“Mənim adımdan qaynarinfo yalan və saxta yazıb.
Meydan TV, yox, yox üzr istəyirəm, Şeytan TV də üzərinə bir az da yalan artırıb yazıb. Çünki onlar Şeytan TV”.
Bu sözləri MCP sədri, Milli Məclisin deputatı Razi Nurullayev sosial şəbəkə hesabındakı paylaşımda bildirib.
Xatırladaq ki, deputat bir neçə gün öncə qaynarinfo.az saytının ondan müsahibə aldığını, lakin fikirlərinin konteksdən çıxarılaraq paylaşıldığını bildirmişdi.
Deputat bununla bağlı açıqlama da vermişdi:
"Bəzi mətbuat ağını çıxarır. Müsahibə verirsən, içini seçib, kontekstən çıxarıb verir. Sənə kim ixtiyar verib?
Uşaq pulu haqqında dediklərimi kontekstdən çıxarıb verməklə yaxşı mətbuat olursan qaynarinfo? Sensasiya dalınca qaçmağın və müsahibənin içindən özbaşına seçim edib verməyin də ciddi məsuliyyəti var və bunu mütləq bilməyiniz vacibdir.
Məndən çox uşaq pulu haqqında danışan olub? Sual verirsiniz ki, uşaq pulu məsələsi Parlamentdə müzakirə olunacaq, yaxud bu məsələni
qaldıracaqsınız? Deyirəm ki, əsas büdcə vəsaitləri Qarabağa ayrılır. Ona görə də, uşaq pulu məsələsini qaldırmaq problemi həll etməyəcək. Hər kəs bilir ki, indiki zamanda uşaq pulunu Milli Məclisdə qaldırmaq məsələnin həlli olmayacaq. Uşaq pulu haqqında danışan şəxslərə də populizmlə məşğul olursan deyirlər.
Mən də hə zaman demişəm ki, bu məsələnin həllini istəyirik və az qala da hökumətin gündəminə sala bilmişdik. 44 günlük müharibə vəziyyəti dəyişdi. İndi Qarabağın bərpasına, qaçqın və köçkünlərin evlərinə qayıtmasına və minaların təmizlənməsinə külli miqdarda pul tələb olunur. Belə bir məsələ müzakirə olunan zaman uşaq pulu məsələsini qaldırmaq etik sayılmaz. Hər şeyin yeri və zamanı var.
Demişəm ki, məsələyə mərhələ ilə yanaşmaq və nəyəsə nail olmaq mümkündür. Birinci növbədə 1-3 yaşlı uşaqlara pulsuz yemək verilməsi ilə başlayaq və bu məsələni tez-tez gündəmə gətirirəm. Hesab edirəm ki, bu təxirəsalınmadan həll edilməlidir. Çünki uşağın formalaşması bu illərdə başlayır və bizim əksər ailələrin uşaqları vitamin çatışmamazlığı ucbatından düzgün inkişaf edə bilmirlər. Elə savadsızlığın, zehin zəifliyinin, bəstəboyluğun və digər problemlərin də səbəbi budur.
Büdcə vəsaitləri artan kimi 1-3, sonra 3-6, 6-12 və sairə üzrə mərhələlərlə digər sosial müavinətləri dayandırıb birdəfəlik uşaq pulu vermək lazımdır və bunun üçün də əlimizdən gələni edəcəyik", - deyə deputat bildirib.
Müsahibəsinin konteksdən çıxarıldığını bildirən Razi Nurullayev məsləni hüquqi müstəvidə həll etmək istədiyini bildirib. O, həmçinin Medianın İnkişafı Agentliyinə də müraciət edərək araşdırma aparılmasını xahiş edib:
"Hansı mətbuat orqanı mətbuat etikasından kənara çıxırsa, ona da münasibətimiz analoji olacaq.
Mən elə buradan rəhbərlik etdiyim Milli Cəbhə Partiyası -MCP hüquq şöbəsinə deyirəm ki, bu məsələni hüququ müstəvidə çözsünlər. Eyni zamanda, Medianın İnkişafı Agentliyi xahiş edirəm ki, bu məsələ ilə bağlı araşdırma aparıb lazımi tədbiri görün. Rəsmi müraciətimiz də olacaq", -deyə bildirib.
Onu da qeyd edək ki, Razi Nurullayev Milli Məclisin ən fəal deputatlarındandır. O, daima seçiciləri ilə görüşür, onların problemlərini həll etməyə çalışır, həmçinin MM -in iclaslarında vətəndaşları qayğılandıran məsələləri önə çəkir, müxtəlif təkliflər verir.
JASMİN