29 Avqust - mərhum jurnalist həmkarımız Babək Hüseynoğlunun doğum günüdür...
...Bəzən adamlar öz adına bənzəyir. Adının mənası, məzmunu necədirsə, xasiyyəti də o cür olur. Bəlkə də min illər öncə qədim Oğuz igidlərinə müdrik el ağsaqqalı Dədə Qorqudun ad qoyması mərasimində də bu gizli hikmət varmış.
Hər halda mərhum jurnalist Babək Hüseyn oğlu Məmmədov haqqında düşünəndə sabiq həmkarımla bağlı ağla gələn ilk fikirlər bunlar oldu.
Əlində qılınc Vətəni yadellilərdən qoruyan igid sərkərdə Babək əlbəttə, bu xalqın əvəzolunmaz qəhrəmanı, milli qeyrət simvoludur.
Anologiyanın özəl fərqi odur ki, müasir dövrdə jurnalistin silahı yalnız qılınc qədər kəsərli iti qələmdir. Jurnalist Babək Hüseynoğlu öz çapında həyatını Vətənin azadlığı yolunda əsirgəməyən, yadelli işğalçılara qarşı barışmaz olan Babək qeyrətli bir vətən övladı kimi xatirələrdə yaşayır.
...İndi onun haqqında keçmiş zamanda danışmaq, xatirə söyləmək çox kədərlidir, həyatdan tez və gözlənilmədən köçməsinə təəssüflənməmək olmur. Ancaq təsəlli – yaşanan mənalı ömür, həyatda qoyulan dərin izdir.
Babək Hüseynoğlunu mən 1983-cü ildən, AzTv-də birgə çalışdığımız illərdən tanımışam. Əqidəcə bütöv, dostluğa sədaqətli, cəsur, mərd insan kimi. Sonralar jurnalistika sahəsində yollarımız zaman-zaman gah qoşalaşıb, gah ayrılıb, gah parallel müstəvilərdə davam etsə də, münasibətlərimiz ilk tanışlıqdan etibarən həmişə qarşılıqlı hörmət səviyyəsində sabit qalıb, xoş məramlı, dostcasına olub, heç bir kənar amil ona təsir edə bilməyib.
Hətta yeri gəlmişkən açığını deyim: bu münasibətlərin stabilliyini hikkə və həsədlə sinirə bilməyən pis niyyətli, iblis xislətli xəbislər, başqasının yaxşı gününü görəndə özünü pis hiss edən xudbinlər öz miskin qarayaxmaları, donosları, çuğulluqları ilə pozmağa, aranı qatmağa çalışsalar da, heç nəyə nail ola bilməyiblər. Çünki bizim əlaqələrimiz o üzdəniraq kəslərdən fərqli olaraq, hansısa məqsədə, təmənnaya, konyuktura görə deyil, əksinə, ata-baba qaydasınca - kişi sözünə, inama, etibara, güvənə əsaslanırdı.
…Qədim Oğuz yurdu İrəvanda qəzetçi-jurnalist kimi fəaliyyətə başlayıb sonra ailəsi ilə birgə Bakıya köçən Babək Hüseynoğlu 80-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsində Məktublar və Sosioloji sorğular şöbəsində çalışırdı.
1983-cü ilin aprelində mən Televiziyanın Gənclər üçün proqramlar Baş redaksiyasının Baş redaktoru vəzifəsinə təyin ediləndə qarşıma çıxan ən ağır problemlərdən biri kadrlarla bağlı oldu. Spesifik yaradıcılıq sahəsi olan televiziyada maraqlı, mənalı, dolğun məzmunlu, xalqa gərəkli yeni verilişləri yalnız ürəyi xalq üçün yanan istedadlı yaradıcılar, özləri maraqlı və mənalı olan şəxslər hazırlaya bilər. Ona görə də nə qədər böyük çətinliklər, hətta qalmaqallar hesabına olsa da, mən bu problemi mütləq həll etməyə, zəruri kadr dəyişikliyi aparmağa, redaksiyaya müasir dünyagörüşlü, yeni təfəkkürlü gənc və istedadlı jurnalistləri, bacarıqlı müəllifləri, redaktorları, rejissorları, rəssamları, operatorları, aparıcıları toplamağa çalışırdım. Nəticədə redaksiyamız tezliklə tam yeni tərkibdə fəaliyyət göstərərək “İdrak”, “Zəriflik”, “Aygün”, “7 Sual, 7 cavab” Televiktorinası, “Tələbə dünyası”, “Gənclik”, “Dünyaya sevinc gərək” və s. neçə-neçə maraqlı, populyar tele-verilişlərlə tamaşaçıların görüşünə gəldi, tamaşaçı auditoriyamız get-gedə genişləndi, artdı, çoxaldı...
Məhz o illərdə Baş redaksiya daxilində yeni yaranan “Hərbi-vətənpərvərlik” şöbəsinin müdiri vəzifəsinə digər şöbələrimizdə olduğu kimi, hələ mətbuat aləmində imzası geniş tanınmasa da, ancaq istedadı, perspektivi olan gənc jurnalist Babək Məmmədovu dəvət etdim. Çox böyük enerji və həvəslə fəaliyyətə başlayan Babək Məmmədov sonrakı birgə iş prosesində özünün qələm təcrübəsi, redaktə bacarığı, təşkilatçılıq qabiliyyəti və işə ciddi münasibəti ilə bu seçimin doğruluğunu dönə-dönə sübut etdi.
Mürəkkəb xarakterli müharibə veteranları kontingenti ilə işləmək baxımından zəruri jurnalist xüsusiyyətlərinə malik Babək Məmmədov öz vəzifəsini bacarıqla, sevə-sevə, böyük məsuliyyət hissilə icra edirdi. Tezliklə Babəkin “Hərbi-vətənpərvərlik” şöbəsində hazırladığı “Hünər”, “Qəhrəmanlıq”, “Heç kəs unudulmur”, “Fırtınadan doğulmuşlar” və s. verilişlər tamaşaçı auditoriyasının rəğbətini qazandı. Babək həqiqi mənada özünü bütünlüklə bu proqramların keyfiyyətlə hazırlanmasına həsr edirdi. Bəzən o, qəhrəmanların döyüş yolunu izləmək, hansısa bir maraqlı süjeti lentə çəkmək üçün keçmiş İttifaqın ən ucqar nöqtələrinə belə yaradıcılıq ezamiyyətinə gedirdi. Bu verilişlər gənc nəslə vətənpərvərlik ruhu aşılayır, həyata hazırlıqla, vətənə xidmətlə bağlı zəruri məlumatlar verir, igid sərkərdələrin, məşhur qəhrəmanların həyatını örnək kimi təqdim edirdi.
Bəlkə də sonralar torpağımıza vəhşi ermənilər təcavüz edəndə, xalqımız azadlıq, müstəqillik mübarizəsinə qalxanda sinəsini Vətənə sipər edən cəsur gənclər arasında həm də o tele-verilişlərin ruhlandırdığı, nurlandırdığı vətənsevər oğullar vardı...
Vaxtilə bir şöbənin rəhbəri kimi televiziya konveyerinə fəal qoşulan Babək Hüseynoğlu müəyyən müddət keçdikdən sonra artıq püxtələşmiş televiziya mütəxəssisi kimi bütün AzTV Şirkətinin rəhbəri vəzifəsinədək yüksələcəkdi... Ancaq hələlik qarşıda gərgin mübarizələrlə dolu ağır illər dururdu.
1985-dən etibarən Kremlin yenidənqurulan siyasəti erməni quldurlarına dəstək verib, yüz minlərlə dinc soydaşımızı doğma ocağından, qədim Oğuz yurdundan didərgin saldı. Azərbaycanın durumu get-gedə ağırlaşdı. Qəzəbdən kükrəyən xalq illər, qərinələr, əsrlər boyu sədaqətlə qulluq etdiyi Moskvaya, Sovet hakimiyyətinə, Kommunist Partiyasına inamını itirib, azadlıq, müstəqillik hərəkatına qalxdı.
O dövrün kəskin ictimai-siyasi prosesləri fonunda jurnalist Babək Hüseynoğlu da öz səsi, sözü, qələmi ilə azadlıq meydanında, milli mücadilənin içərisində, haqqın-ədalətin yanında idi. Alovlu çıxışları, prinsipial mövqeyi, iti qələmi ilə... O çətin, hətta qorxulu dövrlərdə Babək Hüseynoğlunun Baş redaktorluğu ilə çıxan məşhur “Aydınlıq” qəzeti mübarizələrin önündə idi. “Aydınlıq” eyni amallı insanların haqq sözünü yayan demokratik mətbu orqan kimi xalqın arasında açıq-aşkar yazıları ilə sevilir, tarixi həqiqətləri, ictimai-siyasi problemləri olduğu kimi işıqlandırır, zəruri milli dəyərləri, azadlıq, müstəqillik, suverenlik ideyalarını ictimai fikirə təlqin edirdi.
O vaxt mən artıq “Vətən səsi” qəzetində işləyirdim və biz yenə də Babəklə həmkar kimi tez-tez “Azərbaycan” nəşriyyatında görüşür, redaksiyada fikir mübadiləsi edir, ictimai-siyasi, yaradıcılıq müzakirələri aparırdıq. Biz daha eyni redaksiyada çalışmasaq da, yenə eyni strateji mübarizə xəttində idik. Müstəqillik, azadlıq, demokratiya uğrunda mübarizələrin ən qızğın çağları olan 1990-92-ci illərdə ictimai şüura təsir baxımından xüsusi önəm verib geniş yayılmasını zəruri saydığım bəzi aktual yazılarmı Babək Hüseynoğluna təqdim edirdim və o, həmin kəskin məqalələri necə deyərlər, nöqtəsinə-vergülünə toxunmadan “Aydınlıq” qəzetində çap edirdi: (məs., “Sergey Kostrikov kimdir”, “İstiqlal” moizələri”, “Bakıdan Şuşaya səyahət” və s.) Eynilə Babəkin qəzetindəki maraqlı yazıları da biz götürüb “Vətən səsi”ndə təkrar verirdik (məs., o vaxtlar Mütəllibov hakimiyyətinin Bakıya buraxmaq istəmədiyi üçün hələlik Naxçıvanda yaşayan Heydər Əliyev haqqında istedadlı şair-publisist Zeynal Vəfanın yazdığı “Şəxsiyyət” məqaləsi və s.) Bütün bu inqilabi ruhlu yazılar geniş oxucu kütləsi arasında indiki leksikonla - “bomba” effekti yaradır, ictimai fikrə ciddi təsir göstərir, proseslərin axarını müəyyənləşdirmək baxımından bir növ ideoloji təminat funksiyasını yerinə yetirirdi.
Beləcə, 1980-ci illərdə bizim Televiziyadan başlanan əməkdaşlığımız 1990-cı illərdə qəzetçilik sahəsində davam etdi.
...Nəhayət, azadlıq, demokratiya uğrunda mübarizələr, əzab-əziyyətlər öz bəhrəsini verdi, haqq öz yerini tutdu və xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev yenidən hakimiyyət sükanı arxasına keçdi. Hakimiyyətə qayıdışından sonra ulu öndərin ilk sərəncamlarından biri çətin sınaq illərindən mərd, mübariz insan və istedadlı publisist kimi tanınan jurnalist Babək Hüseynoğlunun Azərbaycan Dövlət Teleradio Şirkətinin rəhbəri vəzifəsinə təyinatı oldu. Bu, Ulu öndərin kütləvi informasiya vasitələrinə necə mühüm əhəmiyyət verməsi ilə yanaşı, həm də Babəkə olan inamın, diqqətin, qayğının təzahürü idi. Vaxtilə Azərbaycanın azadlığı, müstəqilliyi naminə apardığı mübarizələrə görə Teleradiodan uzaqlaşmağa məcbur olan cəsarətli söz adamı indi azad, müstəqil Azərbaycanın Teleradiosuna rəhbərlik edirdi. İmperiyanın yanlış siyasətinə kəskin etiraz edən vicdanlı qələm sahibi bütün bilik və bacarığı ilə gənc müstəqil milli dövlətimizin xidmətində idi.
Bizim onunla birgə fəaliyyətimiz bu dəfə dövlət qulluğu sahəsində davam etdi. Ulu öndərin xeyir-duası ilə mən də Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri vəzifəsinə təyin olunmuşdum. Və biz Vətən naminə vicdanla, sağlam əqidə və yüksək amalla çalışmalarımızı müstəqil dövlətimizin informasiya siyasəti sahəsində davam etdirdik.
...Yaddaş axarında nəzər saldığım bu qısa məqamlar ömrü boyu adının mənasını doğruldaraq yaşayan üsyankar ruhlu, sağlam əqidəli, mərd, mübariz jurnalist həmkarımız Babək Hüseyn oğlu Məmmədovun həyatından bəzi fraqmentlərdir. O bütün ömrünü bu cür sədaqətli Vətən oğlu, cəsarətli jurnalist, qayğıkeş insan, etibarlı dost kimi halal yaşadı.
Ruhu şad olsun!
Akif ƏLİ,
fəlsəfə doktoru,
yazıçı-publisist