Hərbi Prokurorluğun Hərbi Təsisatlarda Qanun Pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə mayoru Yasin Bayramov araşdırma aparmadan Cəbrayıl Rayon Hərbi Komissarı Anar Rəhimovun günahsızlığı barədə necə qərar verib?

Prokuror ağır xəstə olan, Hərbi hissədən tərxis olunan əsgərin səhhəti barədə necə qiyabi rəy çıxarıb???

 Cəbrayıl rayonundan köçkün düşmüş Şəfəq Rüstəmova Baş prokuror Kamran Əliyevdən kömək istəyir…

Cəbrayıl rayon sakini, məcburi köçkün Şəfəq Əli qızı Rüstəmova Cəbrayıl rayon Hərbi Komissarı Anar Rəhimovun xəstə oğlunun başına gətirdiyi inanılmaz müsibətlərlə bağlı Azərbaycanın Baş prokuroru cənab Kamran Əliyevə (Surəti «Təzadlar» qəzetinə) ünvanlanmış şikayət ərizəsini bu gün redaksiyamıza təqdim etdi. Ş.Rüstəmova bir ana kimi yaşadığı acı problemlərdən danışdıqca dəhşətə gəldik.

Aşağıda onun Baş Prokuror Kamran Əliyevə ünvanlı şikayət məktubunu ixtisarla təqdim edirik:

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevə!

Surəti: «Təzadlar» qəzeti redaksiyasına!

Çox hörmətli Kamran müəllim!

Mən 1981-cı ildə Cəbrayıl rayonunda anadan olmuşam. Erməni qansızlarının günahı üzündən qaçqınlıq vaxtı (13 yaşımda) ağır sarsıntılı ruhi xəstəliyə tutulmuşam. Vaxtaşırı müalicə olunsam da sağalmağım tam bərpa olunmamışdır.

Oğlum Rasim Rəfayıl oğlu İsmayılov da 6 yaşından bəri mənim kimi xəstədir. Ayrı-ayrı həkimlərdə müalicə olunsa da tam sağalması mümkünsüz olmuşdur. Məcburi köçkün kimi yaşayış yerimizi tez-tez dəyişmək məcburiyyətində olduğumuza görə xəstəlik barədə müfəssəl qeydiyyat aparılmamışdır. Lakin ayrı-ayrı həkimlərin müxtəlif vaxtlarda yazdığı reseptləri öz imzaları ilə bu gün də saxlanılır.

 Oğlumu hərbi qulluğa çağıranda bildirdik ki, o xəstədir, daim həkim müalicəsi alır, reseptləri də bunlardır. Xahiş etdik ki, ciddi şəkildə yoxlasınlar, həqiqətən sağlam bilirlərsə, hərbi xidmətə aparsınlar. Dedilər ki, özümüz komissiya tərəfindən müayinə etdirəcək, xəstəlik aşkar olunsa, hərbi qulluğa göndərilməyəcək. Oğlum özündə olmadığına və hərəkətlərini nizamlaya bilmədiyinə görə Cəbrayıl rayon Hərbi Komissarlığının işçiləri onu zorla, sürüyərək hərbi xidmətə yola saldılar. Hətta göndərəndən sonra  bizə xəbər verdilər. Dəfələrlə oğlumla görüşmək istəsək də buna imkan verilmədi.

Oğlum N saylı hərbi hissədə qulluq edirdi. Biz çox böyük çətinliklərlə, ayrı-ayrı ünvanlara üz tutduqdan sonra oğlumu bizə göstərdiklərində onun qollarında qandal olduğunu gördük, özü isə bizi tanıyacaq halda deyildi. Çox böyük çətinlikdən sonra onun əvvəlcə Sərhəd Qoşunları Hospitalına, oradan isə Maştağa qəsəbəsində yerləşən ruhi xəstəxanaya göndərdilər. Həkim komissiyası onun hərbi qulluğa yararsız olduğunu təyin edərək, “Şizofreniya” diaqnozlu xəstəliyi olduğunu təyin etdi. Beləliklə, Hərbi Həkim Komissiyasının rəyi və aktı əsasında oğlum hərbi xidmətdən azad olunduqdan sonra biz oğlumu müxtəlif həkimlərdə, o cümlədən, professor Nadir İsmayılovun təyinatı ilə müalicə etdirməyə başladıq. Xəstəlik həddindən artıq dərəcədə ağırlaşdığına görə müalicə hələ də nəticəsiz qalmışdır.

Hörmətli Kamran müəllim!

Xalq arasında və sosial media səhifələrində «Tərtər hadisələri» barədə geniş bəhs olunur. Bəzi məsuliyyətsiz şəxslərin tabeliyindəki hərbi qulluqçulara ağır işgəncələr verdiyini eşitdikdə, biz Azərbaycan Hərbi Prokurorluğuna müraciət etdik. Bizi izahat almaq üçün dəvət edən Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Təsisatlarda Qanun Pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə mayoru Yasin Bayramovun ilk sözü istintaq aparmadan, izahat dinləmədən, o oldu ki, bu işdə Cəbrayıl rayon Hərbi Komissarının heç bir günahı yoxdur. O zaman mən düşündüm ki, axı prokuror istintaq aparmadan başqasının günahını necə təyin edə bilir??? Sonra o, bizə bildirdi ki, oğlumu ekspertiza olunması üçün Hərbi Hospitalın yanında ümumi ekspertiza idarəsinə aparmalıyıq.

 Beləliklə, biz Respublika Məhkəmə-Tibbi Ekspertizasına məsləhət üçün müraciət etdikdə bildirdilər ki, orada oğlumun xəstəliyinə aid olan ekspert olmur, onu ruhi xəstəxana, yəni Maştağa qəsəbəsində olan ekspertiza şürasına göndərmək lazımdır. Digər yerdə aparılan ekspertiza formal xarakter daşıyacaq, bu isə istintaqçının şəxsi istəyinə uyğun olacaqdır. Biz bunu Yasin Bayramova bildirdikdə, o, dedi ki, yalnız mən göndərdiyim yerə getməlisiniz. Belə olduğu halda, maddi imkanımız yol verməsə də, hüquqlarımızın müdafiəsi üçün vəkilə müraciət edəcəyimizi bildirdik. Hətta əvvəlcədən də onların bizi vəkillə təmin etməyini istədik, lakin heç bir halda vəkillə əlaqə yaratmağımıza imkan vermədilər, «Biz özümüz vəkildən daha yaxşı bilirik»,-dedilər, necə lazımdırsa qanuni şəkildə edəcəklərini bildirdilər.

 Biz paralel olaraq məktubla Respublikanın Hərbi prokuroru X.Vəliyevə yenidən müraciət edərək, oğlumun aidiyyəti üzrə ekspertlər tərəfindən yoxlanılmasını xahiş etsək də, buna məhəl qoymadan, oğlumun iştirakı olmadan, yəni ekspert rəyi verən onu görmədən, qiyabi rəyi hazırladı. Sonra yuxarıda adı çəkilən şöbə prokuroru isə bu qənaətə gəlmişdir ki, guya oğlumda xəstəlik olmamışdır, fakt üzrə günahkarlara cinayət işi açıla bilməz və cinayət işinin başlanılmasının rədd olunması haqqında qərar qəbul edildi. Yalnız bundan sonra şöbə prokuroru Yasin Bayramovun niyə Cəbrayıl rayon Hərbi Komissarının günahsızlığını əvvəlcədən, istintaq və ya təhqiqat aparılmadan söyləməsinin mənasını başa düşdüm.

Hörmətli Kamran müəllim!

Bundan sonra biz məcbur olub ərizə ilə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, H.Əliyev Fondunun Prezidenti, Azərbaycanın 1-ci Vise- Prezidenti Mehriban xanım Əliyevaya, Prezidentin hərbi məsələlər üzrə köməkçisi cənab Məhərrəm Əliyevə, Sizə- Azərbaycan Respublikasının Baş prokroru cənab Kamran Əliyevə, Azərbaycan Respublikasının hərbi prokuroru cənab Xanlar Vəliyevə baş verənlər barəsində şikayət yazdıq.

 El arasında məsəl var, od olmasa tüstü çıxmaz, «Tərtər hadisələri»nin baiskarlarının adının xalq arasında hallanması əbəs yerə olmadığını Yasin Bayramov kimiləri sübut etdilər. Onsuzda bu işin yekununda həm mənəvi, həm də oğlumun səhhətinə vurulan fiziki zərərə görə Azərbaycan Respublikası qanunlarına görə məhkəmədə, lazım gəlsə Avropa Məhkəməsində bu iş araşdırılacaq. Lakin mən bir ana kimi baş verən ədalətsizliyin müəlliflərinin Azərbaycanda cəzalandırılmasını istəyirəm. Hərbi xidmətə yollanan, Vətənin müdafiəsində şəhid və qazi olan onlarla qohumlarım, doğmalarım var. Oğlumu da Vətənin müdafiəsinə can-başla yola salmaq şərəf və ləyaqət borcumuz idi. Şəhid olan oğullarımızın hansından artıq idi ki?! Amma mən neyləyim ki, o, xəstə idi???

Hörmətli Kamran müəllim!

Mən inanıram ki, Sizin ədalətli yanaşmanız sayəsində ailəmizə ağır maddi və mənəvi zərbə vurmuş Azərbaycan Hərbi Prokurorluğunun Hərbi Təsisatlarda Qanun Pozuntuları barədə məlumatların araşdırılması şöbəsinin prokuroru, ədliyyə mayoru Yasin Bayramovun və xəstə oğlumu plan xatirinə hərbi xidmətə göndərib onun həyatını təhlükəyə atmış Cəbrayıl rayon Hərbi Komissarı Anar Rəhimovun cəzalandırılmasını təmin edəcəksiniz.

Hörmətlə:

1993-cü ildə Cəbrayıl rayonundan məcburi köçkün düşmüş: Rüstəmova Şəfəq Əli qızı

Redaksiyadan: İnanırıq ki, qeyd olunan ədalətsizlik tezliklə aradan qaldırılacaq və haqq öz yerini tapacaq.

«Təzadlar» şikayətdə adı çəkilənlərin mövqeyini öyrənmək üçün də cəhdlər etməkdədir. Əlavə məlumat veriləcək.

«Təzadlar»ın Araşdırma Qrupu


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA