Bərdə rayonu, Məmmədli kənd sakini Zeynəb Həsənova Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova və «Təzadlar» qəzeti redaksiyasına müraciət göndərib…

Şikayətçi yazır: «Hörmətli Eyyub müəllim, hörmətli redaksiya! Mənim bu müraciətimin bəlkə də birbaşa istehlakçı hüququ ilə əlaqəsi yoxdur, lakin Sizləri haqqı-ədaləti müdafiə edən təmənnasız bir şəxslər olaraq tanıyırıq, ona görə də bu müraciətimi ən Ali dövlət qurumlarına, mediaya verməyinizi istəyirəm ki, görsünlər Bərdədə kənd bələdiyyəsində nələr baş verir. Belə ki, mən qeyd olunan kǝnddə doğulmuşam, bütün vətəndaşlar kimi, mənim də dövlətimizin müəyyən etdiyi hüquqlarım vardır. 1997-ci ildə mənə 1 ha pay torpağı verilmişdir. Kənd təsərrüfatı ilə daha geniş məşgul olmaq üçün 2021-ci ildə kənd bələdiyyəsinin sədri Pərviz Tağıyevə müraciət edib pay torpağima yaxın yerdə əkin üçün yararli 3.64 ha torpağı icarəyə götürmək istədim. O vaxtki bələdiyyə sədri Pərviz Tağıyev bildirdi ki, hesabimizda pul olmadığı üçün torpağı hərraca çıxara bilmərəm, hansı ki, çoxlu sayda kənd sakini pul müqabilində hərracsız torpağa sahib olmuşlar. Hamımız da bilirik ki, bu hərraclar formal xarakterlidir. Bizim kənddə kənd sakinlərinə verilən pay torpağından başqa 1000 ha torpaq sahəsi vardır. Bunun içərisində örüş və əkinə yararlı torpaq da var. Mən yenidən müraciət etdim Pərviz Tağıyevə, lakin nəticə almadım. Daha sonra 2021-ci ildə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə müraciət etdim,  sədr müavini Kənan müəllimə. O da bələdiyyəmizə müraciət etməsini bildirdi. Yenidən bələdiyəyə yaxınlaşdım, Pərviz Tağıyev işdən çıxdığını, yerinə Əlif Əkbərlinin gəldiyini bildirdi. Həmin vaxtda əmlakın işçiləri kənddə reyd keçirirdi. 47 kənd sakininin kənd torpağını zəbt etdiyi ortaya çıxdı! Onların içində müharibədə iştirak etmiş qazilər də vardı, o torpaqları da Bərdənin İcra Hakimiyyətinin başçısı Vidadi İsayev vermişdi. Bu mübahisələr 2022-ci ildə davam etdi. Mən dəfələrlə Vidadi İsayevlə, köməkçisi Damət müəllimlə görüşmüşəm, istək və haqlı tələbimi bildirmişəm. Lakin nəticə olmayıb. 2022-ci ildə torpağı yeni gələn bələdiyyə sədri Əlif Əkbərli həraca çıxardı, halbuki Əlif Əkbərlini biz seçməmişik. Bununla bağlı 2022-ci ildə Ədliyyə Nazirliyinin Bərdə regional rəhbəri Fəqan müəllimin və onun köməkçisi Vüsal müəllimin qəbulunda olub şifahi və ərizəylə müraciət etdik ki, bizim bələdiyyə illərlə kəndin vergi pulunu yemişdir,  hər şey ortaya çıxan vaxt işdən çıxmışdır, hətta sübutum olduğunu bildirmişdim. Ərizəmdə də qeyd etmişdim. Lakin heç bir araşdırma getməmiş, bələdiyyənin işi araşdırılmamışdır. Bələdiyyənin qanunsuz əməlləri barədə verdiyim rəsmi ərizəyə dair ümumumiyyətlə, mənə hec bir rəsmi cavab verilmədi! Daha sonra Bakıda Bələdiyyələrlə iş Mərkəzinə getdim. Kruator Ayxan müəllimlə görüşdüm. Rəis müavini Ramil müəllimlə də görüşüb şikayətimi bildirdim. (2022-ci ildə Bələdiyyələrlə iş Mərkəzində). Lakin yenidən Bərdəyə işi göndərdilər araşdırmaya. Həmin il torpaq hərraca çıxarıldı. 3.64 ha ərazi üçün 1100 manat. Hərracda 1450 manat qeyd edərək hərracda iştirak etdim. Lakin yeni gələn Bələdiyyə sədri Əlif Əkbərlinin gətirdiyi Məhərrəm Qasımov 1 hektara 10.000 manat deyərək hərracda qalib gəldi. Rəsmi şəxslər hərracı aparan Nicat müəllimi video çəkilişdə izlədilər. Həmin şəxs qalib gəldi. 20 gün içində vəsaitin ödənilməli olduğu bildirildi. Lakin həmin şəxs ödəmədi. Bu onu göstərir ki, yenə bələdiyyə istəmir ki, satış olsun, mən də qaldım kənarda. Görünür hərracı təşkil edənlər istəyirlər ki, torpağın vətəndaşa verilməsini qanunsuz etsinlər, pulları da öz ciblərinə qoysunlar. Yenidən bələdiyyələrlə iş mərkəzinə- Bakiya gəldim. Mehman Mahmudovun qəbulunda oldum. Təfərrüatı ilə məlumat verdim, ərizə də yazdm. Lakin mən ordan çıxan kimi Ədliyyə Nazirliyinin Bərdə regionalının rəhbəri Fəqan müəllim mənə zəng etdi. Dedi ki, iş  araşdırılması üçün Bərdəyə göndərilib. Bundan sonra məlum oldu ki, yenə heç nə araşdırılmayacaq. Bir müddət sonra 19.04.2023-cü il tarixində Ədliyyə naziri Fikrət Məmmədova şikayət ərizəsi ünvanladım ki, bu məsələnin, yəni torpaqların qanunsuz paylanması və mənə qanunu yolla torpaq verilməməsininin araşdırılmasını xahiş edirəm. Lakin mənə cavab gəldi ki, araşdırılacaq. Yenidən 24.05.2023-cü il tarixində Fikrət Məmmədova yenidən məktub yazdım, xahiş etdim ki, ərizəmdəki qanun pozuntusu araşdırılsın. Məni Bərdə Regional İdarəyə dəvət etdilər. Yaxınlaşıb yenidən məlumat verdim. Lakin bir müddət sonra kənd bələdiyyəsi  Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin məlum araşdırması zamanı torpaq zəbt etmiş vətəndaşları idarəyə dəvət edib orda onlara dedi ki, Zeynəb Həsənova yuxarılara şikayət yazdığı üçün sizin torpaqlar üzə çıxdı. Əks halda, biz buna göz yuma bilmərik və s. Öyrədilmiş kənd sakinləri də bələdiyyənin qanunsuzluqlarını Dövlət orqanlarına çatdırdığım üçün regional idarədən qayıdan kimi məni və ailəmi təhqir və təhdid etdilər. Bununla bağlı DİN-nin 102 xidmətinə zəng etdim. Bərdə Polis Şöbəsinə dəvət olunduq. Məni təhqir edən şəxslər, eləcə də bələdiyyənin bir nümayəndəsi  və icra nümayəndəsi olan Vazik adlı şəxs dindirməyə gəldi. Lakin bizə bildirdilər ki, icra başçısı şəxsən zəng edərək səhəri gün hər birimizi qəbul edəcək. Səhər saat 11.00-dan 5-dək İH-nin qarşısında gözlədik. Lakin başçı bizi qəbul etmədi. Digər gün gəlməmiz xahiş olundu. Səhəri gün mən ora yaxınlaşanda bildirdilər ki, digər kənd sakinləri də gəlsin, qəbul edəcək, lakin 14.00-dək gözlədim. Yaxınlaşıb köməkçi Azər müəllimdən soruşanda bildirdi ki, Bərdənin polis rəisi Ənvər müəllim gəlməyib, buna görə qəbul baş tutmayacaq. Mən saat 17.00-dək gözlədim, sonra ordan ayrıldım. Ədliyyənin region rəhbəri Fəqan müəllimə həmin gün zəng etdim, mənə yüksək səslə «Siz istədiniz,  biz də torpaq zəbtini araşdırdıq, indi nə istəyirsiniz???». Mən ona bildirdim ki, şikayət etməsəydim, siz yenə gözüyumulu vətəndaşların haqq və hüququnu pozacaqdınız… O, dərhal telefonunu söndürdü..."

