Mədəniyyət Nazirliyi maddi-mədəniyyət abidələrinin, muzeylərin, Təhsil Nazirliyi məktəblərin, Səhiyyə Nazirliyi səhiyyə ocaqlarının, Dini Komitə Allahşükür Paşazadənin idarəsi ilə birlikdə məscidlərin və s. ermənilər tərəfindən darmadağın edilməsinə görə niyə Ermənistanı beynəlxalq məhkəmələrə vermir???

…Dözəcəyik. Bütün təzyiqlərə, bütün təsirlərə, açıq və gizli hücumlara dözəcəyik. Amma Laçın keçid məntəqəsi ermənilərin üzünə açılmayacaq. Açılacaqsa da, tam beynəlxalq qanunlar çərçivəsində, Laçın keçid məntəqəsində qurulan post-terminal müstəqil Azərbaycanın konstitusiyasına uyğun olaraq işləyəcək. Ermənilər yeri, göyü ayağa qaldırsalar da, bütün yalanlarını işə salsalar da, faydası yoxdur. Laçındakı keçid-nəzarət məntəqəsi bütün dünya dövlətlərinin sərhədlərində olduğu kimi fəaliyyət göstərəcək. Bir dövlətin sərhəddi bazar yolu deyil ki, hər yetən oradan keçsin.

 Ermənistanın 21 yük dolu TIR-ları bu gündən sonra aylarla orada gözləsələr də, istəklərinə çata bilməyəcəklər. Ona görə ki, Azərbaycan BMT tərəfindən tanınmış sərhədlərində nə istəsə edə bilər və edəcək də. Bu, müzakirə mövzusu deyil. Məni maraqlandıran, daha doğrusu narahat edən başqa məsələdir.

 Elə hey eşidirik ki, ermənilər bizim əleyhimizə bütün dünyanı ayağa qaldırırlar. Elə bir situasiya formalaşdırırlar ki, sanki işğalçı Azərbaycandır, işğala məruz qalan Ermənistan, əzab verən bizik, əzabkeş ermənilər. Düzdür, 30 il torpaqlarımız işğal altında qaldı və buna görə hər yerdə başımız aşağı idi. Amma 2020-ci ilin sentyabrın 27-də başlayan və böyük qələbəmizlə başa çatan 44 günlük müharibədən sonra vəziyyət tamam dəyişdi. İndi şərtləri biz diktə edirik. Amma çox təəssüf ki, döyüş meydanında qazandığımız qələbəni informasiya müharibəsində qazana bilmirik. Bütün politoloqlar, siyasi və hərbi ekspertlər, istər sosial şəbəkələrdə, saytlarda və istərsə də peşəkar və internet televiziyalarında bir məsələni xüsusi ilə qabardırlar: biz gecikirik!

Bəli, doğrudan da informasiya mübarizəsində biz çox gecikirik. Haqlı olmayan Ermənistan hansısa məsələni dünya miqyasına çıxartmaq üçün, sanki ona bir dəqiqə kifayət edir. Necə ki, elektrik açarını şəbəkədən ayırmaqla bütün şəhəri, kəndi qaranlığa və yaxud işığa qərq etmək olar, eləcə də ermənilər açarı şəbəkəyə qoşan kimi Amerikadan tutmuş, Alyaskaya, Sibirə, Avropaya, bir sözlə, dünyanın dörd qitəsinə yalanı anındaca çatdırırlar. Biz isə günlərlə bu yalanları təkzib etməklə məşğuluq. Onu da, çox vaxt ölkə ərazisində, öz- özümüzə çatdırırıq ki, erməni bu məsələdə yalan danışır. Nəyə görə biz hadisələrin arxasınca sürünməliyik? Ola bilməzmi ki, elə informasiya yayaq ki, ermənilərin başı onu təkzib eləməyə qarışsın? Məsələn, ermənilərin gölzəmədiyi 44 günlük müharibə Ermənistana və onun havadarlarına elə bir od qoydu ki, hələ də tüstülənirlər.

qarabaq-aticma

 Yaxud, dekabrda başlayan Laçın-Şuşa yolunda ekofəalların beş aya yaxın etirazı ermənilərin gözləmədiyi addımlar idi və bu aksiya da ermənilərə çox böyük zərbə vurdu. Bu kimi addımları niyə tez-tez atmırıq? Nəyə görə haqlı olduğumuzu bir çox dillərdə dünya ictimaiyyətinə çatdır bilmirik? Bəs bizim səfirliklərimiz, diasporamız hara baxır? Üzr istəyirəm, bizdə hələ diaspora “yoxdur”- demək olar. Olanlar da ancaq alverlə məşğuldur. Biz niyə görə ermənilərin 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində törətdikləri vandallığa görə Ermənistanı Beynəlxalq Məhkəməyə vermir və məsələni daim gündəmdə saxlamırıq? Ermənilərin bu sübutlu əməli qalır bir kənarda, onların sübutsuz yalanlarını müzakirə edirik hər gün… Axı 44 günlük müharibənin gedişində bu fikirlər səslənirdi ki, ermənilər Beynəlxalq Məhkəməyə veriləcək və Azərbaycanın maddi, mədəni abidələrinin, şəxsi mülklərin dağıdılmasına, mülki əhalinin qətlinə səbəbkar olduqlarına görə hardasa 50 milyard manata yaxın təzminat ödəyəcək. Hanı bəs? Niyə bu məsələni Beynəlxalq Məhkəmədə qaldırıb, erməniləri fakt qarşısında qoymuruq ki, başları  milyardlarla manat təzminatın ödəməsinin yollarını axtarmağa qarışsın? Bu məsələdə heç bir erməni lobbisi və ya diasporu Ermənistana bir manat da verməyəcək. Bəs nəticə nə olacaq? Nəticə o olacaq ki, Ermənistan rəhbərliyi Azərbaycan rəhbərliyi qarşısında ilan dili çıxarıb yalvaracaq ki, istədiyin şərtlərlə sülh müqaviləsi bağlamağa, Xankəndidən sonuncu erməniyə qədər çıxarmağa hazırıq, amma o milyardlarla manat təzminatı ya istəməyin, ya da azaldın. İnandırım sizi ki, bu, belə olacaq. Amma biz əlimizi, qolumuzu sallayıb oturmuşuq ki, erməni bizim haqqımızda hansı yalanları yaysa, biz onu təkzib edək. Özü də Azərbaycanda. Əgər biz indiyə qədər ermənilər kimi 5-10 konqresmeni, hər bir Avropa ölkəsində bir neçə hakimi, televiziya kanallarını və digər vəzifəli şəxsləri ələ alsaydıq, onda biz də buradan düyməni basan kimi onlar xeyrimizə bülbül kimi ötməyə başlayacaqdılar.

Ermənilərin başını qatmaq üçün əlimizdə çox geniş imkanlar və faktlar var. Birini dedim. Qoy işğal zonasından olan vətəndaşlarımız, o cümlədən qədim torpağımız olan Qərbi Azərbaycandan zorən çıxarılmış soydaşlarımız da Beynəlxalq Məhkəmədə dağıdılmış və ya zəbt edilmiş mülkləri barədə təzminat davası açmaq üçün müraciət etsinlər. Laçından olan 9 nəfər Çıraqovlar ailəsini yadınıza salın. Hələ 44 günlük müharibədən çox əvvəl, bir neçə illik mübarizədən sonra şəxsi mülklərinin ermənilər tərəfindən zəbt edilməsinə və dağıdılmasına görə Ermənistan hökümətindən külli miqdarda təzminat ödənilməsi barədə qərarın çıxarılmasına nail oldular. Ona görə də ayrı-ayrı vətəndaşlar da dövlətin müəyyən dəstəyi ilə Avropa Məhkəmələrinə üz tutsunlar. Mədəniyyət Nazirliyi maddi-mədəniyyət abidələrinin, muzeylərin, Təhsil Nazirliyi məktəblərin, Səhiyyə Nazirliyi səhiyyə ocaqlarının, Dini komitə Allahşükür Paşazadənin idarəsi ilə birlikdə məscidlərin və s. dağıdılmasına görə müxtəlif beynəlxalq məhkəmələrdə erməni vandallığına qarşı niyə dava açmırlar? Məhkəmələrin sayı o qədər çox olsun ki, ermənilərin və onların havadarlarının bizim haqqımızda yalanlar yaymağa  boş vaxtları  qalmasın.

***

 Qanunu haqqımız ola-ola Laçın dəhlizində keçid məntəqəsi qurmuşuq, amma ermənilər bunu blokada adlandırır və bu barədə bir film də çəkib, guya acından öldüklərini dünyaya nümayiş etdirirlər. Bəs niyə biz erməni vandallığı barədə real səhnələri ekranlaşdırıb, dünya ictimaiyyətinə yaymırıq? Bizim ssenaristlər, rejissorlar hara baxırlar? Erməni yalanın təsirinə baxın ki, əli onlarla azərbaycanlı qanına batmış Vaqif Xaçaturyanın buraxılması üçün BMT belə tərəfsizliyini unudub bizə təzyiq edir. Əgər V.Xaçaturyan həbs edilən günün səhərisi Meşəli sakinlərini danışdırıb, onu törətdiyi cinayətləri  ingilis, alman, fransız, ispan, italyan və başqa  dillərə tərcümə edib yaysaydıq, erməni yalanları belə ayaq tutub yelriməzdi. AzTV isə savadsız politoloqları danışdırmaqla məşğuldur… Deməli, düz deyirlər, biz gecikirik. Axı nəyə görə gecikməliyik? Deməli, informasiya müharibəsi  sahəsində böyük bir boşluq var. Bu boşluğu Ali Baş Komandan, Prezident İlham Əliyev tək doldura bilməz. Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında və informasiya blokadasının yarılmasında Prezident İlham Əliyev təkbaşına mübarizə aparır. Dövlətin yuxarıda adlarını saydığım və saymadığım qalan strukturları bu sahədə heç bir iş görmürlər. Prezident İlham Əliyev «Euronyus» və digər xarici informasiya agentliklərinə verdiyi müsahibələrlə mübarizə istiqamətini göstərdi. Lakin vəzfəli şəxslərdən və ayrı-ayrı qurumlardan heç bir səs çıxmır. Belə olan surətdə gözümüzü ermənilərin ağzına tikəcəyik ki, bizim haqqımızda daha hansı yalanları danışacaqlar? Sonra biz də onların yalan olduğunu Azərbaycan ərazisində sübut etməklə məşğul olaq? Yəni özümüz deyək, elə özümüz də eşidək. Belə olmamalıdır. Müxtəlif dillərdə ermənilərdən əvvəl öz həqiqətlərimizi və erməni vandalizminin reallıqlarını sənədlərlə, filmlərlə sübut edərək yayaq ki, ermənilər onu təkzib etməklə məşğul olsunlar. Bundan sonra biz də sərhədlərimizdə keçid məntəqələrini rahatca quraq, işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işləri ilə arxayın məşğul olaraq, məcburi köçkünləri öz dədə-baba yurdlarına qaytaraq. Bəlkə bu barədə bir fikirləşək?

Elçin Məmmədli

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN