booked.netbooked.net booked.net  

 Xəbər verdiyimiz kimi, Şəki İnzibati Məhkəməsi 2022-ci ilin mayın 24-də fermer Abdullayev Teyyub Əli oğlunun şikayəti əsasında İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etmişdir.

Hansı ki, iş materiallarında olan sənədlər, məhkəmə iclasında təqdim edilən maddi sübutlar bir daha göstərirdi ki, İsmayıllı RİH rəhbərliyi əsassız olaraq T.Abdullayevlə 2003-cü ildə bağlanmış torpaqdan istifadəyə dair icarə müqaviləsini ləğv edən yuxarıdakı Sərəncamı qanunsuz olmuşdur. Bütün rəsmi sənədlərdə- torpağın 25 illiyinə icarəyə götürülməsi barədə bağlanmış müqavilədə, Dövlət Aktında, icarəyə verilmə barədə tərtib olunmuş Akt-da, Dövlət büdcəsinə ödənilən torpaqdan istifadəyə dair vergi ödənişlərində və s. sənədlərdə də torpağın əkin üçün verildiyi, kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı olduğu öz əksini tapmışdır. Lakin İsmayıllı rayon İH başçısının müavini, çoxdandır rayonun icra başçısı olmaq arzusunda olan Mahmud Süleymanov rayon rəhbəri Nahid Bağırovun cavanlığından, rayonu yaxşı tanımamasından sui-istifadə edərək ona aydın şəkildə quyu qazmışdı (Bizə verilən məlumata görə, Nahid Bağırovun pandemiya qaydalarını pozmasına görə Prezident sərəncamı ilə töhmət almasının da xəbərçiliyini, yəni Prezident Administrasiyasına məlumatın ötürülməsinin  müəllifi Mahmud Süleymanov olmuşdur.). 
XXX
Bu azmış kimi, bu gün T.Abdullayevə RİH-dən xəbərdarlıq məktubu gəlib. Təsəvvür edin, yuxarıda qeyd etdik, Şəki İnzibati Məhkəməsi RİH başçlsı Nahid Bağırovun bəlli qanunsuz sərəncamını ləğv edir, bir neçə gün sonra isə Nahid Bağırov həmin o qanunsuz sərəncamını özü ləğv edir, bununla da fermer Teyyub Abdullayevin torpaq üzərindəki əvvəlki bütün hüquqlarını bərpa edir (tanıyır)... Və başçı həmin sərəncamın icrasını onu aldatmış müavini Mahmud Süleymanova tapşırır... Həyasızlığa bax ki, bu sərəncamın, necə deyərlər, mürəkkəbi qurumamış, Mahmud Süleymanov fermer T.Abdullayevin əvvəlki hüquqları məhkəmə qərarı və RİH BAŞÇISININ SƏRƏNCAMI İLƏ bərpa edilmiş torpaq sahəsinə öyrədilmiş təxribatçıları göndərir ki, əkinə imkan verməyəcəyik və s. 

 Bu da azmış kimi, bu gün T.Abdullayevə İsmayıllı RİH-dən xəbərdarlıq məktubu gəlib ki... Təsəvvür edin, fermer T.Abdullayev Mahmud Süleymanovun saxtakarlığı ucbatından ötən il taxıl əkinindən, deməli, gəlirdən məhrum edilib, indi ona xəbərdarlıq edilir ki, ötən ilin torpağa icarə haqqı ödənilməyib. Məktubu isə maraqlıdır ki, icra başçısı Nahid Bağırov imzalayıb. Amma, şirvanlılar demiş, ə töbə, bu imza onunku deyil... O mənada ki, özü öz səhv sərancamını ləğv edən başçı üstündən bir ay keçmiş belə bir məktuba imza ata bilməzdi... Özü də məktub o ünvana yazılıb ki, xəbərdarlıq edilən  T.Abdullayev o ünvanda yaşamır, yaşamayıb da... (Xəbərdarlıq məktubunun fotosurəti təqdim edilir). Deməli, Mahmud Süleymanov həmin məktubu qəsdən müəmmalı ünvana göndərib ki, çaşqınlıq yaransın, təcrübəsiz və naşı başçının adı hallansın və s. 
İndi sual yaranır: doğrudanmı Nahid Bağırov Mahmud Süleymanovun öhdəsindən gələ bilmir, onun bu tip təxribatlarının qarşısını almaqda acizdir??? 

Bu arada adam şübhələnir ki, bəlkə gənc və təcrübəsiz başçı Nahid Bağırov təzə RİH başçısı təyin edilən vaxt Bakıdan gələn xanım dostlarının təbrik məclisini Mahmud Süleymanovun kəndindəki məşhur restoranında qeyd edərkən gizli kamera işləyibmiş??? Bu barədə hələ neçə ay əvvəl redaksiyamıza bilgi daxil olmuşdu və...

XXX 

İndi az da olsa keçmişə qayıdaq: 

 «İti öldürənə sürütdürərlər…» və Mahmud Süleymanovun Nahid Bağırova təxribatçılığı…

 Beləliklə, atalar yaxşı deyib ki, «İti öldürənə sürütdürərlər...". Mahmud Süleymanov bu dəfə törətdiyi əməlin cavabını verməyə məcbur edildi. Belə ki, fermer Teyyub Əli oğlu Abdullayev İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamının ləğv olunması üçün Şəki İnzibati Məhkəməsinə şikayət vermişdir. Məhkəmə 24 may 2022-ci il tarixli qərarı ilə İsmayıllı RİH başçısının 5 oktyabr 2021-ci il tarixli torpaqdan istifadəyə dair icarə müqaviləsinin ləğvi barədə imzalanmış Sərəncamını ləğv edərək T.Abdullayevin istifadəsində olan torpaq üzərində icarə və istifadə hüququnu bərpa etmiş oldu.

 Bir neçə gün əvvəl isə, daha dəqiq desək, 15 iyul 2022-ci il tarixdə İsmayıllı RİH başçısı Nahid Bağırov qanunlara və məhkəmə qərarına hörmətini ifadə edərək 74 saylı Sərəncam vermişdir. İcra başçısı həmin Sərəncamla 5 oktyabr 2021-ci il tarixli, 135 saylı qanunsuz Sərəncamını özü ləğv etmiş, T.Abdullayevlə bağlı baş vermiş anlaşılmazlığa hüquqi yadınlıq gətirmiş oldu. Və həmin sərəncamın icrası T.Abdullayevin əkin kampaniyasına mane olmuş RİH başçısının müavini Mahmud Süleymanovun özünə həvalə edilmişdir. Amma…

 

 

 İcra başçısı Nahid Bağırovun məhkəmə qərarının icrası ilə bağlı verdiyi Sərəncamlı tapşırığına RİH başçısının müavini Mahmud Süleymanov təxribatçı hərəkətləri…

 Beləliklə, fotosurətini təqdim etdiyimiz Sərəncamda da qeyd olunur ki, bu Sərəncamın icrası icra başçısının müavini Mahmud Süleymanova həvalə edilmişdir. Hansı ki, bütün bu  qalmaqalı yaradan elə M.Süleymanov idi… Amma nə baş verir: Mahmud Süleymanov bu Sərəncamın icrasını təmin etmək əvəzinə, iyulun 16-da mübahisələndirilən əkin sahəsinə özünün yaxınlarından olan 10 nəfəri göndərmişdir. Həmin adamlar payızlıq taxıl əkininə hazırlıq görən mexanizatorlara yaxınlaşaraq hədə-qorxu ilə demişlər ki, «Əgər burda əkin aparsanız bu traktoru və kotanı benzin töküb yandıracağıq…». Traktorçu isə dərhal DİN-nin 102 xidmətinə şikayət etmişdir.