Şikayətçi xanım əlavə edir: "Hörmətli Eyyub müəllim, hörmətli «Təzadlar!

Həmin vaxt Bakıya gələrək 13.06.2023-cü il tarixdə Ədliyyə nazirinin müavini Vilayət Zahirovun qəbuluna getdim, ərizəmlə və şifahi şikayətimi bildirdim, əlavə olaraq digər problemi də dedim. Lakin mənə məktub gəldi ki, araşdırılır. Halbuki mən ərizələrimdə bütün məlumatları demişdim. Kəndin icra nümayəndəsinin 6 ha torpaq sahəsini  zəbt etməsi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin reyestrində də var, fotoşəkillərdə görünür. 2023-cü il tarixində həmin torpaq hərraca qoyuldu. Hətta Bərdə Regional İdarə iştirak etməyim üçün mənə aid bildiriş məktubunu bələdiyyəyə göndərmişdi, lakin mənə məlumat verilməmişdi. Məktub mən maraqlanandan sonra təsadüfən hərrac günü mənə verildi. Ədliyyə işçisi Vüsal müəllim bu məsələni bildi, amma artıq gec idi. Hərac bitmişdi,  hərracda iştirakçı olmadığından nəticə də ləğv olunmuşdu. Daha sonra Bərdə rayon Məhkəməsinə poçtla şikayət ərizəsi yazdım. Bildirdim ki, hərraca çıxarılan torpaq sahəsi yüksək məbləğdə qeydə alınır, eləcə də Bələdiyyənin qanunsuzluqlarını, mənim hüquqlarımın pozulduğunu qeyd etdim. Hətta Əmlak Məsələləri üzrə Dövlət reyestr xidmətinin birgə işlədiyi şirkətin torpağa qoyduğu qiymət bələdiyyənin qoyduğu qiymətdən qat-qat aşağıdır. Lakin məhkəmədən mənə məktub gəldi ki, bu işə baxılmır. Belə ki, problem hərrac keçirilməsi ilə əlaqədar olduğu üçün yerli məhkəmənin səlahiyyətində deyil, sənədlər mənə qaytarıldı. 20.09.2023-cü il həmin günü sənədi götürüb icra başçısının qəbuluna getdim. Orda yenidən tam, ətraflı məlumat verdim. Başçının son cavabı bu oldu ki, get məhkəməyə ver. Mən də məhkəmə kağızını çıxarıb göstərdim, rədd cavabının gəldiyini bildirdim.  Mən yenidən Bakıya gəldim, Ədliyyə Nazirliyinə getdim. Nazirin qəbuluna girmək istədim. Lakin bu günə kimi nazirin qəbuluna daxil olmamışam, istəmirlər. Daha sonra Prezident Admistrasiyasına getdim, Fuad Ələsgərovun qəbuluna yazıldım. Qəbulunda eyni ilə şifahi və yazılı ərizəmlə yuxarıda qeyd etdiyim problemi bildirdim. Lakin yenə də heç bir nəticə almadım. Yenidən bələdiyyənin sədrindən torpağı hərraca çıxarmağını xahiş etdim. Lakin 2 dəfə hərraca rüsumu öz cibindən ödədiyini və qiyməti də 1100 manat qoyacağını dedi. Mənimlə mübahisəsi düşdü. Əgər bələdiyyədə maddi maraq yoxdusa, niyə öz cibindən rüsum ödəyib? Daha sonra ona indi dövlət rüsumunu özüm ödəyəcəyimi bildirdim. Lakin bələdiyyə sədri razılaşmadı, daha artıq istədi, mən də pul olmadığı üçün razılaşmadım.

 İndi Siz deyin, torpaqlar niyə istifadəsiz qalmalıdır, yaxud kimə necə gəldi satılmalıdır? Neçə ildir bu kənddə doğulub, yaşayan bir şəxs olaraq, qanuni  yolla torpaq icarəyə götürə bilmirəm, baxmayaraq ki, bütün Dövlət orqanlarına müraciətlər etmişəm! Mənə lazımdır ki, bələdiyyə hərrac təşkil etsin, dursun kənarda, öz adamlarını gətirib oyunlar çıxartmasın!

Xahiş edirəm ki, mənim bu ərizəmin mediada işiqlandırılmasına və ən ali Dövlət orqanlarına çatdırılmasına kömək edəsiniz. Mən ata-babalarımın yaşadığı bu kəndə bələdiyyə torpağından mənə Dövlətin qanunlarına uyğun 3.64 ha torpaq verilsin və bələdiyyə qurumunda olan bu biabırçılıq ölkə Prezidentinə çatdırılsın. Sonra da deyirlər ki, niyə ət bahadır, kartof-soğan bahadır, taxıl, ot bahalaşıb və s. Hamısı yerli bələdiyyələrin sadaladığım hoqqalarından baş verir».

REDAKSİYADAN: inanırıq ki, məlum problem bu dəfə ciddiliyi ilə araşdırılacaq və qanuni həllini tapacaq.