Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) "varlı rusiyalı iş adamının" tutulması üçün genişmiqyaslı əməliyyat elan edib.

Tezadlar.az Britaniya mediasına istinadla bildirir ki, söhbət "Alfa Group"-un həmtəsisçisi Mixail Fridmandan gedir. Agentlik onun çirkli pulların yuyulması, Daxili İşlər Nazirliyinə qarşı sui-qəsd və yalan ifadə vermək üçün sui-qəsd də daxil olmaqla bir sıra cinayətlərdə şübhəli bilinərək saxlanıldığını bildirib. Həmçinin, Agentlik onun adını rəsmən elan etməsə də, qeyd edir ki, 58 yaşlı şəxs "Londondakı bahalı iqamətgahı"nın yaxınlığında həbs edilib. Onunla birlikdə daha iki rusiyalı da saxlanılıb. Saxlanılan hər üç şəxs zaminə buraxılıb.
Həbs əməliyyatına NCA-nın Kleptokratiya ilə Mübarizə Mərkəzinin 50-dən çox üzvü iştirak edib. Ofisdə aparılan axtarışdan sonra kompüterlər və külli miqdarda pul ələ keçirilib. Media qeyd edir ki, saxlanılan şəxsin yaşı “Alfa Group”un həmtəsisçisi Mixail Fridmanın yaşı ilə üst-üstə düşür. Saxlanılanın məhz o olduğunu öz mənbələrinə istinadən Rusiyanın TASS federal agentliyi də bildirir. Sitat: “Fridman polis tərəfindən saxlanılıb. Amma bizdə olan məlumata görə, o, hələlik girov müqabilində azadlığa buraxılıb”.

Eyni zamanda Rusiyanın “Kommersant” nəşri isə “Alfa-Bank”ın mətbuat xidmətinə istinadən yazıb ki, Fridmanın bu həbslə heç bir əlaqəsi yoxdur. Mətbuat xidməti onun Londondakı evində olduğunu bildirib. 

Tezadlar.az bir daha xatırladır ki, Fridman Aİ və Böyük Britaniyanın sanksiyaları altındadır. Bundan əvvəl o, Britaniya hakimiyyətinin ondan sanksiyaları götürməsi üçün şəxsi pulunun 1 milyard dollarını Ukraynaya köçürməyi təklif etmişdi də... Amma Britaniya hakimiyyəti buna razılıq verməmişdi.

A.Məmmədli