Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyevanın, elm və təhsil naziri Emin Əmrullayevin və Prezident yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevin iştirakı ilə genişləndirilmiş iclas keçirilib...
Tədbirdə iştirak edən Osman Gündüz özünün fb platformasında bu barədə yazır: "...Xeyli statistikalar, maraqlı məlumatlar, problemlər və təkliflər səslənir. Diqqətimi cəlb etdi ki, Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev plagiatın, təkrarçılıqların, başqasının elmi nəticələrinə müdaxilələrin, bəsit elmi işlərin də xeyli çoxaldığını bildirdi. Xeyli sayda plagiat dissertasiya işlərinin geri qaytarıldığını da qeyd etdi. F.Mustafayev təkcə iki il ərzində xaricdə verilmiş elmi dərəcələrin 450-nə Fəlsəfə doktoru və Elmlər doktoru elmi dərəcəsinin verilməsindən imtina edildiyini bildirdi. Xaricdə verilənlərdən təsdiqlənən elmi dərəcələrin sayı isə cəmi 900 olub.
Yəni, belə çıxır ki, qurum iki il ərzində müraciətləri təsdiqlənənlərin yarısı qədər də imtina cavabı verib. Ali Attestasiya Komissiyası güman ki, elmi işlərdəki saxtakarlığı "anti-plagiat" sistemlər vasitəsilə aşkara çıxarır. Famil müəllim danışdıqca bir anlıq düşündüm ki, görəsən Ali Attestasiya Komissiyamız ChatCPT ilə yazılanların da saxta olduğunu aşkara çıxara biləcəkmi?".
Bəli, bu da ciddi problem olaraq qalır. Üstəlik, klassiklərimizin hansısa bir əsərindən yüzlərlə elmi müdafiələr edilir, professor olurlar və s. Bir sözlə Prezident yanında AAK hələki saxtakarlara qarşı mübarizə aparır, elmimizin sambalına hesablanmış siyasət yürüdür. Elə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev də məhz çıxışında 2020-ci ildən bu günə qədər elmi dərəcə və elmi adların verilməsi statistikasını, elmi jurnallar qarşısında qoyulan tələblər, elmi müəssisələrin akkreditasiyası prosesi, elm sahəsi və ixtisaslarının nomenklaturasının təkmilləşdirilməsi haqqında danışıb. Təkliflər səsləndirib. 
İnanaq ki, bu təkmilləşmə və təmizləmə AAK-dan diplom almağa calışan alimlərimizin sayını azaltsa da, elmi nailiyyətli, kəşf və ixtiralı elmimizin sambalını artıracaq...  
A.Məmmədli
amea-2