 Təsəvvür edirsinizmi, qeyd olunan torpaq sahəsi dövlət Fonduna aiddir, fermer T.Abdullayevin əlində də Dövlət Aktı vardır. O, hər il dəmyə taxıl əkmişdir. Ötən il isə buna imkan verilmədi, fermer xeyli ziyana düşdü… Artıq ortada məhkəmə qərarı və buna uyğun RİH başçısı Nahid Bağırovun Sərəncamı da vardır. Mahmud Süleymanov isə nəinki məhkəmə qərarına, qanunlarımıza, eləcə də tabeliyində işlədiyi icra başçısına qarşı hörmətsizlik nümayiş etdirir.

 Törətdiyi isə təxribatçılıqdır, ölkənin taxıl ehtiyaclarına dəstək verən fermerə qarşı maneçilik əməlidir, nəhayət, ölkənin ərzaq təhlükəsizliyi ilə bağlı müvafiq tapşırıqlar verən ölkə Prezidentinin aqrar siyasətinə badalaq vurmaqdır!

***

Yazı çapa hazırlanarkən isə maraqlı məlumat aldıq. Məlum olur ki, bəlli hadisənin üstündən İsmayıllı RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Namiq Kərimov T.Abdullyaevin mexanizatoruna hədə-qorxu gələrək təkrarən məhkəmə qərarına və İcra başçısı Nahid Bağırovun Sərəncamına hörmətsizlik nümayiş etdirmişdir. Demişdir ki, biz imkan verməyəcəyik ki, T.Abdullayev orada taxıl əksin və s.

 

Fermer T.Abdullayevlə əlaqə saxladıq, o, bunları dedi:

-Minnətdaram ki, İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov anlaşılmazlığı aradan qaldırdı, qanunlarımıza və məhkəmə qərarına hörmətlə yanaşaraq 15 iyul 2022-ci il tarixdə 74 saylı Sərəncam verərək özünün 5 oktyabr 2021-ci il tarixli, 135 saylı Sərəncamını ləğv etdi, mənim həmin torpaq üzərində icarə hüququmu tanıdı. Lakin təəssüf edirəm ki, əvvəldən N.Bağırovu aldadaraq qanunsuz sərəncam verilməsinə, bununla da məhkəmə mübahisəsinə yol açan RİH başçısının müavini Mahmud Süleymanov indi də ona həvalə edilmiş Sərəncamı icra etdirmək istəmir. Əksinə, əkin sahəsinə öyrədilmiş adamları göndərərərk 300 min manatlıq lizinq yolu ilə alınmış texnikaların benzin tökülüb yandırılması ilə bizə hədə-qorxu gəlir, İcra başçısına və məhkəmə qərarına isə hörmətsizlik edir. Bundan başqa, İcra hakimiyyətinin şöbə müdiri Namiq Kərimov isə Mahmud Süleymanovun yolunu gedir, yenə də əkinçilərəmizə hədə-qorxu gəlir. Əraziyə gələn təxribatçılardan ikisi isə sonradan aldadıldıqlarını etiraf edərək bizim traktorçuya deyiblər ki, bizi aldadıb icra hakimiyyətindən göndərmişdilər… Deməli, bu təxribatın başında M.Süleymanov və N.Kərimov durur. Görünür, onların məqsədi araya təfriqə salmaqla gənc icra başçısının adını belə bir qalmaqalda halandırmaq, bulanıq suda balıq tutmaqdır… Ən dəhşətli hal, Prezident dünyadakı ərzaq böhranını nəzərə alaraq ölkədə taxıl istehsalını artırmağı tapşırır, Mahmud Süleymanov və Namiq Kərimov isə taxıl əkməyimizin qarşısını alır, traktorumuzu yandırtdıracaqlarını deyirlər…

***

Sonda: xatırladırıq ki, aidiyyəti dövlət qurumları artıq bu qalmaqallı məsələ ilə bağlı təfsilatı ilə məlumatlandırılıb. Mövzuya qayıdılacaq.

«Təzadlar»ın Araşdırma Qrupu

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN