Tezliklə "Təzadlar" qəzetinin texniki bazasında "Press TV" internet televiziyası YouTube üzərindən yayıma başlayacaq...

 Bu barədə internet TV-nin təsisçisi, Avropa Mətbuat Federasiyasının üzvü Asif Mərzili trtajans.az-a açıqlamasında bildirib.

-...Düşünürük ki, qəzet pozulmaz arxivdir və sayt da elektron KİV olaraq öz əhəmiyyətini lazımi səviyyədə davam etdirir. Lakin bəzən elə problemlər, yaxud mövzular olur ki, canlı görüntülərin təqdim edilməsinə zərurət yaranır... Müasir elektron KİV informasiya daşıyıcılığında və məlumatın-informasiyanın video görüntülərlə ictimailəşməsində vacib rol oynayır. Biz də bu istiqamətdə gücümüzü və potensialımızı cəm edərək daha bir addım atmaq qərarına gəldik. İnanıram ki, tərəfsiz olacaq PRESS TV həm mediamızın problemlərinə, həm də cəmiyyətimizin digər sahələrinin həm problemlərinin həllinə dəstək verəcək, həm də müsbət hadisələrin-milli dəyərlərimizin dünyaya çatdırılmasında qarşısına qoyduğu vəzifənin öhdəsindən gələcək. Canlı sujetlərimiz də olacaq. Bunun üçün texniki problemlərin həlli ilə məşğuluq, yaxın zamanda bu da proqram şəklində reallaşacaq. 

-Bəs kadrların seçimi necə olacaq?

-"Təzadlar" qəzetinin özünün peşəkar, təcrübəli kadrları var. Düzdür onlar daha çox çap mediasında daha təcrübəlidirlər, lakin TV və radio sahəsində təcrübəsi olan əməkdaşlarımız da var. Maliyyə imkanı olduğu təqdirdə, daha peşəkar kadrları cəlb edəcəyik. Təkrar edirəm, hələki redaksiyanın kadr potensialı bu yükü daşımağa yetərlidir... 

-Müsahibləriniz kimlər ola biləcək?

-Azərbaycan dövlətinin uğurlarına sevinən, Vətənimizin təbliğatına can qoyan, çalışan hər kəs üçün tribunamız açıq olacaq... Sosial-siyasi, ictimai mənşəyinə görə kimsəyə fərq qoyulmayacaq. Lakin qərəzsizliyə, obyektivliyə, sağlam tənqidə... yaşıl işıq olacaq. Bizim xarici ölkələrdə çalışan əməkdaşlarımız da var. Bizimlə yaxın-doğma münasibətdə olan və Türkiyədə, İsraildə, Rusiyada, Gürcüstanda, Ukraynada... ekspert dostlarımız var. Onların canlı efirlərdə iştirakına yer veriləcək. Azərbaycanda isə, kifayət qədər yaxın münasibətimiz olan dostlarımız vardır ki, onların da deməyə sözü olacaq, dinləməyə, çəkməyə, izləyicilərə təqdim etməyə hazır olacayıq... Və çalışacayıq daha çox xarici dillərdə verilişlərimiz olsun ki, Azərbaycan həqiqətlərini dünyaya çatdıra bilək... Hədəfimiz əsasən belədir...

Qələmə aldı: Ədalət TEYMUROV