“Dronların yarışmasını keçirəcəyimizə baxmayaraq, hələ də “Dronların qeydiyyatı və istifadəsi” ilə bağlı normal qaydalar hazırlanmayıb.”

"Multimedia" Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz sosial şəbəkə hesabında “Teknofest”dən bəhs edib və təkliflər irəli sürüb.

Ekspertin sözlərinə görə, “Teknofest” festivalı öncəsi uzun müddət təsdiqini gözləyən sənədlərin qəbulu da çox yerinə düşərdi və faydalı olardı.

O, hansı səbəblərdənsə indiyəcən təsdiq olunmayan həmin vacib sənədlərin adlarını da açıqlayıb.

 “1. Azərbaycanın İnnovasiya strategiyası.

 3 ildən çoxdur ki, təsdiq olunmasını gözləyir.

Prezidentin 10 yanvar 2019-cu il tarixli fərmanı ilə 5 ay müddətində hazırlanması Prezident Administrasiyasına tapşırılmışdı.

2. Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası.

 Bir ildir ki, təsdiq gözləyir.

Prezidentin 21 aprel 2021-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti 4 ay müddətində hazırlayıb Prezidentə təqdim etməliydi.

3. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyası indiyədək təsdiqlənməyib.

Prezidentin 19 aprel 2021-ci il tarixli Sərəncamı ilə işçi qrup yaradılıb. Qrupa rəqəmsal inkişaf və nəqliyyat naziri rəhbərlik edir.  6 ay müddətində Prezidentə təqdim edilməliydi.

4. İnformasiya təhlükəsizliyi və kibertəhlükəsizlik strategiyası.

4 ildir təsdiqlənə bilmir. Prezidentin 27 aprel 2018-ci il tarixli sərəncamı ilə hazırlanmalıydı”,  - deyə vurğulayıb.

 Osman Gündüz bildirib ki, qeyd edilən sənədlərin layihələrinin hazırlanmasına məsul olanlar dəfələrlə açıqlayıblar ki, layihərlər hazırdı və razılaşdırmalara verilib.

Onun sözlərinə görə,  adı çəkilən layihələr, necə deyərlər "qaranlıq quyuya düşüb".

“Yeri gəlmişkən, festival öncəsi sektorla əlaqəli daha bir neçə vacib məsələni xatırlatmaq istərdim. Dronların yarışmasını keçirəcəyimizə baxmayaraq, hələ də “Dronların qeydiyyatı və istifadəsi” ilə bağlı normal qaydalar hazırlanmayıb. Mövcud müvəqqəti Qaydalar isə dron gətirilməsi və qeydiyyat üçün 6 dövlət qurumundan icazə alınmasını tələb edir.

Uzun illərdir ki, RİNN, KOBİA və ASAN cəmi 10 maddədən ibarət olan “Vençur maliyyələşmə və vençur fondlar" haqqında qanun layihəsini ortaya çıxara bilməyib.

Kriptovalyutalar haqqında qanunun qəbuluna, e-ticarət haqqında qanunun təkmilləşdirilməsinə də ciddi ehtiyac var”, - bildirib.

Ekspert  “Teknofest” bayramı öncəsi sektorda mövcud olan bu problemləri və çağırışları bir daha qərar qəbul edənlərə” xatırlatmaq istədiyini və  bunun faydası olacağına ümid etdiyini vurğulayıb.

 Qeyd edək  ki, “TEKNOFEST Azərbaycan ” festivalı çərçivəsində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotaj aviaşouları, reaktiv kostyumda uçan adam, su üzərində FLY BOARD şousu, külək turbini, uşaqlar üçün texnoloji üslubda əyləncə attraksionları – uşaq zonası və maraqlı konsert proqramları təqdim olunacağı bildirilir.

***

TRT-nin məlumatına görə,  “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalı Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və Selçuk Bayraktarın rəhbərlik etdiyi “Türkiye Teknoloji Takımı” – T3 Vəqfinin təşkilatçılığı ilə 2018-ci ildən etibarən hər il keçirilir (indiyədək 4 dəfə təşkil olunub).

Türkiyədən kənarda ilk “TEKNOFEST” 2022-ci il mayın 26-29-da Azərbaycanda, Bakı Kristal Zalı və ətrafındakı Dənizkənarı Bulvar ərazisində keçiriləcək.

“TEKNOFEST Azərbaycan” festivalının təşkilatçıları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və “Türkiye Teknoloji Takımı” – T3 Vəqfidir.

Tədbirin yüksək səviyyədə təşkili məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Təşkilat Komitəsi və İşçi qrupları yaradılıb, Tədbirlər Planı hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq dərkənarına əsasən icra olunması üçün aidiyyəti qurumlara göndərilib.

Festivalda 4 gün ərzində ümumilikdə 200 mindən çox ziyarətçinin (33 ölkədən 500-ə yaxın əcnəbi) iştirakı proqnozlaşdırılır.

Mayın 20-nə olan məlumata əsasən, 45 min 682 ziyarətçi qeydiyyatdan keçib, akkreditasiya sayı isə 9897-dir.

***

Xatırladaq ki, bu Festivalda iştirak  ödənişsizdir və https://iticket.az/events/teknofest elektron səhifəsi üzərindən qeydiyyatdan keçərək asan şəkildə bilet əldə etmək mümkündür.

 

Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA