Neçə illərdir ki, Azərbaycanın ən böyük gölü - Hacıqabul gölü quruyur, yaxud qurudulur.
Göl qurumağa başlayandan KİV-lər həyəcan təbili çalır, məsələ ilə bağlı vədlər verilir, bərpa olunacağı deyilir, lakin...
Qeyd edək ki, hələ 2019-cu ildə Hacıqabul gölünün qurumasının dayandırılacağı, gölün bərpası prosesinə başlanılacağı deyilmişdi.
O zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekspertiza İdarəsinin rəisi Mirsalam Qəmbərov bəyan etmişdi ki, ekspertiza idarəsinə rəy alınması üçün təqdim olunan dövlət əhəmiyyətli ən iri layihələrdən biri də Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən təqdim olunan “Yuxarı Şirvan kanalının yenidən qurulması” layihəsidir. Bunun icrası nəticəsində Şirvan, Muğan zonasının əkin sahələri suvarma suyu ilə tam təchiz olunacaq, bölgədə kənd təsərrüfatının daha da inkişafına nail olunacaq.
Onun sözlərinə görə, su itkisinin, ətraf bölgələrdə torpaqların şoranlaşmasının qarşısı alınacaq və ən əsası, bütün ekoloji ictimaiyyəti narahat edən Hacıqabul gölünün quruması dayandırılacaq, gölün bərpası prosesi başlanacaq, gölə ayrıca qol çəkiləcəkdi.
Lakin görünən odur ki, göl o vaxtdan bəri yenə də quruyub. Məsələ o zaman həllini tapmayıb.
***
Budur, Hacıqabul gölünün mövcud vəziyyəti və bərpası istiqamətində işlərin görülməsi üçün MM-də komitə üzvlərindən ibarət komissiya təşkil ediləcək.
Bununla bağlı məsələ Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iş planına daxil edilib.
Beləliklə, MN-in payız sessiyasında “Hacıqabul gölünün mövcud vəziyyət və bərpası istiqamətində işlərin görülməsi üçün komitə üzvlərindən ibarət komissiya təşkil edilməsi” məsələsi də müzakirəyə çıxarılacaq.
***
Bəli, bu gün vaxtilə 20-dən artıq balıq (nadir növ qırmızı xərçəngin), 50-dən çox quş növünün (10-u Qırmızı Kitaba düşən) - flamiqoların sevimli məskəni kanalizasiya sularının axıdıldığı, üfunətli, ağcaqanadların uçuşduğu məkana çevrilib.
Vaxtilə qiymətini bilib tədbir görülməyən göl, demək olar ki, tamamilə məhv olub...
JASMİN