...MEDİA Agentliyi növbəti 6 ay üçün çap və elektron media subyektlərinə dövlət yardımının verilməsi üçün müsabiqə nəticələrini elan etdi.

Qalib elan edilənləri ürəkdən təbrik edirəm.
Artıq 3-cü dəfədir ki, tezadlar.az saytı dövlət dəstəyindən kənar saxlanıldı. Birinci dəfə belə qərar veriləndə şikayət verdik, ekspertlərin kimliyi bilinmədi, amma agentlik nümayəndələri məni qəbul edib dedilər ki, sizdə bütün şərtlər əladır, bircə ay ərzində xəbərlərin oxu sayı müəyyən sıralamadan keçə bilməyib. Yəni, biz maksimum həddi keçməmişik.
2-ci dəfə eyni hal baş verəndə yenə şikayət verdik, yenə də məni qəbul edib bu dəfə dedilər ki, xəbərlərin oxu sayı əladır, amma ümumi sessiya (sayta baxma müddəti) bir az aşağı olub...
Tezadlar.az saytı Türkiyədə yığılıb və ən müasir proqram təminatındadır, Türkiyədən idarə olunur. Admin rəhbəri Salih KURT-a müraciət etdim, göndərdiyi sənədlər (statistik göstəricilər) agentlik rəsmilərinin iddiasını qəti təkzib etdi. MEDİA-ya da göndərdik.

Atalar üçə kimi deyib, deyərək, 3-cü dəfə də layihə verdik.
Bu dəfə nə bəhanə deyiləcək, açığı bilmirəm... Görünür, əsas bəhanə MEDİA-dan xeyli kənarda dayanıb... 

Yenə də Avropada və Türkiyədə tanınmış media eksperti və onlayn media mütəxəssisi Salih KURT-a müraciət edib yenidən saytın son 3 aylıq bütün statistik göstəricilərini göndərməsini xahiş etmişəm. Bu sənədlər gələn kimi MEDİA Agentliyinin rəhbəri Əhməd İsmayılovla şəxsən görüşməyə çalışacağam.
Mən hələ də inanıram ki, MEDİA-da ədalət prinsipi və şəffaflıq hökm sürür. Bunu əyani bilməyim üçün isə Əhməd İsmayılovdan xahiş edəcəyəm, qalib olan saytların və qəzetlərin də müsabiqədə seçim imkanı vermiş statistik göstəriciləri ictimailəşdirilsin və ekspertlərin də kimliyi açıqlansın. Çünki şəffaflıq və ədalət olan yerdə heç nə məxfi saxlanılmamalıdır.
SONDA: "Təzadlar" qəzetinin 31 yaşı var. Azərbaycandakı mövcud qəzet və saytların fəaliyyət ilinə görə ilk 10-luqda olan mediaya sahibiq. Keçdiyimiz yol hər kəsə bəlli. 31 il maliyyə dəstəyi almadan (1 dəfə KİVDF-dən, 3 dəfə MEDİA-dan aldığımız yardım istisna) yol gələn və gedən bir media orqanı bundan sonra da özündə güc tapıb yayımlanacaq. Amma MEDİA indi tələb qoyur ki, yardım almasaq da hər ayın 20 günü, hər günə 20 özəl xəbər yayımlamalıyıq. Azərbaycanda 40-50 sayt və ya qəzet üçün günə 20 özəl xəbəri tapıb yayımlamaq o deməkdir ki, gün ərzində ölkəmizdə 1000 xüsusi hadisə baş verib. Axı bu hadisələrin 80-90 faizi rəsmidir və onu agentliklər yayır, onun da media subyektlərinə dəxli yoxdur. Neçə il əvvəl qəbul olunmuş Konsepsiyaya niyə dəyişiklik edilmir? Nə isə... Bu qədər özl xəbəri yayımlamaq üçün ən azı 3-4 jurnalist səfərbər olunmalıdır. Onlara isə minimum 400-500 manat əmək haqqı verməli, bu əmək haqlarının 25 faizini vergiyə göndərməliyik. 4 nəfərin 500 manatdan əmək haqqının özü 2 min manat, vergisi isə aya təxminən 500 manat=2500 manat edir. Bura 400-500 manat icarə haqqını da əlavə etsək, bu edir təxminən 3 min manat. İndi hansı qəzet və ya saytın aylıq nə qədər təmiz gəliri olmalıdır ki, bütün texniki problemləri, icarə haqqını (hər ay 461 manat icarə haqqı da veririk), qəzetin ayda 4 nömrəlik çapını, internet, telefon və s. xərclərini də ödəyə bilsin?! Belə çıxır ki, MEDİA öz şərtlərində yumşalma etməsə, şəxsən "Təzadlar" qəzetinin və saytın bağlanmasını elan etməli olacağıq! Adı media tariximizdə özünə yer tutan, Beynəlxalq Təşkilatların siyahısında olan, Azərbaycanda 31 ildir özünə məxsus olan dəsti-xətti, müstəqilliyi və öz yolu olan bir qəzeti (saytı) bağlayaqmı?
Qoy oxucularımız, media mütəxəssisləri, həmçinin MEDİA Agentliyinin rəhbərliyi bu suala cavab versin. Bizə - 31 yaşı olan bir media subyektinə başqa çıxış yolu qalmır...

Asif MƏRZİLİ

P.S. İstəməzdim ki, özümüzə xas olan xidmətlərimizi sadalayam. Amma və lakin... Avstraliya Parlamentində "DQR"ı tanıma qərarına mane olduq, Azərbaycan mediasında məhz biz 44 günlük Zəfər müharibəsindəki "Kukruznik" təcrübəsini araşdırıb yazdıq, General-polkovnik Elçin Quliyevin Əmri ilə "Hərbi sahədə səmərəli əməkdaşlığa görə" medalı və Fəxri Fərmanla təltif olunduq... Qazaxıstanın və Qırğızıstanın rəsmi qəzetlərinin Azərbaycanın suverenliyini şübhə altına alan xəbərlərini təkzib etdirib üzr istəmələrinə nail olduq... İki əməkdaşımız Avropa Mətbuat Federasiyasının Azərbaycandan yeganə üzvüdür... Özüm Türkiyənin 4 saytının köşə yazarıyam... Türkiyə Beynəlxalq Müharibə Cinayətlərini Araşdırma Məhkəməsinin Azərbaycan üzrə media təmsilçisiyəm... Mən hələ onu demirəm ki, hər ay Azərbaycanla bağlı 3-5 məqaləmiz Türkiyə saytlarında yayımlanır. Eləcə də Rusiyanın Əməkdar elm xadimi, Professor Kamran Rüstəmovun xüsusi olaraq "Təzadlar" üçün hazırlanmış 10-12 siyasi məzmunlu araşdırma yazıları saytımızda, məhz rus dilində yayımlanır, Ermənistanın tanınmış siyasətçilərinin, bu sırada Paşinyanın və onun komanda üzvlərinin sosial platformalarına oturdulur...

 Bunlar da o süni sessiyalara və ya oxu saylarına dəymədi?! Bilmirəm. Amma bilməyənlər onu bilsinlər ki, biz bunları MEDİA-dan yardım almadan Vətənə olan sevgimizdən etmişik, edirik və edəcəyik, amma bir daha deyirəm, bunları o 3 min manata görə etməmişik... Biz heç vaxt "Ata qızını zorladı", "Qardaş bacısının başqası ilə tutdu - ŞOK" və s. kimi başlıqlı yazılar yazıb sayta sessiya yığmadıq, sadəcə, Azərbaycan həqiqətlərini dünyaya yaydıq...

Nə isə...

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler


IMAGE
TAZİYE VE BAŞSAĞLIĞI
Perşamba, 04 Iyul 2024
By Salih KURT

Tezadlar Arxiv

İDMAN