Səfərbərlik səbəbindən ölkəni tərk edən rusların sərhəddə tərk etdiyi avtomobillər Ukrayna müharibəsi iştirakçılarının ailələrinə verilə bilər. 24News.ge xəbər verir ki, bu barədə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib. “Qaçaqlar maşınlarını geridə qoyurlar və biz bu avtomobilləri kimə verəcəyimizi düşünməliyik. Təklif edirəm ki, döyüşə gedən əsgərlərin ailələrinə verilsin”, - deyə Volodin bildirib. Dumanın spikeri qeyd edib ki, səfərbərlikdən qaçan ruslar bir müddət sonra geri qayıtmaq üçün yenidən sərhədlərdə növbəyə duracaqlar. O, deputatları "Barıt iyi duymadan çarpayının altında gizlənən" gənclər barəsində sərt mövqe sərgiləməyə çağırıb. Volodinin sözlərinə görə, Rusiya artıq bütün fərarilərin siyahısını tərtib edib. Xatırladaq ki, sentyabrın 21-də Putinin səfərbərlik elan etməsindən sonra Gürcüstan və Qazaxıstanın Rusiya tərəfindəki sərhəd-keçid məntəqələrində avtomobillərin sırası kilometrlərlə uzanıb.