Azərbaycan Respublikasinin QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyə dəstəyi ilə Erməni Təcavüzünün Tanıdılması İB-nin layihəsi çərçivəsində "Xocalının ukraynalı gəlini" sənədli - xroniki filmi çəkiləcəkdir.

Filimdə Xocalinin təsviri və hadisələrin necə cərəyan etməsi öz əksini tapacaq. Filim bu sözlərlə başlayacaq. "...Bir tərəfində Kətik meşəsi, o biri tərəfində Boz dağ, sağında, solunda da çaylar başına dolanırdı kəndimizin. Hər sabahı bir umudla doğardı günəşimiz....  Bu gözəllik Xocalıya gəlin gəlmiş ukraynalı Tatyananı da valeh etmişdi. Çox keçmədən qaynayıb qarışmışdı Xocalının saf, təmiz, mələk kimi insanlarına. Sankt -Peterburqda doğulub böyüyən Tatyana xanım tanış olduğu Ramizlə evlənib Xocalıya gəlmişdilər. Həyatın onlara verdiyi yaşama şansını qaçırmadan, doya-doya yaşamaq istəyirdilər. Burda yaşayıb, qurub yaratmaq istəyirdilər. Özlərinə Xocalıda ev tikdirmişdilər. Tatyananın həyat yoldaşı Ramiz Nəsirov kəşfiyyatçı idi. Gecəsi- gündüzü yox idi. Ümidli idi ki, tezliklə Qarabağ müharibəsi sona çatacaq. Beləcə, hər şey gözəl idi. Ta 1988-ci ilə qədər. O soyuq fevral günündə 13 yaşlı qızı Elmiranı götürüb Xocalıya gələn bu ailənin də  başının üstünü qara buludlar almışdı. Hər kəs kimi onlar da kədər içindəydilər. 1988-ci ildən başlayan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə ən faciəli, tarixdə analoqu çox az olan hadisələrdən biri – Qarabağın ən qədim insan məskən­lərindən biri olan Xocalıda baş vermiş soyqırım olmuşdur. Xocalı faciəsi XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş Xatın, Xirosima faciələri ilə eyni səviyyədə durur.

  Xocalı Xankəndi şəhərindən 14 km şimal-şərqdə yerləşir. 1992-ci ilin qanlı faciəsinə kimi Xocalıda 7 min əhali yaşayırdı. Məlum hadisələr dövründə Ermənistandan, qonşu Xan­kəndindən ermənilər tərəfindən didərgin salınmış xeyli azərbaycanlı və 1989-cu ildə Fər­qanədən qovulmuş məhsəti türkləri də burada məskunlaşmışdılar. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı hərbi alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum etmişlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunmuş, sonra Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılmış, az bir vaxt ərzində şəhərdə yanğın baş vermiş, şəhər tamamilə alova bürünmüşdür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olmuşlar. Fevralın 26-sı səhər saat 5-ə kimi şəhər erməni işğalçıları tərəfindən zəbt edilmişdir. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilmişdir. Şəhəri tərk etməyə məcbur qalan əhali dağlara, meşələrə qaçmışdır. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələmiş, onlara amansız divan tutmuşdular. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşdü, girov götürüldü. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv oldu...  Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin — qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə, təhqir və həqarətlərinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyil. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qocadır. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Bu cinayətdə 56 nəfər xüsusi qəddarlıqla və amansızlıqla qətlə yetirilmişdir. Onlar diri-diri yandırılmış, başları kəsilmiş, üzlərinin dərisi soyulmuş, körpə uşaqların gözləri çıxarılmış, süngü ilə hamilə qadınların qarınları yarılmışdır. Ermənilər, hətta meyitləri də təhqir etmişlər…

***

  Facidən bir neçə ay öncə Xocalıya qızının yanına gələn İkinci Dünya Müharibəsi iştirakçısı Dimitri Dimitriyeviç yataq xəstəsinə çevrilmiş, keçirdiyi sarsıntılardan iflic olmuşdu. Artıq kənd əhalisi Xocalını tərk etməyə məcbur idilər. Tatyana iki yol ayrıcında idi. Bilmirdi həyat yoldaşı ilə getsin, yoxsa atasının yanında qalsın. Həyat yoldaşı Ramiz onu tələsdirdi. Getməliyik, geciksək əsir düşəcəyik, deyirdi. Hər ikisi ümidsiz evdən çıxdılar. Son dəfə atasının boynuna sarıldı Tatyana. Qarqar çayının kənarına qədər gəldilər. Bax burda Tatyana qəti şəkildə mən getməyəcəyəm, atamın yanında qalacağam. Sən get, qızımızı qoy tək qalmasın deyib, geri dönür Tatyana. Ramiz qadınları uşaqları çıxarmaq üçün son gücünü toplayır. Xeyli yol gedir, amma həyat yoldaşından nigaran idi. Yenidən geri qayıdır. Evinə yaxınlaşanda min bir zəhmətlə tikib qurduğu evini od-alov içində yandığını görür. Qayınatsı  Buçko Dimitri Nikolayeviç evin içində yanıb külə dönmüşdü. Tatyananın taleyindən isə  bu günə qədər bir xəbər yoxdur.  Xocalıdan olan ukraynalı gəlinin bir acı həyat hekayəsi bitmədən yarımçıq qaldı....".

  Filim SƏS TV-nin əməkdaşları tərəfindən ərsəyə gələcək. Filmin rejisoru Murad Adiloğlu, operatoru isə Mirqabildi.

"Təzadlar"

1-ser-1

1-ser-2

(Şəkillərdə: Xocalıda itkin düşmüş Tatyana Nəsirovanın qızı Elmira Nəsirova həyat yoldaşı Ramiz Nəsirov nəvəsi ilə birlikdə. Və aşagıda: Tatyana Nəsirovanın baldızı Mələk Nəsirova)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN