Unudumaz azadıq aşiqi, görkəmi uşaq yazıçısı, tənqidçi və müəllim, folklorşünas Səməd Behrəngini xatırladıq...

Şəki şəhəri Mərkəzi kitabxananın Uşaq şöbəsi 3 saylı kitabxana filialı və S.Vurğun adına Folklor Evinin birgə təşkilatçılığı ilə Cənubi Azərbaycanın tanınmış uşaq yazıçısı, azadlıq mübarizəsinin simvolu Səməd Behrənginin (24 iyun 1939 - 31 avqust 1967) anım günü ilə əlaqədar "Milli Mədəniyyətin Oyaq Vicdanı" adlı dəyirmi masa keçirildi. Uşaq şöbəsinin kitabxanaçısı Könül Kərimova tədbirin mövzusu haqqında qısa məlumat verdikdən sonra yazıçının həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş olundu. Tədbirdə qonaq qismində iştirak edən Şəki şəhər 4 saylı uşaq bağçasında uzun müddət müdir vəzifəsində çalışmış Rəna Nemətova, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Qiymət Məhərrəmli və 10 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Gülər Vahabova mövzu ətrafında çıxışlar etdilər.

Tədbirdə vurğulandı ki, valideynlər evdə, müəllimlər isə bağça və məktəblərdə Səməd Behrənginin həyat və fəaliyyətini, bədii yaradıcılığını uşaqlara yaxşı öyrətsinlər ki, balacalar bu ölməz yazıçının mübarizələrlə dolu, faciəli ömür yolu, həmçinin uşaq hekayələri ilə yaxından tanış ola bilsinlər. Xüsusən də, müəllimlər üçün Səməd Behrənginin azadlıq mücadiləsi nümunəsi bir örnək olsun. Fəal oxucular S.Behrənginin kiçikhəcmli hekayələrindən nümunələr söylədilər.

Tədbirin davamı kimi Qiymət xanım Məhərrəmlinin söylədiyi "Can Təbriz" şeiri və uşaqlar üçün yazdığı "Canlı məktub" və "Gicitkən" şeirlərini şairin dilindən eşitmək olduqca xoş idi. Müəllim və valideynlər, kitabxana əməkdaşları şairin digər şeir kitabları ilə bərabər, uşaqlar üçün yazdığı şeir kitabını da böyük həsrətlə gözlədiklərini dilə gətirdilər. Qərara alındı ki, şairin yaxınlarda nəşri nəzərdə tutulan uşaq şeirləri kitabının ilk təqdimatı da elə bu kitabxanada keçirilsin.

Tədbir Səməd Behrəngiyə həsr edilmiş mahnının səsləndirilməsi ilə yekunlaşdı...

Y.Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN