booked.netbooked.net booked.net  

Bəzi məmurların media sorğusunu cavablandırmamasına çox rast gəlirik...

Maraqlı məsələ budur ki, əgər media orqanı qarşı tərəfin mövqeyini öyrənmədən və ya əsaslı sübuta malik olmayan məlumatı yayarsa məmurlar tərəfindən cərimə etdirilə, yaxud məhkəməyə verilə bilər və s. Lakin media orqanı həmin məmurlara sorğu göndərəndə cavablandırmaqdan imtina edirlər və məmurların məhkəməyə verilməsi acı bağırsaq kimi uzanır, onları hansısa bir cərimə və ya ciddi inzibati-hüquqi cəza gözləmir.

***

"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də belə bir problemlə qarşılaşıb. O, məlumat əldə edilməsinə köməklik göstərilməsi üçün bir daha ombudsman Səbinə Əliyevaya müraciət edib. Bundan öncə Turan-ın rəhbəri bu il aprelin 14-də SOCAR dövlət şirkətinə göndərilmiş məktuba cavab alınmasına yardımçı olmağı xahiş etmişdi. O zaman, mayın 19-da Ombudsman Aparatı cavab gəlmədiyi təqdirdə kömək etməyə hazır olacağını bildirmişdi. SOCAR-ın cavab məktubu mayın 22-də Turan agentliyinə göndərilib və bir neçə gün sonra redaksiyaya daxil olub. Məktubu SOCAR-ın vitse-prezidenti Daşqın İsgəndərov imzalayıb. Məktubdan belə nəticəyə gəlmək olur ki, İsgəndərov məsələnin mahiyyətinə varmayıb və onun imzaladığı cavab yumşaq desək, səriştəli deyil və SOCAR-ın struktur bölməsi olan “Azəriqaz” İstehsalat Birliyinin qanunazidd hərəkətlərinin ört-basdır olunmasını təmin eləmək məqsədi daşıyıb. SOCAR ilə yazışmalar “Azəriqaz” İB məktublara reaksiya vermədikdən və qanunsuz hərəkətlərin aradan qaldırılması üçün tədbirlər görmədikdən sonra başlayıb.

Məsələnin mahiyyəti “Azəriqaz” İB-nin adından fəaliyyət göstərən podratçı şirkətin borcu qanunsuz hesablamasında və sayğacdan möhürü qanunsuz qırmasında, həmçinin plombun bərpası barədə xahiş və çağırışa İB-nin məhəl qoymamasındadır. Lakin bu pozuntuların araşdırılması zamanı problemlərin və sui-istifadə hallarının daha geniş miqyasda olduğu məlum olub. Bu da həmin 

 İNFORMASİYA  SORĞUSU:

"Hörmətli cənab Nəcəf,

Aprelin 14-də mən “Azəriqaz” İstehsalat Birliyi tərəfindən istehlakçı-abonentlərin hüquqlarının pozulması, bu istehsalat birliyində qeyri-sağlam atmosferlə bağlı sizə əvvəlcə elektron məktubla müraciət etdim. Sonra SOCAR-dan zəng edib məktubu faksla göndərməyi xahiş etdilər. O da sizin ünvanınıza göndərildi.

Qeyd etmək istərdim ki, faktiki olaraq SOCAR müraciətə məhəl qoymayıb – heç bir tədbir görülməyib və mən də qanunla müəyyən edilmiş vaxtda SOCAR-dan cavab almadım. Cavabı vitse-prezident Daşqın İsgəndərov mayın 22-də hazırlayıb və 25 mayda Turan agentliyinə daxil olub. Bu, həm də təkcə “Azəriqaz” İstehsalat Birliyində yox,  bütövlükdə şirkətdə qeyri-sağlam atmosferdən xəbər verir. Əvvəlcə cənab İsgəndərovun cavabı barədə. Cavabda SOCAR-ın vitse-prezidenti etiraf edir ki, G-160 N 75054790 model sayğac 7 iyul 2020-ci ildə ekspertizaya göndərilib. "Azəriqaz" Metrologiya Departamenti 8 avqust 2020-ci il tarixli aktı ilə onun nasazlığını (qaz istehlakının yanlış göstəriciləri) təsdiq edib.

Praktikada səhv göstərici real göstəricini üç dəfə üstələyib. Bu, 2018- ci ildən 2022-ci ilədək dörd il ərzində eyni dövrlər (may-iyun) üçün qaz istehlakının elementar müqayisəsilə təsdiqlənir. Yəni, 2020-ci ildən iki il əvvəl və sonra üçün. SOCAR-ın vitse-prezidentinin cavabında izahat verilmir ki, niyə o, özünü elə aparır ki, guya söhbətin nədən getdiyini başa düşmür. Cənab İsgəndərov bu suallara cavab vermir: sayğacın sıradan çıxması onun göstəricilərinə necə təsir edib və niyə sakinlər havadan götürülmüş rəqəmlərə görə pul ödəməlidirlər?

Bunun əvəzinə deyir ki, əvvəllər bina sakinlərinin 9946 manat borcu olub və onu ödəyiblər. Düzdür, bu, qış dövründə yığılan məbləğdir, sayğac sıradan çıxmadan öncə hesablanıb, sakinlər buna etiraz etmirlər və tədarük olunan qaza görə ödəniş ediblər. Göstərilən ünvandakı binada bir ümumi qaz sayğacı var və əsas qaz istehlakı qışda, bir qazanxananın işlədiyi zaman baş verir, yayda qazanxana işləmir. Sakinlərin şikayətinin mahiyyəti ondan ibarətdir ki, "Azəriqaz"ın əməkdaşları Bakının Yasamal rayonunda Qurban Xəlilov küçəsi, 5 ünvanındakı evin sakinlərini aldadaraq  istehlak etmədikləri qaza görə 1560 manatdan çox vəsaiti onlardan almağa çalışırlar. Məsələ burasındadır ki, binada xarab olan qaz sayğacı əlavə kubmetr hesablayıb. Bunu "Azəriqaz"ın yoxlaması təsdiqləyib, lakin şişirdilmiş kubmetrlərin silinməsilə bağlı ev sakinlərinin əsaslı tələblərinə baxmayaraq, "Azəriqaz" bunu etməkdən imtina edir.

Belə olduğu halda  necə olur ki, may-iyun aylarında yanvar və ya fevral aylarında olduğu kimi eyni həcmdə qaz istehlak olunur? Cənab İsgəndərovun məktubunda bu sadə suallara cavab yoxdur. Deyilənlərdən belə nəticəyə gəlmək olar ki, o, şikayətin mahiyyətini başa düşməyib və ya üzərində düşünmək istəməyib.

Cənab İsgəndərov həmçinin bir sətirlə qeyd edib ki, Turan İnformasiya Agentliyinin direktorunun müraciətində göstərilən digər faktlar öz təsdiqini tapmayıb və əlavə araşdırma aparmaq mümkün olmayıb. Baxmayaraq ki, digər faktlar 10 sentyabr 2022-ci il tarixli açıq məktubda operativ şəkildə yer alıb.

Müraciətdə “Azəriqaz”ın yol verdiyi pozuntular açıq-aydın göstərilib. İndiyə qədər, 9 aydan sonra “Azəriqaz” İB və SOCAR-a müraciətlərə baxmayaraq, G-4 №1802AZ130118065501 qaz sayğacında 14274829 saylı möhür bərpa olunmayıb. Yuxarıda qeyd olunanlarla əlaqədar mən Media haqqında, İnformasiya əldə edilməsi və Korrupsiyaya qarşı mübarizə haqqında qanunlara uyğun olaraq sizə informasiya sorğusu ilə müraciət etməyə məcburam. Maksimum qısa müddətdə (7 gündən çox olmayaraq)  cavab almaq hüququmdan istifadə edərək aşağıdakı suallara cavab verməyinizi xahiş edirəm:

1. Niyə 14 aprel 2023-cü il tarixli 558 nömrəli məktubuma qanunla müəyyən olunmuş 24 saatdan 15 günədək müddətdə  cavab verilməyib? Cavab verilməməsi SOCAR üçün normadır, yoxsa təsadüfdür?

2. Məktubda aydın şəkildə, dəqiq göstərilən problemlər niyə aradan qaldırılmayıb? Bunu sizin “Azəriqaz” İB-nin  qanunazidd hərəkətlərilə həmrəyliyiniz kimi qiymətləndirmək olarmı?

3. Bizim məlumata görə, “Azəriqaz” İB ilə çalışan 50-dən çox podratçı təşkilat olduğu halda işlərin 90%-ni iki podratçı təşkilat- "AzəriqazLayihəİnşaat" və "Metinqaz" MMC həyata keçirir? O zaman bu qədər podratçı təşkilatın məqsədəuyğunluğu nədir? Bu iki inhisarçının arxasında kimlər dayanır? Bu, “Azəriqaz” İB rəhbərliyi tərəfindən korrupsiya sui-istifadəsi deyilmi?

4. “Azəriqaz” İB nazirliyin departamenti deyil, tamhüquqlu istehsalat birliyidir. İqtisadi məqsədəuyğunluq baxımından işin səmərəliliyini artırmaq və xərcləri azaltmaq məqsədilə  bütün istehsal qüvvələri İB strukturunda cəmləşməlidir. Faktiki olaraq, podratçı təşkilatlar çilingər- qaynaq işləri aparırlar və bu, hər hansı  ixtisaslaşmış podratçı strukturun (məsələn, İKT sahəsində) həyata keçirməli olduğu spesifik fəaliyyət deyil. Və mənim 3-cü sualda və 10 sentyabr 2022-ci il tarixli açıq müraciətdə qeyd etdiyim kimi, belə münasibətlər sistemi xərclərin artmasına və sui-istifadəyə səbəb olur. Bununla razısınızmı?

5. Son vaxtlar “Azəriqaz” İB əvvəlcədən ödəniş üzrə işləyən sayğacları qazdan istifadə faktı üzrə ödəniş prinsipilə işləyən  mexaniki sayğaclarla əvəzləyir. Bu məsələnin araşdırılması ilə bağlı təcrübəm bunun aşağıdakılara gətirib çıxaracağını düşünməyə əsas verir:

- Abonentlərin borcunun artmasına (cənab İsgəndərov cavab məktubunda bunun bariz nümunəsini göstərib);

- “Azəriqaz” İB əvvəlcədən ödəniş hesabına öz fəaliyyətini subsidiyalaşdırmaqdan, yəni abonentlər tərəfindən qaz alışı və xidmətlərin göstərilməsinin kreditləşdirilməsindən məhrum olacaq;

- Sayğac göstəricilərini oxumalı olan işçilərin sayı artacaq;

- Ümumilikdə, rentabellik və maliyyə sabitliyi pozulacaq. Bununla razısınızmı?

Hörmətlə,

Mehman Əliyev".

***

Beləliklə, güman ki, qanunvericiliyin tələblərinə görə, "Turan"ın direktoru SOCAR prezidentini məhkəməyə verməli olacaq.

Xatırladırıq ki, "Təzadlar" qəzetinin rəhbərliyi də Yasamal rayon İcra Hakimiyyətinin başçısı, sabiq deputat Elşad Həsənovun barəsində Bakı İnzibati Məhkəməsinə «Məcburetmə haqqında» iddia ərizəsi təqdim edib. Qəzet rəhbərliyi iddia tələbini onunla əsaslandırıb ki, İcra başçısı qəzetin (eyni adlı saytın) informasiya sorğusunu cavablandırmaqdan faktiki olaraq imtina etmişdir. Qeyd edək ki, keşmiş deputatdır və vaxtilə səs verdiyi «Media haqqında» və «İnformasiya əldə etmək haqqında» Qanunların tələblərini pozmamalı idi. Amma pozub. Ona görə də qəzetin baş redaktoru Asif Mərzili məhkəmə iddiası qaldırmağa məcbur olub. Məhkəmənin hazırlıq iclası 2023-cü ilin avqust ayının 1-də, saat 11:50-yə təyin edilib. İddiaya hakim Günel Sevdimalıyevanın sədrliyi ilə baxılacaq. 

ELBAR

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN