booked.netbooked.net booked.net  

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Mahir Əsədli sənədli evin altındakı torpağı başqasına vermək üçün hansı qanun pozuntusuna gedir?

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Mahir Əsədlinin Qəbələ rayon sakini Namiq Aləmmədzadəyə məxsus və 20 ildir yaşadığı “kupça”lı evin altındakı torpağı “makler” Adil Kərimova verməkdə məqsədi nədir? Aşağıda həmin «məqsəd»ə aydınlıq gətiriləcək…

***

Haqsızlıqla üzləşmiş Qəbələ rayon sakini, Nizami küçəsi-35-də yaşayan Alməmmədova Nüşabə Mamed qızı «Təzadlar»ın redaksiyasına təşrif buyurmuşdu. Nüşabə xanımı dinlədikcə dəhşətə gəlirsən ki, sadə bir problemi 20 ilə yaxındır məhkəmələr yoluna qoya bilmir. Bu isə məhkəmə sistemində aparılan islahatlara kölgə salır. Yaxşı olardı ki, əvvəlcə Nüşabə xanımın Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya, Ədliyyə naziri Cənab Fikrət Məmmədova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova, surəti isə “Təzadlar” qəzetinin baş redaktoru cənab Asif Mərziliyə ünvanlanmış məktubu ilə sizləri də tanış edim, sonra fikrimizə davam edərik:

   “Hörmətli Asif müəllim!

Qəzetinizin bütün müraciətlərə həssaslıqla yanaşdığını, həmişə haqqı tapdalanan, hüququ pozulan insanların yanında olduğunuzu bilirik. 20 ildir ki, mənim də hüquqlarım pozulduğu üçün Sizə müraciət etmək qərarına gəldim. İnanıram ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyeva, Azərbaycan Respublikasının birinci vitse- prezdenti Mehriban xanım Əliyevaya, Ədliyyə naziri cənab Fikrət Məmmədova, İqtisadiyyat naziri cənab Mikayıl Cabbarova ünvanladıgım bu müraciəti həmin ünvanlara çatdıracaqsınız. 

Biz bir zəhmətkeş ailə və fədakar bir ana olaraq sizlərə səslənirəm. 2002 ci il aprelin 14- də Qəbələ rayon sakini Kərimov Adil Bədrəddin oğlundan həyətyanı torpaq sahəsi ilə birlikdə ev almışıq. Hazırda 20 ildir ki, o evdə yaşayırıq. Aydın məsələdir ki, həyət evi alınanda altındakı torpaqla birlikdə satılır. Bu müddət ərzində əlavə xərclər çəkib, yaşamaq üçün şərait yaratmışıq, Vətəninə vətəndaş, dövlətinin qulluğunda, Ali Baş Komandan Prezident İlham Əliyevin əsgəri olmaları üçün iki ogul böyütmüşük. Bütün Qəbələ rayonu bilir ki, A.Kərimov öz evini həyəti ilə bərabər Aləmmədzadə Namiq Rza oğluna satıb. Biz 20 ildir o həyətdə zəhmət çəkmişik, maddi- mənəvi əmək sərf etmişik. Bu 20 ildə Kərimovlar ailəsi Azərbaycanda yaşayıblar, kənara çıxmayıblar ki, biz onların torpaqlarını zəbt edək. Bu illər ərzində bir dəfə də olsun, deməyib ki, mən sənə təkcə evi satmışam, torpağı yox.

Hörmətli redaksiya!

