Yeganə Vəliyeva: «Mən onların ciblərində olan pulu istəmirəm, dövlətimizin biz kasıb ailələr üçün yaratdığı imkandan bəhrələnərək öz zəhmətimlə bir döyüşçünün balalarını yaşatmaq istəyirəm…»

Redaksiyamızın elektron poçtuna Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin sakini Yeganə Vəliyevanın çox ağrılı, yanıqlı müraciəti daxil olub. Bu məktubu ürək ağrısız oxumaq mümkün deyil. Amma çox təəssüf ki, Qarabağ veteranı və şəhid bacısı olan Yeganə xanımın ürək yanğısına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin (ƏƏSMN) səlahiyyətli vəzifə sahibləri ürəksiz, biganə və çox soyuq yanaşırlar. Nəticədə həyat yoldaşı Qarabağ veteranı və qardaşı şəhid olan  Yeganə xanım üç uşağı ilə işsiz və evsiz küçələrdə qalıb.  Bu səbəbdən Yeganə Vəliyevanın Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya və digər dövlət qrumlarının rəhbərlərinə, həmçinin surəti “Təzadlar”qəzetinin baş redaktoruna ünvanlanmış  ürək ağrıdan müraciətini olduğu kimi təqdim edirəm.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya!

Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova!

Milli Məclisin sədri xanım Sahibə Qafarovaya!

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Bahar Muradovaya!  

Surəti: “Təzadlar”qəzeti redaksiyasına!

Bakı şəhəri, Bakıxanov qəsəbəsi Sülh küçəsi ev 70, mənzil 72-də yaşayan Qarabağ müharibəsi veteranı, mərhum Aydın Vəliyevin həyat yoldaşı, şəhid Razayev Arifin bacısı Vəliyeva Yeganə Müzəffər qızı tərəfindən

Müraciət  

Hörmətli Cənab Prezident!

Mərhum həyat yoldaşım, birinci Qarabağ müharıbəsinin veteranı (Veteran vəsiqəsinin №-si: 020346) Aydın Vəliyev 4 il bundan əvvəl, tikintidə çalışarkən – yəni bizə çörək pulu qazanarkən, başına dəmir parçası düşməsi nəticəsində dünyasını dəyişib. Üç azyaşlı uşaqla yataqxana künclərində tək qaldım. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən üç uşağa görə bizə 210 manat yetimpulu təyin olundu. Bu isə, dörd nəfər ailənin dolanması üçün çox az məbləğ idi. Ona görə də ƏƏSMN-in təşkil etdiyi peşə kurslarına yazılmaq, dərzi sənəti öyrənmək, həmçinin dərzi avadanlığı ilə təmin olunub balalarımı dolandırmaq üçün, Sabunçu rayonundakı Məşğulluq Nərkəzinə müraciət etdim. 2020-ci ildən işsiz kimi qeydiyyata alındım və hər iki xətt üzrə istədikləri sənədləri yığıb Mərkəzə təqdim etdim. Həm peşə kurslarına yazılmaq, həm də avadanlığın alınması üçün adımı qeyd etdilər.

Hörmətli cənab Prezident!

Düz 3 ildir gedib- gəlirəm, lakin heç bir faydası yoxdur. Hər dəfə sənədləri yığılmasını yenidən tələb edirlər. Mən də min bir əziyyətlə, eyni sənədləri təzədən yığıb təhvil verirəm. Sonra da əzbərlədikləri bir söz var: “Get, özümüz sizi çağıracağıq”. Amma 3- cü ildir heç bir səs-soraq yoxdur. Dəfələrlə sosial yardım almaq üçün müraciət etdim. Sistem üzərində 50-yə yaxın mətləbə dəxli olmayan suallar verirlər ki, bu da yardımın verilməsinin çətinləşdirilməsinə xidmət edir. Marqalıdır ki, mənim verdiyim sənədləri, arayışları sonradan sorğu verib, sistemdən araşdırırlar və hardasa bir hərif səhvi olan kimi, imtina qərarı verirlər. Əgər bunu siz özünüz araşdıra bilirdinizsə, vətəndaşlara əziyyət verib, onların özündən bu sənədləri niyə tələb edirsiniz?  Təkcə şəxsiyyət vəsiqəsinin nömrəsi və ya fin kodu vermək bəs etmirmi ki, özləri ona dair hər şeyi sistemdən araşdırsınlar? Niyə vətəndaş bir çox dövlət qurumlarını qapı-qapı gəzərək, pul verib arayış toplamalıdır? Bunun bir adı var: Vətəndaşı süründürmək və nəticədə dövlətdən narazı salmaq!

 2020-ci ildə pandemiya dövrü başladı. O dönəmdə insanlar məcburi evdə qaldıqlarından dövlət tərəfindən adambaşına 190 manat verildi. Bizə isə verilmədi ki, siz yetimpulu deyilən təqaüdü alırsınız. Bu səbəbdən qanuna görə bu yardımı ala bilmərik. Təsəvvür edin, üçazyaşlı uşaq və mən, yəni 4 nəfər 210 manatla dolanmalı idik. İndiyə qədər yazmadığım dövlət orqanı qalmayıb: Qadın komitəsi, Ombudsman, Baş nazir və s. İstəyim isə tək bir şey olub: ƏƏSMN-nin təşkil etdiyi kurslara qəbul olunum, avadanlıq verilsin, balalarımı dolandırım. Hamısı yönləndirir ƏƏSMN-ə. Onlarsa hər birində çağırıb bütün sənədləri yenidən tələb edib, “hər şey düzgündü, qaydasındadı, gedin zəngimizi gözləyin”- deyib, başdan edirlər. Balalarımı aclıqdan xilas etmək üçün yataqxanada mərhum yoldaşıma veteran olduğu üçün verilmiş yataqxana otağını dəyər dəyməzinə satmağa məcbur oldum. O vaxtdan hələ də küçələrdə onun-bunun qapısındayıq. Hələ də bu nazirlikdən bir xəbər yoxdu. Evimi satdığım insan artıq neçənci dəfədir bizi polislə hədələyir ki, bir ildir otağı satmısınız, amma qeydiyyatdan çıxmamısınız. Yaxşı, qeydiyyatdan çıxıb bəs hara qeydiyyata düşək?

Hörmətli cənab prezident!

 Bu övladlar – Qarabağ müharibəsi veteranının övladlarıdırlar və şəhid bacısıyam. Yəni, həyat yoldaşım və qardaşım bu vətən uğrunda can qoymuş insanlardır və mən də, balalarım da onların ailə üzvləriyik. Bizim bu günə qalmağımız üçünmü onlar can qoyurdu bu vətən uğrunda? Nazirlik tərəfindən döyüşçü balalarına və şəhid bacısına bu cür münasibət göstərilirsə, görün başqalarının aqibəti necədir? İndi məlum olur ki, son bir ildə 40-a qədər qazi bu nazirliyin əlindən özünə niyə qəsd edib? İndi deyə bilərlər ki, uşaqlardan birinin 18 yaşı tamam olub artıq, daha ona düşmür. Bəs keçən il, ondan əvvəlki il nə idi problem? O illərin kompensasiyasını verəcəklərmi mənə? Bu nazirlik, balalarımı aclıqdan qorumaq üçün satdığım yataqxana otağını qoy mənə qaytarsın. Təcili araşdırılmalıdır ki, 3-cü ildir mən Məşğulluq Mərkəzində qeydiyyatda olduğum müddətdə, kurslarla, avadanlıqla təmin olunmaq üçün adım rəsmən (sonuncu dəfə DOST xidmətinə yolladılar və orda da qeydə aldılar) namizədlər sırasında olduğu halda niyə heç nə edilməyib? Onlar- ƏƏSMN-nin rəsmiləri şəhid və veteranların yetim qalan balalarına bu cür münasibət etməkləmi vətənpərvərlik nümunəsi göstərirlər? Mən evimdə 13 yaşında olan gələcəyin əsgərini böyüdürəm. Bu dolanışıqla onu əsgər yaşına çatdıra biləcəyəmmi? Mən bu azyaşlı oğlumun “Ana, nazirlik niyə bizə kömək etmir?”-sualına nə qədər yalandan “Edəcək, oğlum” cavabını verim? Atası Qarabağ veteranı, dayısı şəhid olan oğlum bu gün doyunca qidalana bilmirsə, mən onu necə vətənpərvər böyüdə bilərəm? Bu suallarıma ƏƏSMN-n başbilənləri cavab verə bilərlərmi? Mən onların ciblərində olan pulu istəmirəm, Dövlətimizin biz kasıb ailələr üçün yaratdığı imkandan bəhrələnib, öz zəhmətimlə bir döyüşçünün balalarını yaşatmaq istəyirəm. Bəs görəsən mənim müraciətimə üç ildir dırnaqarası baxan ƏƏSMN-n səlahiyyətli sahibləri nə istəyir?

Çapa hazırladı: Elçin Məmmədli

P.S. İnanırıq ki, bu müraciətin dərcindən sonra Allah ƏƏSMN-in sinələrində daş yox ürək gəzdirən bəzi vəzifə sahiblərinin ürəklərinə insaf salacaq və Yeganə xanım kimi məzlum bir insanın dərya olan göz yaşlarına çarə edəcəklər ki, sadə bir problem tezliklə həllini tapsın.

 

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA