Azərbaycan səhnəsində aktyorluq məharəti, ecazkar səsi ilə yaddaqalan obrazlar yaratmış aktyorlar çox olub.
Onların sırasında Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Abbas Mirzə Şərifzadə, Ülvi Rəcəb, Ələsgər Ələkbərov, Möhsün Sənani və başqalarının adlarını qürur hissi ilə çəkə bilərik. Özünəməxsus sənəti ilə seçilənlər arasında Xalq artisti İlham Əsgərovun də öz yeri var. Onun istər klassik, istərsə də müasir qəhrəmanları hər biri dərin fəlsəfi, lirik, dramatik məzmun kəsb edən portretə çevriliblər.
TEZADLAR.AZ xəbər verir ki, bu gün Xalq artisti İlham Əsgərovun vəfatından 9 il ötür.
1958-ci il iyulun 16-da anadan olan İlham Əsgərov 1980-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram teatrı və kino aktyoru fakültəsini bitirib.
1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib. O, Azərbaycan Dövlət Radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biri olub.
O, 2000-ci il oktyabrın 28-də Əməkdar artist, 2006-cı il mayın 15-də Xalq artisti fəxri adlarını alıb. 2012, 2014 və 2015-ci illərdə isə Prezident mükafatına layiq görülüb.
"Közərən ocaqlar" Mirzə İbrahimov – Əli, "İblis" Hüseyn Cavid - Ərəb, "Atabəylər" Nəriman Həsənzadə - Əbubəkir, "Fəryad" Bəxtiyar Vahabzadə - Loğman və Əmir, "Dar ağacı" - Sabutay, "Rəqabət" - Nadir, "Büllur sarayda" İlyas Əfəndiyev - Həbib, "Mahnı dağlarda qaldı" - Nicat, "Sevgililərin cəhənnəmdə vüsalı" - Anaşkin, "Tənha iydə ağacı" - doktor Altay, "Hökmdar və qızı" - Məhəmməd xan, "Qarabağnamə" - İbrahim xan, "Kral Lir" Uilyam Şekspir - Fransa kralı, "Bu dünyanın adamları" Hidayət Orucov - Nemət Səmədzadə, "Eşq və intiqam" Süleyman Sani Axundov - Piri baba, "Qaraca qız" - Piri baba, "Füzuli və Əsmər" Mirmehdi Seyidzadə - Həbibi, "Mesenat" Əli Əmirli - N.Nərimanov, "Qürbətdən gələn məktublar" Həsən Həsənov - Mirzə Fətəli Axundzadə rollarını məharətlə ifa edib.
İ.Əsgərov, həmçinin “Afaqın məhəbbəti”, “Anlamaq istəyirəm”, “Aşıq Məhəbbət Sadaxlı”, “Bitməyən ömür”, “Cavad xan”, “Cavid ömrü”, “Biz qayıdacağıq”, “Böyük ömrün anları”, “Doğma sahillər”, “Sübhün səfiri”, “Mən sənin dayınam”, “Dönüş”, “Ər və arvad”, “İki veronalı”, “Kimdir Haqlı?”, “Qanun naminə” bədii filmlərində, seriallarda yaddaqalan obrazlar qalereyası yaradıb.
Azərbaycan Dövlət Televiziyasında Uilyam Şekspirin "İki veronalı" tamaşasında Valentin, İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı"da Valeh, Aslan Qəhrəmanovun "Səndən xəbərsiz”də Fərrux, Mar Bayciyevin "Ər və arvad" tamaşasında Əziz, Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?"da Fikrət, Mövlud Süleymanlının "Fatehlərin divanı" səhnə əsərində Bilgə xaqan kimi rolları dərin psixoloji, romantik xarakterləri ilə seçilir.
Qeyd edək ki, İlham Əsgərov 2015-ci il sentyabrın 6-da Bakıda vəfat edib. O, Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib