Əməliyyat şirkətlərinin fəaliyyətindəki gizlilik nəyə işarədir???

…Neftçilərin Hüquqlarının Müdafiəsi Birliyinin növbəti hesabat xarakterli araşdırmalarında diqqəti çəkən məqamlar çoxdur… Bu yazıda belə vacib məqamlardan birinin üzərində dayanmalı olacağıq. Söhbətimizi Birliyin sədri Mirvari Qəhrəmanlı ilə müzakirələr əsasında etdik:

-Mirvari xanım, Azərbaycan neft sənayesinin əsası quruda qoyulub. Abşeron yarımadasında elə yataqlar var ki, 150 ildən çoxdur istismar olunur. Qurudakı yataqlarımızın vəziyyəti necədir?

-Neft hasilatı qurudan başlasa da, ölkə müstəqillik əldə etdikdən sonra neft sənayesinin əsasən dənizdə yerləşən yataqlar üzərində qurulduğu təsəvvürü yaranır. Daha doğrusu, sanki Azərbaycanda neft-qaz yalnız iki yataqdan – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” dən hasil olunur: ölkənin neft-qaz hasilatı, bu sektorda görülən işlərdən söhbət düşəndə də yalnız bu iki yatağa aid nəsə tapmaq mümkündür… Digər yataqlar, xüsusilə də quru yataqlarında hansı işlərin görüldüyü, nə qədər neft, nə qədər qaz hasil olunduğuna dair açıq məlumatlar barmaqla sayılacaq qədərdir. Bu yataqlarda işləyən əməliyyat şirkətlərinin adı demək olar ki, yalnız işçi etirazları ilə bağlı məlumatlarda hallanır. Azərbaycanın neft sektorundakı layihələrdə dövləti təmsil edən SOCAR-ın İnternet saytında yerləşdirilən məlumatlardan aydın olur ki, şirkət quruda və Xəzər dənizində digər şirkətlərlə birlikdə 27 yataq istismar edir. Bunlardan "AzGerneft" MMC ilə birgə işlənən “Ramana” yatağı istisna olmaqla,  qalan yataqlar Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri əsasında işlənilir.

-Bu yataqların fərqi nədədir?

-Hasilatın Pay Bölgüsü və Risk Xidməti sazişləri dövlət (və ya dövlət neft-qaz şirkəti) və neft-qaz şirkəti(ləri) arasında bağlanılır. Adətən şirkət yatağın işlənməsi üçün lazım olan bütün maliyyə və əməliyyat risklərini öz üzərinə götürür. Bu tipli sazişlərə əsasən, kəşfiyyat mərhələsindən sonra karbohidrogenin hasilatından əldə olunan gəlir, şirkətin kapital və əməliyyat xərclərini ödəyəndən sonra, yerdə qalan mənfəət tərəflər arasında bölünür. Bu iki saziş arasında fərq isə ondadır ki, Hasilatın Pay Bölgüsü sazişində şirkət hasilatdan pay əldə edir, Risk Xidməti sazişində isə neft-qaz şirkəti neft hasil olunandan sonra dövlətdən pul şəklində mükafatlar alır. Hazırda quruda yerləşən neft-qaz yataqları üzrə mövcud hasilatın pay bölgüsü sazişləri və onların iştirakçıları bunlardır:

1.Suraxanı Neft Yatağının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş. "NOVATİS OİL FZE" şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi və SOCAR-ın Ortaq Neft Şirkəti - Surakhani Oyl Operating Company S.A.

2.Kürovdağ Neft Yatağının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - Global Energy və SOCAR-ın Ortaq Neft Şirkəti - Shirvan Operating Company LTD

3.Neftçala, Xıllı, Durovdağ-Babazanan Neft Yataqlarının və Muğan Monoklinalinin Cənub-Qərb Qanadının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - “NEFTECHALA INVESTMENTS LIMITED” şirkətinin Azərbaycan Respublikasındakı filialı və SOCAR-ın Ortaq Neft Şirkəti - Neftechala Operating Company Limited.

4.Mişovdağ və Kəlaməddin Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş Global Energy və SOCAR-ın Ortaq Neft Şirkəti - Karasu Operating Company.

5.Kürsəngi - Qarabağlı yataqlarının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş SOCAR-ın Ortaq Neft Şirkəti, CNPC İnternational (Kura) Limited Şirkətinin filialı və Fortunemate Assets Limited - Salyan Oil LTD

 Qeyd edək ki, "Azərbaycan Respublikasında "Kürsəngi" və "Qarabağlı" neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş" 15 dekabr 1998-ci il tarixində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "Frontera Resorces" və "Delta/Hess Ltd.” şirkətləri arasında imzalanıb. Saziş 22 aprel 1999-cu il tarixində qüvvəyə minib. Noyabr 2021-ci ildə “CNPC International (Kura)” 25% və “FAL” 25% öz paylarını “GL Investment” şirkətinə satılıb. Bununla da, yatağın işlənməsində SOCAR 50% və “GL Investment” 50% paya sahib olublar. Saziş sahəsi, ümumilikdə, 450 km² sahəni əhatə edir.

6.Zığ və Hövsan Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - “Apşeron İnvestments Limited” Şirkətinin Filialı və SOCAR-ın Ortaq Neft Şirkəti - Absheron Operating Company Limited.

 “Absheron Operating Company Limited” Azərbaycan Respublikasında “Zığ” və “Hövsan” neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR, “Russneft Absheron Investments Limited” şirkəti və SOCAR-ın Ortaq Neft Şirkəti (ONŞ) arasında 3 noyabr 2006-cı il tarixində imzalanmış Sazişə əsasən operator qismində fəaliyyət göstərir. Saziş 8 oktyabr 2007-ci il tarixində qüvvəyə minib.

7.Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı Neft Yataqlarının Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü Haqqında Saziş - UGE-LANCER PTE, Ltd-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi və SOCAR-ın Ortaq Neft Şirkəti - Balakhani Operating Company Limited.

8.Cənub-Qərbi Qobustanın Şıxzəgirli, Şeytanud, Bürgüt, Donquzduq, Nardaran, Ilxıçı, Qərbi Hacıvəli, Sundi, Şərqi Hacıvəli, Turağay, Kənizədağ, Qərbi Duvannı, Solaxay və Daşgil Yataqlarının Daxil Olduğu Üç Blokun Kəşfiyyatı, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş - COMMONWEALTH GOBUSTAN LIMITED və SOCAR-ın Ortaq Neft Şirkəti - Gobustan Operating Company LTD.

9.“Azərbaycan Respublikasında “Pirsaat” neft yatağı və ona bitişik sahələrin daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş” - SOCAR-ın “Ortaq Neft Şirkəti” və “Petro-HongKong-Pirsaat” şirkəti Qeyd edək ki, saziş SOCAR, “Shengli Oilfield Shengda Group Company” və SOCAR-ın “Ortaq Neft Şirkəti” arasında 04 iyun 2003-cü il tarixində imzalanıb və 29 dekabr 2003-cü il tarixindən qüvvəyə minib. 2008-ci ildə “Shengli Oilfield Shengda Group Company” öz payını “Petro-HongKong Limited” şirkətinə satıb.

10.Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor Neft Yataqlarının Daxil Olduğu Blokun Bərpası, İşlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş  - AZEN Oyl Kompani B,V, Şirkətinin Filialı və SOCAR-ın Ortaq Neft Şirkətnin yaratdığı Binagadi Oil Company.

12.“AzGerneft” BM 1996-cı ildən fəaliyyət göstərən birgə müəssisədir. Şirkətin nizamnamə kapitalında Dövlət Neft Şirkətinin (SOCAR) 40 faiz, Sinqapur Respublikasının “Union Grand Enerji PTE Ltd” nin isə 60 faiz payı vardır.1994-cü ildə yaradılan “AzGerneft” MMC ölkəmizdə karbohidrogenlərin kəşfiyyatı, işlənilməsi və hasilatı, eləcə də istifadə edilən materialların nəqli və satışı ilə məşğuldur.

 “AzGerneft” MMC hazırda Bakı şəhərinin Ramana kəndi ərazisində yerləşən “Balaxanı-Sabunçu-Ramana” yatağının “Ramana” sahəsinin (keçmiş “Balaxanıneft” NQÇİ-nin 7-ci mədəni) istismar işlərini həyata keçirir.

 Daha bir saziş 2016-cı ildə "Muradxanlı-Cəfərli-Zərdab" neft yataqları blokunun işlənməsi ilə bağlı imzalanmışdır. Bu sazişdə SOCAR-ın tərəfdaşı Kanadanın "Zenith Energy" şirkəti idi. 2020-ci ilin iyununda şirkət “Afrikada genişmiqyaslı neft hasilatı və inkişaf imkanlarının əldə edilməsinə yönəlmiş strateji fokusunu nəzərə alaraq” sazişdə iştirakını dayandırdığını elan edib. Lakin SOCAR mətbuat xidməti bəyan edib ki, “Zenith Aran Oil Company” şirkəti “dövlət qarşısında hasilatla bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə” sazişin hasilata aid olan hissəsinə xitam verilib. 2020-ci ilin martında ƏŞ üzrə gündəlik hasilat 180 barel təşkil edib. Hazırda yatağı SOCAR-ın Ə. Əmirov adına NQÇİ-si istismar edir.

 -Quru yataqlarımızın rentabelliyi qaneedicidirmi?

-Ümumiyytələ, qurudakı yataqların əksəriyyəti Abşeron yarımadasında yerləşir. Ən çox neft çıxan yataqlar da məhz buradadır – Balaxanı və Bibiheybət yataqlarıdır ki, hələ də rentabelliyini qoruyur. Ən böyük yataq da Balaxanı-Sabunçu-Ramana yataqlar bloku hesab olunur. Bu yataqlar bir-birinə sıx yerləşdiyinə görə, hər zaman bir yataq kimi qeydə alınıb. Ancaq hazırda Balaxanı və Sabunçu yataqlarını Balaxanı Əməliyyat Şirkəti, Ramana yatağını isə “Azgerneft” MMC istismar edir. Xüsusi qeyd etməyə dəyər ki, özəl şirkətlərlə işlənən qurudakı yataqlarda görülən işlərin keyfiyyətini qiymətləndirmək mümkün deyil. Ən əsas ona görə ki, belə qiymətləndirmənin aparılması üçün açıq, şəffaf məlumatlar olmalıdır: yataqlar özəl əllərə veriləndən sonra hasilat necə dəyişib? Yataqlarda hasilatı səmərəli hala gətirmək, yaxud azalmanın qarşısını almaq üçün hansı yeni texnologiyalardan istifadə olunur? Bu texnologiyalar nə qədər səmərəlidir? Bunları müəyyən etmək üçün həmin yataqlarda işləyən əməliyyat şirkətləri ən azı bp qədər şəffaf olmalıdırlar. Lakin təəssüflər olsun ki, biz bu şəffaflığı müşahidə etmirik. Nəinki ƏŞ-lərin özəl tərəfdaşları, SOCAR da quruda birgə işlənən yataqlarda baş verənlər barədə susmağa üstünlük verir. Bu yaxınlarda hesabat hazırlanarkən şirkətə ünvanlanan sorğumuza cavab verilməməsi göstərir ki, birgə işlənən quru yataqlarda ürəkaçan nələrsə baş vermir: hər halda, əksi olsaydı, rəqəmlər gizlədilməzdi.

-Siz SOCAR-a göndərilən sorğuda nəyi soruşmuşdunuz ki, cavab verilməmişdir?

(Davamı var)

«Təzadlar»ın Araşdırma Qrupu