Aqrar islahat gedən zaman mülkiyyət sahibi  həyat yoldaşım N.Aləmmədzadə olduğu halda bidiriş əvvəlki mülkiyyətci Kərimov Adilin adına gəlib. Amma biz bütün qanuni yolla A. Kərimovdan satdığı evi alıb, el adəti ilə də  halallaşmışıq. Bidiriş gələndə 20 il əvvəl satdığı evin yerləşdiyi torpağı həyat yoldaşım N.Aləmmədzadənin adına keçirmək əvəzinə, sankı  pusquda yatıbmış kimi, illərlə bu günü gözləyib. Mənim səsimi, ah-naləmi lazımı orqanlara çatdırmağı sizdən xahiş edirəm. Qoy bu iş kökündən araşdırılsın, bir ailənin məhv olmasına göz yumulmasın. Bizim məhkəməni bəzi hakimlər vicdanları ilə yox, şəxsi maraqlarını nəzərə alıb, qərarlar verirlər. Belə qərəzli qərarlar isə bir ailənin dağılmasına və məhvinə gətirib çıxarır. Bu ədalətsizlik isə, sonda cinayətlə nəticələnir. Haqsızlıq o yerə çatıb ki, həyat yoldaşım bu ədalətsiz qərarlardan bezib intihar etmək istəyir, eləcə də cıxış yolunu vicdansızlığa yol verən A.Kərimovu və bütün ədaləti bir kənara qoyub  haqsızı müdafə edən hakim Mahir Əsədlini Allaha və Prezidentə tapşırmaqda görür! Qoy cəzalarını Tanrı versin! Amma mən istəmirəm ki, mənəviyyatla bağlı belə ağır cinayət baş versin, övladlarım atasız böyüsün. Hakimlərin 20 illik  ədalətsizliyi bir insanı məcburən cinayətə sövq edir. Kərimov Adilin bu kimi əməlləri artıq bir çox insanları boğaza yığıb. Belə üsullarla neçə-neçə insanları evsiz qoyub. Sadə, zəhmətkeş vətəndaşlara hakimlərin əli ilə verdiyi zülm, əzabın sonu yoxdur. İndi də bizi evsiz-eşiksiz qoymaq istəyir. Kim durub bu adamın arxasında? Axı necə vicdanını sata bilər insan? Mən sizə sual verirəm, necə ola bilər ki, Kərimov Adil ev satır, amma evin altındakı torpağı yox? Bəs bu ev havadamı qalmalıdır, yoxsa biz xərc çəkərək paraşüt alıb evimizə düşməliyik?

Sizlərdən xahiş edirəm, bizim dərdimizə bir əlac edin. Çox hörmətli redaksiya, bir ananın səsi-harayı olun, bir Azərbaycan qadınının göz yaşlarına rəhm edin və bu müraciətimi aidiyyəti qurumların rəhbərlərinə çatdırın”.

 Bəs hakim doğrudanmı bilmir ki, ev altındakı torpaqla birlikdə satılır???

 N.Aləmmədzadnin bizə təqdim etdiyi məhkəmə materiallarından da açıq-aydın görünür ki, həyat yoldaşı Namiq Aləmmədzadə və Nüşabə xanımın özü uzun illərdir rastlaşdıqları haqsızlıqla mübarizə aparırlar. Nüşabə xanımın üz-gözündən də görünürdü ki, artıq mənəvi cəhətdən yorulub. Bizimlə də, ona görə bir az ümidsiz danışırdı. Bu xanımda artıq Azərbaycan hakimlərinin ədalətliyinə heç bir inam qalmayıb. Söhbətimiz zamanı dönə-dönə vurğuladı ki, bu hakimlər niyə haqqı-nahaqqa qurban verirlər: “…20 ildir mən haqlı olduğumu sübut edə bilmirəm. Bu təkcə bizim ailəyə qarşı olan haqsızlıq deyil. Axı məhkəmələr dövlətin adından qərar çıxarırlar. Belə çıxır ki, bu haqsızlığı mənə dövlətimiz edir? Bu hakimlər qərar çıxaranda bəs niyə dövləti fikirləşmirlər? Özləri də bilə-bilə ki, haqsız qərar çıxarırlar. Ev torpağın üstündə tikilməlidir, havadan aslı qalmalı deyil axı. Ancaq Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Mahir Əsədli elə düşünür ki, əgər ev satılıbsa, altındakı torpaq satıla bilməz. Yəni, mən qaldırıcı kran gətirib, evi qaldıraraq, havada saxlamalıyam. Mahir Əsədlinin hakim kimi çıxardığı qərar məhz bunu diqtə edir. Bu cür hakimlərin əsas məqsədi xalqı dövlətdən və Prezidentən narazı salmaqdır. Ancaq biz dövlətimizdən heç vaxt narazılıq etmirik, 44 günlük savaşla 30 illik işğala son qoyan, qalib Ali Baş Komandan, Prezident cənab İlham Əliyevə böyük hörmət və sayğımız var. Prezident seçkilərində biz ailəlikcə cənab İlham Əliyevə səs vermişik. Amma biz yaxşı bilirik ki, bu haqsızlıq ayrı-ayrı fərdlərin özbaşınalığıdır. Əgər vaxtında ədalətli qərarlar qəbul etsəydilər, bu gün belə haqsızlıqlar ortaya çıxmazdı. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Mahir Əsədli kimi işinə biganə yanaşan hakimlər olmasaydı, qanunlarımız bu qədər biabırçı günə düşməzdi. Təsəvvür edin, 20 il bundan qabaq Kərimov Adil adlı vətəndaşdan ev və torpaq sahəsi almışıq, o evdə uzun illər yaşamışıq, müxtəlif təmir işləri görmüşük. Uşaqlarımız o evdə böyüyüb. Amma günlərin bir günü Kərimov Adilin yadına düşür ki, mən torpağı yox, evi satmışam və torpağı özünə qaytarmalıyıq. Axı bu gülünc bir iddiadır və heç vaxt inanmazdıq ki, bu gülünc iddiaya Mahir Əsədli kimi hakimlər qanuni don geyindirəcəklər. Bu isə hüququ gözdən salmaqdan başqa bir şey deyil”.

Nüşabə xanımın sözlərindən və məhkəmə materiallarından aydın olur ki, Qəbələ sakini olan Adil Kərimov heç bir yazılmış və yazılmamış qanunlara məhəl qoymadan, həm də görünür kiməsə arxasını söykədiyindən, evin altındakı torpağı geri tələb edir. Özü də 20 il keçəndən sonra. Bu nə qədər qanuni və ədalətlidir? Əlbəttə, qanunları Mahir Əsədli kimi hakimlər “yaxşı” bilirmiş. Ona görə də qərar çıxarıblar ki, evin altındakı torpaq Kərimov Adilə qaytarılmalıdır. Ancaq evin havadan necə asılı qalacağı barədə isə Mahir Əsədli çıxardığı qərarda heç nə yazmayıb. Yəqin hakim M.Əsədli məşhur “Up-Yuxarı bax” cizgi filminə uşaq vaxtı çox baxıb. Yadında qalıb ki, yaşayış evinə minlərlə şar bağlayıb onu həm havada saxlamaq, həm də istədiyi ərazidə torpağa endirmək olar. Görünür, evin altındakı torpağın Kərimov Adilə qaytarılması barədə qərar çıxaranda, Nüşabə xanıma və yoldaşı Namiq bəyə həmin evə şarları bağlayıb, havadan asılı vəziyyətdə saxlamaq barədə tövsiyə etməyə utanıb. Siz buna elə belə baxmayın. Hakim Mahir Əsədli qanunları pozanda əjdahaya dönür, amma kimsəyə nəyisə tövsiyə etməyə çox utanır. Neyəyək, bu kişinin də xasiyyəti belədir dəə...

***

 N.Aləmmədzadənin bizə təqdim etdiyi sənədlərdən görünür ki, 20 ildir yaşadıqları fərdi yaşayış evinə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 14.12.2016-cı ildə 0976292 saylı çıxarış da alıb. Eyni zamanda həmin tarixdə fərdi yaşayış evinə texniki pasport da verilib. Görəsən, o boyda dövlət qurumları evə çıxarış və texniki pasport verəndə evin altındakı torpağadamı sənəd verməli idilər? Gülməli deyilmi?

Maraqlıdır ki, 13 noyabr 2014-cü ildə Qəbələ Rayon Məkəməsində hakim Vahid Sadıqovun sədrliyi ilə keçirilən iclasda qanunun aliliyini rəhbər tutaraq düzgün qərar çıxarmışdır ki, ev bütün qanuni sənədləri ilə birlikdə Namiq Aləmmədzadəyə məxsusdur. Amma Şəki Apellyasiya Məkəməsinin Mülki Kollegiyasının hakimi Mahir Əsədli isə başqa cür düşünür. Onun çıxardığı qərarı oxuyanda adam dəhşətə gəlir və az qalır düşünsün ki, Qəbələ Rayon Məhkəməsinin hakimi Vahid Sadıqov sən demə, vətən xaini imiş. Halbuki bu hakim tam haqq-ədaləti qoruyaraq qərar çıxarmışdır. İndi görün, Şəki Apellyasiya Məhkəməsinin hakimi Mahir Əsədli ona sərf etmədiyindən, bütün etik normaları pozaraq həmkarı olan Qəbələ Rayon Məhkəməsinin hakimi Vahid Sadıqov barədə  özünün 05 may 2022-ci il tarixdə çıxardığı məhkəmə qətnaməsində nələr yazıb: “Qəbələ Rayon Məhkəməsinin hakimi heç bir məhkəmə araşdırması aparmadan, onların məhkəmə iclasında iştirakını təmin etmədən, tərəflərin hüquq bərabərliyi, çəkişmə prinsipini pozaraq, 13 noyabr 2014-cü il tarixli 2(025)-979/2014 saylı qətnaməsi ilə iddiaçı Aləmmədzadə Namiq Rza oğlunun onlara qarşı iddia tələbini təmin edərək “iddia təmin edilmiş, cavabdehlər Adil Bədrəddin oğlu Kərimov, Xatirə Abubəkir qızı Kərimova, Elnurə Adil qızı Kərimova, Elvin Adil oğlu Kərimov və Elnur Adil oğlu Kərimovun ümumi paylı mülkiyyətinə 0, 03 ha həyatyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr etibarsız hesab edilməsi” qət edilmiş, həmin qətnamənin surəti onlara verilmədən icraya yönəldilərək icra edilmişdir”.

Belə yerdə deyiblər ki, “öz gözündə tiri görmür, başqasının gözündə tük axtarır”.

Göründüyü kimi, hakim Mahir Əsədli öz həmkarını az qala güllələyib, öldürür. Belə çıxır ki, ədalətli hakim yalnız özüdür. Daha fikirləşmir ki, Qəbələ Rayon Məhkəməsinin hakimi olduqca ədalətli qərar çıxarmış və bu heç kəsdə şübhə doğurmur. Amma evin altındakı torpağın özəlləşməsinə dair ayrıca qərar çıxaran Mahir Əsədlinin qətnaməsinə isə, bişmiş toyuğun da gülməyi gəlir. Yəni, hakim olaraq, qanunlara etinasız yanaşmaq, məhkəməni nüfuzdan salmaq M.Əsədli üçün bu qədərmi asandır? Axı o dövlətin adından qərar çıxardır və bununla da düşünülmüş şəkildə vətəndaşları dövlətdən narazı salır. Bir nəfərin hansı maraq naminə çıxardığı belə ədalətsiz qərar, nəticədə gedib Avropa Məhkəməsinə çıxır və dövlətimiz müxtəlif məbləğdə cərimələnir. Hakim Mahir Əsədli çox gözəl bilir ki, həmin cərimələr onun cibindən çıxmayacaq. Necə deyərlər, mal özgənin, can özgənin. Əsas odur ki, Mahir Əsədli kimlərisə razı sala bilsin. Qanunsuz olaraq M.Əsədlinin 05 may 2022-ci ildə çıxardığı qərarın nəticə hissəsinə baxaq: “...Hazırki qərardad Kərimov Adil Bədrəddin oğlu, Kərimova Xatirə Abubəkir qızı, Kərimova Elnurə Adil qızı, Kərimov Elvin Adil oğlu və Kərimov Elnur Adil oğlunun ümumi paylı mülkiyyətində 0,03 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 G saylı və 0,07 ha həyətyanı torpaq sahəsinin verilməsi barədə JN-839 F saylı “torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr”in yenidən verilməsi üçün əsas hesab edilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz”.

***

Hörmətli Mahir müəllim, niyə qərardaddan kassasiya şikayəti verilə bilməz? Yəni, sizin çıxardığınız qərar o qədər qanunun aliliyinə riayət edir və o qədər müqəddəsdir ki, əlavə şikayətə ehtiyac yoxdur? Amma hakim kimi çıxardığınız qərar bütöv bir ailənin məhvinə yönəlib. 20 ildir evinin altındakı torpaqla mübarizə aparan Aləmmədzadələr ailəsi bu səbəbdən evsiz qalmaq məcburiyyətindədir. Məgər evin altındakı torpaq palaz-zaddır ki, dartıb evin altından çıxarasan, ev də quru yerdə qalsın? Məhz sizin belə “ədalətli”  qərar nəticəsində ailə çöllərə düşməlidir. Halbuki aldığımız məlumata görə, Adil Kərimova heç o torpaq lazım da deyil. Sadəcə bu adam torpaq alverçisi, yəni maklerdir, vəssalam. Bu, özlüyündə hər şeyi deyirmi? Demirsə, onda Adil Kərimovun necə firildaqçı oduğunu göstərən bircə faktı diqqətə çatdırıram. Aldığımız dəqiq məlumata görə, 2017-ci ildən A.Kərimovun bütün hüquqlarını qoruyan bir hüquq müdafiəçisi olub. Özü də bu hüquq müdafiəçisi ilə çox yaxından dost olublar. Günlərin bir günü A.Kərimov illərin dostu olduğu həmin hüquq müdafiəçisini də pis vəziyyətə qoyub, yəni ona da “atmağı” qərara alır. Bir iş qurmaq adı ilə A.Kərimov həmi hüquq müdafiəçisinin etibarından sui-istifadə edərək ondan külli miqdarda pul alır və qaytarmağı “unudur”. Beləliklə, həmin hüquqşünasla aralarında çox ciddi problem yaşanır. A.Kərimov dəfələrlə soz versə də ki, qısa müddətə pulu qaytaracaq, amma bu hal baş vermir. Özü də hüquqşünasdan xahiş edir ki, Nüşabə xanım aramızda belə problemin olduğunu bilməsin. Guya, bundan utana bilər. El dili ilə desək, cidanı çuvalda gizlətmək olmaz. Nəticədə hüquq müdafiəçisi illərlə hüququnu qoruduğu A.Kərimovun cinayət məsuliyyətinə cəılb olunması üçün yol verdiyi dələduzluq əməlinə görə rəsmi olaraq Qəbələ rayon Prokurorluğuna müraciət edir. Aldığımız dəqiq məlumata görə, üç ay bundan əvvəl Qəbələ rayon Prokurorluğunda A.Kərimov haqqında cinayət işi açılıb. İşi belə görən A.Kərimov qaçıb gizlənib və ona görə də rəsmi olaraq axtarışa verilib. Bütün bunlar barədə daha ətraflı öyrənmək üçün, bizə məlum olan  həmin hüquqşünasla əlaqə yaratmaq cəhdimiz alınmadı. Onun da mövqeyini dərc etməyə hazırıq.

***

İndi maraqlıdır, görəsən, A.Kərimov hüquq-mühafizə orqanlarından nə vaxta qədər qaçıb gizlənəcək? Bəlkə A.Kərimovun yerini, ona evin altındakı torpağı məhkəmə qərarı ilə verən Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Mahir Əsədli bilir? O, belə bir şəxsin  xeyrinə Allahsız və imansız qərar çıxarırsa, onda hakim onun yerini də bilməmiş olmaz.

***

Ədliyyə Naziri cənab Fikrət Məmmədov həm də Məhkəmə-Hüquq Şurasının sədri kimi, yəqin ki, nazirliyin, məhkəmənin adını batıran, nüfuzuna kölgə salan və 20 il sənədli evində yaşayan bir ailəni küçələrə atmağa çalışan Mahir Əsədli kimi hakimlərə öz yerini göstərəcək və ona layiqli cəzanın verilməsinə göstəriş veriləcək. Biz buna çox inanmaq istəyirik. Çünki hakim Mahir Əsədli təkcə haqsız olaraq vətəndaşın əleyhinə çıxardığı qərara görə yox, ən azından belə qanunsuz qərarı ilə nazirliyin nüfuzuna ciddi zərər vurduğu üçün cəzalanmalıdır.

Hazırladı: Elçin MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN