...44 günlük Zəfər müharibəmiz nəinki Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmlətmiş oldu, həm də bölgədə tarix boyu işğalçılığı ilə özünü tanıtmış Ermənistanın nəyə qadirliyini də ortaya qoydu. Qonşularına torpaq və ərazi iddialı bu kökü bəlli olmayan millət, nəhayət, niyyətindən əl çəkməyə məcbur edilməkdədir. Qalır, köçkünlərin vaxtilə ermənilərin rus hərbçilərin köməyi ilə işğal etdiyi doğma Qarabağ torpaqlarına qayıtması. Buna isə çox az qalıb. Əslində isə, artıq yurda köç başlayıb…

***

 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad edilmiş ərazilərdə, ata-baba yurdlarında yaşamağı, qurub yaratmağı planlaşdıran məcburi köçkünlərin fikir və duyğularının yer aldığı videoçarxlar hazırlayır. Komitədən «Təzadlar»a bildirilib ki, Vətən həsrəti bitən həmvətənlərimiz hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduqlarını bildiriblər.

 

Qeyd ediblər ki, dövlət başçısının rəhbərliyi ilə məcburi köçkünlərin geri qaytarılması üçün işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən kompleks tədbirləri yaxından izləyirlər. Görülən işlər nəticəsində tezliklə oranın məcburi köçkünlərin layiqli yaşayışı üçün əlverişli vəziyyətə gətiriləcəyini ifadə ediblər. Video-çarxlarda müxtəlif peşə sahibi olan məcburi köçkünlər öz peşəsi barədə məlumat verib, fəaliyyətlərini bundan sonra işğaldan azad olunmuş yerlərdə davam etdirəcəklərini, doğma yurdlarının ən abad guşələrdən birinə çevrilməsi üçün gənclərin də dəstək verməsinin əhəmiyyətini qeyd ediblər. Videolayihə əsasında çəkilişlər davam etdirilir.

Həmin videoçarxa «Tezadlar TV»(TTV)nin YouTube səhifəsində izləyə bilərsiniz.

A.Məmmədli