Bu gün onların həyat hekayəsinə 31 illik həsrətə son qoyulması da yazılacaq...

Belə ki, bu gün Füzuli şəhərinə daha 30 ailə – 106 nəfər köçürülür. Dövlət Qaçqınkom- dan "Təzadlar"a verilən məlumata 17 ailə (56 nəfər) Bakı şəhərindən, dörd ailə (18 nəfər) Abşeron rayonundan, dörd ailə (15 nəfər) Sumqayıt şəhərindən, dörd ailə (14 nəfər) Füzuli rayonundan olub, daha bir ailə isə (üç nəfər) Beyləqan rayonunda qeydiyyatda olubdur. "...Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 25 ailə (89 nəfər) Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından səhər saat 07:00-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Füzuli RİH-nin nümayəndələri tərəfindən yola salınıb. Beyləqan və Füzuli rayonunda məskunlaşmış 5 ailə (17 nəfər) məskunlaşdıqları ərazidən yola salınacaq və Füzuli rayonunun Əhmədbəyli kəndində köç karvanına qoşularaq bir yerdə hərəkət edəcəklər.Köçürülənlərin nəqliyyat vasitələri karvanları Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən qarşılanacaq və onların yaşayış sahələrində yerləşdirilməsi ilə bağlı zəruri tədbirlər görüləcək"

Bununla da bu gün baş tutan bu tarixi köç nəzərə alınmaqla Füzuli şəhərinə indiyədək 440 ailə (1625 nəfər) köçürülüb.

Yurda qayıdışımız mübarəkdir! Bu köç və yurda qayıdış işğalçılıqla baş girləyən düşmənə- Ermənistanın hərbi- siyasi rəhbərliyinə ən ağır cəzadır ki verilir...

A.Məmmədli