Ermənistan Milli Assambleyası fövqəladə iclas keçirir və mövzu guya “Azərbaycan tərəfindən Qarabağı Ermənistanla birləşdirən yeganə yolun bağlanması” ilə bağlı bəyanat layihəsidir.

Növbədənkənar iclas 76 deputatın iştirakı ilə keçirilir.

 Məlum olduğu kimi, Laçın dəhlizinin Azərbaycan tərəfindən bağlanması ilə bağlı deyilənlər saxtadır. Xankəndinin girişi Rusiya sülhməramlıları tərəfindən bağlanıb, Azərbaycan Silahlı Qüvvələri tərəfindən deyil. Həmçinin Ermənistan hakimiyyəti sərhəddə Azərbaycana girişi bağlayıb.

Qeyd edək ki, ötən gün Ermənistan tərəfin iddialarına Azərbaycan XİN, həmçinin Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)  Səbinə Əliyeva tərəfindən cavab verilmiş, bəyanatlar səsləndirilmişdir. Azərbaycan XİN-in bəyanatında  Laçın yolunun bağlanması və guya ərazidə yaşayan erməni sakinlərin humanitar böhran təhdidi ilə üzləşdikləri barədə iddialarla bağlı bildirilib ki, “Laçın yolu azərbaycanlı etirazçılar tərəfindən deyil, Azərbaycan Respublikası ərazilərində müvəqqəti yerləşmiş Rusiya Federasiyasının sülhməramlı kontingenti tərəfindən bağlanıb. Azərbaycan tərəfi ərazilərimizdə yaşayan bütün erməni sakinlərin humanitar ehtiyaclarını qarşılamağa hazırdır və Ermənistan tərəfinin iddialarının heç bir əsası yoxdur.

Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrinin və ekologiya fəallarının Şuşa-Laçın yolunda həyata keçirdiyi etiraz aksiyası Azərbaycan ictimaiyyətinin Rusiya sülhməramlılarının yerləşdiyi Azərbaycan ərazilərində həyata keçirilən qeyri-qanuni iqtisadi fəaliyyətə, təbii sərvətlərin talanmasına və ekologiyaya dəyən zərərə haqlı narazılığının nəticəsidir”.

 Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi və süni, qurama təxribatı sayəsində monitorinq pozulub.

3 gündür baş verənlərlə bağlı Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə fasiləsiz aksiya keçirilir. Ekofəallar və QHT nümayəndələri neçə gündür ki,  çadırlar qurub və Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsini tələb edirlər.

Volkov isə hələ də gizlənir… Çünki deməyə sözü, görünməyə üzü yoxdur…

Ermənistan tərəfi isə Azərbaycanlı ekoloqların əraziyə girməsini hər vəchlə əngəlləməyə çalışır və boş bəyanatlar səsləndirirlər. Ermənilər talan etdikləri sərvətlərimizin Ermənistana daşınmasının üstünün açılacağını, ərazilərimizdə baş verənlərin bütün dünyaya çatdırılacağını, saxta təbliğatlarının fiaskoya uğrayacağından qorxurlar...

 Y.MƏMMƏDLİ