booked.netbooked.net booked.net  

...25 noyabr 1952-ci ildə Bakıda anadan olub. Şərqşünas tarixçidir... 1974-cü ildə BDU-nun Şərqşünaslıq fakültəsini bitirib. 1996-cı ildə tarix elmləri namizədi, 2012-ci ildə isə, tarix elmləri doktoru alimlik dərcələrinə yiyələnib. 1976-ci ildən AMEA Azərbaycan Tarix İnstitutunda, 2002-ci ildən Milli Azərbaycan Tarixi Muzeyində elmi katib, 2005-ci ildən elmi işlər üzrə direktor müavini vəzifələrində işləyib. Hal-hazırda həmin muzeyin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsi”nin müdiri vəzifəsində çalışır. Elmi fəaliyyətində orta əsr ərəbdilli mənbələrin öyrənilməsi xüsusi yer tutur. On iki monoqrafiya və 200-ə yaxın elmi məqalənin müəllifidir. 2005-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasının “Fəxri Fərman”ı, 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib...
Deyir ki,- “Nədənsə uşaq yaşlarımdan məndə ərəb dilini öyrənməyə böyük həvəs yaranıb. Hələ məktəb vaxtı, bu dildəki yazıları görərkən, içimdə öz-özümə sualla dolu bir arzu oyanırdı. Görəsən, mən də bu dildə yazıb-oxuya bilərəmmi? İllər keçdi, mən bu dili nəinki öyrəndim, onu bir elm kimi araşdırmağa başladım. Mən həzzi elmdə tapanlardanam. Bəli, elmdə qazandığım uğurlarımın əsas sirri bundadır...”
Dedi-qodudan, qeybət və paxıllıqdan zəhləsi gedir. Boşboğazlıq edən adamlardan xoşu gəlmir, belələrindən kənar gəzir. Vaxtını düzgün bölməyi bacarır. Ailə ilə iş arasında balans yaratmağı xoşlayır. Çünki yaxşı bilir ki, ailəyə vaxtı daha çox ayırarkən elm aşağı düşür və ya əksinə elmə vaxtı çox ayıranda ailədə narazılıq yaranır. Axı elmi yaradıcılıqla məşgul olarkən, üzdən getməməli, dərinliklərə baş vurmaq lazımdır. Vətənə, el-obasına, ata-baba yurduna bağlı insandır. Ora ilə bağlı çox xatirələri var... “Atam Ağsu rayonundan idi. Hüquq-mühafizə orqanlarında çalışıb. Ona görə də, Azərbaycanın müxtəlif bölgələrində yaşamışıq. Ağsunu həmişə kiçik vətənim hesab etmişəm. Onun hər bir uğuru mənim uğurumdur. Onun haqqında hər bir xöş xəbərə sonsuz sevinirəm. Ağsunun mənzərəsi çox gözəldir. Xüsusilə, Ağsu aşırımı ilə düşərkən görünən mənzərə. Yadımdadır, mən Bakı Dövlət Universitetinin Şərqşünqslıq fakültəsi ərəb filologiyası göbəsinin ikinci kursunda oxuyarkən Misirin gənclərindən ibarət böyük bir nümayəndə heyəti Azərbaycana gəlmişdi. Proqramda bir sıra rayon mərkəzlərinə səfərlər daxil edilmişdi. Ağsu da onların arasında idi. Yaxşı oxuyan tələbələri, o cümlədən məni qonaqlara tərcüməçi təyin etmişdilər. Misirli tələbələr hələ avtobusdan Ağsunun yuxarıdan görünən mənzərəsini çox heyranlıqla seyr edərkən, mən də qürur hissi ilə “bura mənim vətənimdir” - demişdim. Bəli, Ağsu həmişə yaşıllıqlar içində qərq olan bağ-bağatlı bir yer olub, bu gün də belədir. Son illər isə, Ağsu xüsusilə gözəlləşib. Qeyd etmək istərdim ki, Ağsunun özündən də çox, onun insanları gözəldır. Hər dəfə ata-baba yurdumu ziyarət edərkən, adamların sadəliyi, qonaqpərvərliyi, böyüyə hörməti, canıyanaqlıqları məni valeh edir. Mən bilirəm ki, onlar heç vaxt səni tək qoymazlar.”- söyləyir...
İşlədiyi Milli Azərbaycan Tarixi Muzeyini ikinci evi hesab edir. Axı uzun müddətdir ki, burada çalışır, necə deyərlər, bu işə ömür xərcləyib, zamanını sərf edib...
Deyir ki,- “Mədəniyyət ocaqlarına qarşı maraq gündən-günə artır. Lakin, mən bir muzey işçisi kimi deyə bilərəm ki, bu məni o qədər də qane etmir. Bunun üçün reklam bizdə aşağı səviyyədədir. Hələ qarşıda görəcəyimiz işlər çoxdur. Bildiyiniz kimi, gənclər daha çox internet qarşısında oturmaqla dünyadan xəbər tutur. Buna rəğmən, saytlarımızda mədəniyyət ocaqlarımız haqqında yetərincə məlumat verilməlidir. Yeniyetmə və gənclərin mədəniyyət ocaqlarına daha cox cəlb edilməsi üçün KİV vasitəsi ilə maraqlı, cəlbedici proqramlar hazırlamalı, muzeylərdə nümayiş olunan eksponatlar haqqında roliklər hazırlayıb, internet saytlarında yerləşdirməliyik. Şükür Allaha ki, bu gün muzeylər yenilənir, hər il muzeylərin ekspozisiyasında yeniliklər olur, yeni materiallar daxil olduqca, ekspozisiya da yenilənir və ya köhnə materiallar fondlarda qorunan digərləri ilə əvəz edilir. Lakin, bizim informasiya vasitələrimiz gördüyümüz işlərdən geri qalır. Saytlarımızda bunları yetərincə reklam edə bilmirik. Məncə, bu cəhətdən işlərimizi canlandırmalıyıq. İnsanları yenidən muzeylərə gəlməyə həvəsləndirməliyik. Muzeylərimiz ziyarətçilər üçün Azərbaycanın mədəni irsi ilə tanış olmaq yeri olmaqla bərabər, həm də istirahət guşəsi olmalıdır. Muzeylərdə kafelər, dükanlar və eyni zamanda üzərində muzey materiallarının əks olunduğu suverinirlərin satışı təşkil olunmalıdır. Lakin bizdə muzeylərin həyətyanı sahəsi balaca, maşın saxlamağa isə yer məhduddur. Muzeylər tikilərkən, bunlar nəzərə alınmalıdır. Şərait yaradılmalıdır ki, istirahət günləri insanlar ailə üzvləri ilə muzeyə gəlsin və hər bir ailə üzvünün maraq dairəsinə uyğun ekskursiyalar təşkil edilməlidir. Xüsusilə, ailənin kiçik yaşlı uşaqları üçün xüsusi proqramlar təşkil olunmalıdır...”
Bəli, haqqında söhbət açdığım tarix elmləri doktoru, Milli Azərbaycan Tarixi Muzeyinin “Azərbaycan tarixinin elmi tədqiqi və təqdimi şöbəsi”nin müdiri Nərgiz Ağasəlim qızı Əliyevanın bu gün- noyabrın 25-də 70 yaşı tamam olur. Həyatda heç zaman görüşməmişik, necə deyərlər, yaxından tanımıram. Amma bütün ömrünü elmə və ailəsinə həsr edən bu alimi, ananı yubileyi münasibəti ilə təbrik etməyi özümə borc bildim. Axı Peyğəmbərimiz həm alimləri və həm də analara yüksək dəyər verib. Söyləyib ki- “Alimin qələminin mürəkkəbi şəhid qanına bərabərdir.” Bir də deyib ki,- “Cənnət anaların ayaqları altındadır.”
Çox yaşayın, Nərgiz xanım!
Elman Eldaroğlu
(Tezadlar.az-ın köşə yazarı)
Pin It

Tezadlar Arxiv

İDMAN