Bu gün Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-ın dövlət katibi Antoni Blinken arasında üçtərəfli görüş olacaq.
Tezadlar.az Azərbaycan XİN ə istinadla bildirir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş bu gün, iyulun 10-da ABŞ-ın paytaxtında keçiriləcək. “Əvvəlki mesajın davamı olaraq: Vaşinqtonda əldə olunmuş razılaşmaya əsasən, iyulun 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və ABŞ dövlət katibi Antoni Blinkenin iştirakı ilə üçtərəfli görüş keçiriləcək”, - deyə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə yola düşüb. Məlumata görə, səfər çərçivəsində Ceyhun Bayramovun ABŞ-nin paytaxtı Vaşinqton şəhərində keçiriləcək NATO Zirvə görüşündə iştirakı, habelə bir sıra yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.