkomanlara qarşı mübarizə aparırıq, ona görədir!?

Tanınmış QHT rəhbəri Mirvari Qəhrəmanlı bu məsələdə maraqlı mövqeyə malikdir:

-Narkomaniya cəmiyyətimizi, gələcəyimizi və gənclərimizi… məhvə aparan bir bəladır. Təəssüflər olsun, bu qədər mübarizə aparılsa da, say baxımından azalma müşahidə olunmur. Virus kimi insanlar arasında yayılmaqda davam edir. Təəssüfedici hal isə budur ki, saxlanılan narkocinayətkarlar məhkəmə hökmü ilə cəzandırılırlar və həbsdən çıxandan sonra yenidən eyni əməli nəinki təkrar, 3-5 qat təkrar törədirlər… Deməli, hüquqi müstəvidə aparılan mübarizədən sonra da onlar islah olunmurlar. Bu o deməkdir ki, həbs cəzası və ya azadlıqdan məhrumetmə də kara gəlmir. Bu həm də o deməkdir ki, fərqli mübarizə üsulu seçilməlidir…

 «Həbsxanalarda islaholunma olduqca aşağı səviyyədədir…»

 Tanınmış hüquqşünas-ekspert, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev deyir, ən pisi odur ki, nəinki narkomanlar, eləcə də digər cinayət törətmişlər həbs düşərgələrində islah olunmurlar, əksinə, sanki peşəkarlaşırlar bizim həbsxanalarda, bu məsələ sıfır səviyyəsindədir. Siz təkrar cinayət törədənlərin statistikasına baxın, həbsdən çıxıb dəfələrlə təkrarən cinayət törədənlər var… Məhkəmənin hökmü sosial ədalətin bərpasına xidmət edir. Məhkəmə öz qərarını elan edir, amma məhbusun islah olunması penitensiar xidmətin öhdəsinə düşür. Təkrar edirəm, bu iş hansı səviyyədədir, bunu təkrar cinayət törətmiş keçmiş məhkumların sayından və törətdikləri əməllərin növündən bilmək olar…

 «Narkotika istehsalı bazarı Azərbaycanda yoxdursa, bəs ölkəmizə haradan gəlir???»

 Həmsöhbətimiz daha bir vacib məsələyə toxundu:

-Bilirsiniz ki, Azərbaycan nə Əfqanıstandır, nə Kolumbiya, nə Meksika, nə də İran və s. Az miqdarda narkotik vasitələr kultivasiya, yəni becərmə ilə əldə edilir, polis orqanları da mümkün qədər üstünü tez aça bilir, çünki bu cür becərmə görünür, gizlətmək asan deyil. Amma ən təhlükəli kimyəvi narkotik vasitələr olan heroin və digərləri Azərbaycana kənardan gəlir. Ölkəyə isə sərhəddən və gömrük məntəqələrindən daxil olur. Sərhədimiz və gömrük məntəqələrimiz etibarlı qorunmalıdır… O ki qaldı narkomanlara və narkomaniyaya qarşı daha fərqli, islaha yatımlı mübarizəyə, bu yük həm də cəmiyyətimizin üzərindədir. Ailədə, məktəbdə, ali təhsildə, adi həyatda hamımız diqqətli və mübariz olmalıyıq. Valideynlər övladlarının tanımadıqları kənar şəxslərlə təmasdan qorumalıdırlar… Təkrar edirəm, ictimai nəzarət narkomaniyadan mühafizədə böyük rol oynaya bilər, amma ən vacibi, bu narkotikanın daxil olma mənbəyi aşkarlanmalı, qarşısı alınmalıdır…

 Təkrar cinayət törətmədə narkomaniyanın xüsusi çəkisi qanqaraldıcıdır…

 Statistikaya baxıram, məsələn, 1993-cü ildə 18145 cinayət törədilib ki, bunun 1348-i narkotika ilə bağlı olub. Həmin il 10782 nəfər məhkum edilib ki, onların isə 1267-i narkotika ilə bağlı olmuşdur.

Həmin statistika illər üzrə belədir:

-2000-ci il: 13958 cinayət törədilib, onun 1989-u narkomaniyaya bağlıdır və həmin il 14605 nəfər törətdiyi cinayətlərə görə məhkum olunub, onların da 1658-i narkotiklə bağlıdır;

-2010-cu il: 23010 cinayət, 3049 narkotika, 14312 məhkum, 2569 narkomaniya;

2020-ci il: -26004 cinayət hadisəsi, 4832 narkotika, 9946 məhkum və 3117 narkomaniya (2019-cu ildə 26672 hadisə, 4056 narkotika,  12945 məhkum, 3242 narkomaniya).

 Məncə, rəqəmlər nəticə çıxarmağa bəs edəndir.

 Bəs narkomanlar əvvəllər törətdikləri cinayətləri həbsdən sonra necə təkrarlayır?

  Bax, narkomaniyaya qarşı mübarizədə də bu məqam ən vacibidir. O mənada ki, narkoman həbs olunur, məhkəmə hökmünü elan edir və o, həbs düşərgəsinə göndərilir… Sonra cəzasını çəkməkdədir, dövlətimiz humanistlik edir, həbsxanadan bizim düşüncəmizə görə, islah olunmuş, tövbə etmiş keçmiş məhkum-Azərbaycan vətəndaşı çıxır… Düşünmək olar ki, vəssalam, o, artıq islah olunub, bir də bu əmələ könül verməz.

Amma deyir, sən saydığını say, gör o narkoman nə sayır!?

Budur, Dövlət Statistika Komitəsindən aldığım statistik məlumatlar bütün o xoş düşüncəmizi alt-üst edir. Belə ki, əgər 2015-ci ildə ölkə üzrə əvvəllər də cinayət törətmiş şəxslərin ümumi sayı 2726 olubsa, onların 873-ü narkomaniya ilə bağlı həbs edilmişlərdir.

Zəruri qeyd: ölkə üzrə illərdən bəri törədilmiş cinayətlərdə və məhkumlar arasında həmişə oğurluq üstünlük təşkil edib, ikinci yerdə təəssüflər olsun ki, daima narkotiklə bağlı cinayətlər durub. Amma acı da olsa, indi tərsinədir. Məsələn, 2019-cu ildə əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən 3458 cinayət törədilibsə, bunun 1085-i narkomanlar tərəfindən edilib. 2020-ci ildə isə bu rəqəm 1505 olub. Bir ildə təxminən çox 420 cinayət hadisəsi... Və təəssüflər olsun, bu rəqəm artımla davam edir. Kökü kəsilmir, sayı azalmır…

***

…Hamı bilməlidir ki, məhz bu say 10 milyonluq sayımızdan gedir, biz azalırıq və azala- azala da gələcəyə doğru gedirik. Gələcəyimizdən müğayat olun, yoxsa…

Asif MƏRZİLİ

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst. 6.3.4).

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN