Ötən gün ev dustaqlığına buraxılan Qubad İbadoğlu barəsində olan cinayət təqibinə tam xitam verilməsinə nail olmaq niyyətində olması barədə "Turan" Agentliyinə açıqlama verib...

Sitat: "Məhkəmənin qərarını tam azadlıq əldə etmək kimi qiymətləndirmək olmaz. Hələlik mənim barəmdə qətimkan tədbirini ev dustaqlığı ilə dəyişdiriblər. Bakıdan kənara çıxa, Azərbaycanı tərk edə bilmirəm, yaşayış yerimi dəyişdirdikdə müvafiq orqanı məlumatlandırmalıyam. Mənə qarşı əsassız ittihamlar hələ ləğv olunmayıb...".

Sonra isə İbadoğlu "Turan" agentliyi vasitəsilə vəkillərinə, onun işini işıqlandıran jurnalistlərə və mətbuat orqanlarına, hüquq müdafiəçilərinə, beynəlxalq demokratik təşkilatların nümayəndələrinə, xarici akademik dairələrdən olan həmkarlarına onun azad edilməsində səylərinə və dəstəklərinə görə minnətdarlığını bildirib.

Q.İbadoğlunun bu məzmunlu açıqlamasına RealTV-nin rəhbəri Mir Şahindən sərt cavab gəlib. "QUBAD İBADOĞLUNU ÖZÜNDƏN NECƏ AZAD ETMƏLİ!??" başlıqlı yazı TV-nin fb platformasında yayımlanıb. Sitat: "...Qubad İbadoğlu ev dustaqlığına buraxıldı. Səhhəti ilə əlaqədar olaraq sosial mediada, xüsusilə onun qaragüruha məxsus və mövqecə ona yaxın seqmentində-vəkillərin müttəhimin səhhəti ilə bağlı qaldırdığı təkidli vəsatətlərə baxaraq qərar verən məhkəmənin humanizm baxımından atdığı bu addım yanlış təqdim və şərh edilir. Populist düşərgədə məhkəmənin qərarı elə izah edilir ki, -guya əsas işi təzyiqlər bahasına bu toplu görüb. -ev dustaqlığına buraxılmaq qərarı müstəqil Azərbaycan dövlətinin məhkəməsinin yox, xaricin basqılarının, tələblərinin hansısa sanksiya təhdidlərinin nəticəsidir. Baxmayaraq ki, sadəcə ədalətli olmaq, qərara görə minnətdarlıq etməyi bacarmaq, günahını cəmiyyətə etiraf edə bilmək və gələcəkdə belə bir xətaya yol verməyəcəyinə dövləti, xalqı əmin etmək qədər səmimi, mərdanə davranmaq daha asan və daha doğru yol olardı. Qubad İbadoğlu artıq ilk müsahibələrində köhnə bayatısını oxuyur. Yenə də həmin dalğa, həmin koordinat! Axı niyə? Bu addımı mən şəxsən- Ərazi bütövlüyünü bərpa etmiş dövlətdə indi də Əhali bütövlüyünün bərpa edilməsi istiqamətində çox böyük bir addım kimi qiymətləndirirəm. Qalib dövlətin-ağır ittihamlarla həbs edilmiş vətəndaşına belə özünü təmizləmək, saflaşdırmaq, tarixinin ən qürurlu zamanını yaşayan Azərbaycana layiq olmaq fürsəti verməsi tək qəbul edirəm. Bu faktı həm də Azərbaycanda aparılan məhkəmə islahatlarının real nəticəsi hesab edirəm. Ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş, Qarabağda müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələri vaxtından xeyli əvvəl, sakit bir şəkildə Azərbaycandan çıxararaq tarixinin ən uca məqamını yaşayan dövlət özünün yeni formatına, yeni məzmununa uyğun da vətəndaş cəmiyyəti hazırlayır. Qubad İbadoğlunun ev dustaqlığına buraxılması isə yəqin ki, bu qəbildən atılmış addımlardan biridir. Həm də testdir. Alicənablığa, şükranlığa, minnətdarlığa TEST. Dövlətə güc göstərmək, yersiz hikkə nümayiş etdirmək, qıcıq yaratmaq əvəzinə indi sadəcə sakit dayanmaq, ya da layiqincə davranmaq, 9 aydan sonra “yenidən doğulmuş” (hər halda mən bunu gözləyirəm), “azad olunmuş”, ev dustağını rahat buraxmaq lazımdır.İmkan verək müalicəsi ilə məşğul olsun! Ona pislik etməyək. Emosiyalarının “isti-isti”liyindən istifadə edib danışdırmaqla səhvlərə təhrik etməyək. Qubad İbadoğluya isə obyektiv, minnətdar ola biləcək qədər səmimiyyət arzulayıram.

Mir Şahin
REAL TV
Realtv.az".
***
 Mir Şahinin bu yazısına isə çoxsaylı şərhlər təqdim edilib. Onu dəstəkləyənlər və Qubad İbadoğlunun əleyhinə nə gəldi yazanlar da var, bu yazını bəyənməyib yazanlar da. Məsələn: Elisoy Eliyev adlı fb istifadəçi yazır: "Real Tv, təhqir və etikadan kənar rəylərin yazılmasının qəti əlehinəyəm. Burdan birbaşa Mirşahinə müraciət edirəm. Mirşahin bəy və Real tv- çilər, bu rəyləri oxuyursunuzmu? Nə qədər ki, bu millətin yanında deyilsiniz, nə qədər ki, haqqın yanında yox, şərin yanındasınız, bu cür təhqirlər və etikadan kənar sözləri çox eşidəcəksiniz. Bu rəyi də yazan həyatının az qala 50 ilini Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, Qarabağ döyüşçülərinin ağsaqqal kimi qəbul etdiyi tanınmış ziyalı və Qarabağ qazisidir. Birmənalı olaraq qeyd edirəm və sübut da edə bilərəm ki, kanalınızın və onun rəhbərinin indiki mövqeyi sıfır dərəcəsindədir. Mirşahini də Qarabağdan, Şuşadan tanıyıram. Qubad bəyi də hamı yaxşı tanıyır. Qubad bəyin ev dustaqlığına buraxılması haqqında yazılan statusları və həmin statuslara yazılan rəyləri oxuyun. Sonra da qayıdın burdakı rəyləri oxuyun. Fərqi görün! Real TV əməkdaşlarına da məsləhət görərdim istefa ərizəsi yazıb kanalı tərk etsinlər. Allaha şükür ki, hər biriniz kifayət qədər biliyə və tərcürbəyə maliksiniz. Diqqətinizə görə təşəkkür".
Hələki Qubad İbadoğludan reaksiya yoxdur. Ola bilsin ev dustaqlığının hüquqi şərtində mediada hər hansı çıxışlara qadağa var, bilmirik...
"Təzadlar"