Mir Cəlal Paşayevin xatirəsinə həsr olunmuş “Ədibin evi”nin keçirdiyi III hekayə müsabiqəsində münsiflər heyətinin adlı-sanlı əksər üzvlərinin mövqeyi heç də birmənalı qarşılanmadı...

Bu hekayə müsabiqəsi barədə neçə vaxtdır yazmaq istəyirəm. Amma nədənsə, bu günə, sabaha salırdım. Bir də, istədiyim cavabların hələ hamısını ala bilməmişdim. Elə indi də ala bilməmişəm. Bununla belə, qərara gəldim ki, yazmaq məsləhətdir. Əldə etdiklərim cavablar da kifayətdir. Bunu yazmağa isə məni vicdanım məcbur edir.

Məsələ belədir: neçə ay öncə Mir Cəlal Paşayevin xatirəsinə III hekayə müsabiqəsinin nəticəsi elan olundu. Ən yaxşı hekayələr “Yağışlı bir gün idi...” adı altında kitab halında çap olundu. “Ədibin evi”nin məsləhəti ilə hazırlanmış kitab ADA Universitetinin şöbə rəhbəri Şəfəq xanımın təşkilatçılığı ilə çap olunub və Azərbaycan Dəmir Yolları QSC-nin akt zalında təqdimat mərasimi də keçirildi. Həmin təqdimatda mən də iştirak edirdim.

Əlbəttə, hekayə janrının inkişaf etdirilməsi olduqca təqdirə layiq haldır və bu sahənin ustadı olan Mir Cəlal Paşayevin adına gözəl bir töhfədir. Mən hələ orta məktəbdə oxuyarkən Mir Cəlal Paşayevin yaradıclığına xüsusi maraq göstərirdim. Onun “İtə ataram, yada satmaram” hekayəsi o qədər təsirli idi ki, həmişə xatırlayıram. Belə ki, aclıqdan əziyyət çəkən ananın yeganə xalçasını əcnəbiyə satmaması, məndə çox böyük vətənpərvərlik hissi oyatmışdı. Torpağı, vətəni dəlicəsinə sevməyimin başlanğıcı da məhz bu hekayədən qaynaqlanır.

***

Sonralar ustad şairimiz Nəriman Həsənzadənin söhbətlərində dəfələrlə eşitmişəm ki, tələbəlik illərində kasıb olduğundan şairin qış vaxtı əyni çox nazik olub. Müəllimi M.C.Paşayev onu belə görərkən, əynindəki paltosunu çıxarıb tələbə Nərimana vermişdir. Bu, M.C.Paşayevin nəinki yazıçı, hətta bir hümanist insan kimi də necə böyük şəxsiyyət olduğunun göstəricisidir. Ona görə də bu dahi insanın adına olan nə varsa, yaxşı və keyfiyyətli olmalıdır. Bu səbəbdən “Ədibin evi” adı  altında dərc olunan “Yağışlı bir gün idi...” hekayələr toplusu marağıma səbəb oldu.

Mir Cəlal Paşayevin adına artıq üçüncü dəfə təşkil edilən hekayə müsabiqəsi, deyərdim ki, olduqca aktual və vacibdir. Bu hekayələrin qiymətləndirilməsi isə, çoxsaylı münsiflər heyətinə həvalə edilib. Münsiflər heyətinin sədri isə xalq yazıçısı, gözəl hekayə və romanlar müəllifi Elçin Əfəndiyevdir.

***

“Yağışlı bir gün idi...” hekayələr toplusunun təqdimatı da çox yüksək səviyyədə keçdi. Bu müsabiqədə I yerə bir nəfər, II yerə iki nəfər,  III yerə isə üç nəfər nəzərdə tutulmuşdu. Müsabiqəyə təqdim edilmiş çoxsaylı hekayələrdən yalnız 48 nəfər müəllifin əsəri bu kitaba daxil edilib.

Əvvəlcədən qeyd edim ki, mən nə hekayə, nə də şeir yazan deyiləm. Amma ədəbiyyat həvəskarı kimi tədbirdən sonra hekayələri oxumağa başladım. Axı burada dahi sənətkar Mir Cəlal Paşayevin adı keçir. Ona görə də fikirləşdim ki, məşhur ədibin adını yeni ədəbi nəslin nümayənləri lazımınca  doğruldurmu?

Beləliklə, hekayələri oxumağa başladım. Təbii ki, əvvəlcə mükafata layiq hekayələri oxudum. Müsabiqədə qalib olmuş II və III yerləri tutan hekayələr barədə fikirlərimi bir az sonra deyəcəyəm. Amma I yeri tutan müəllifin hekayəsi məni dəhşətə gətirdi. Axı, bu qədər tanınmış yazıçıların münsiflər heyətində olduğu halda, əxlaqsızlığın baş mövzu seçildiyi bu hekayə necə I yeri tuta bilərdi? Bu insanlar heç olmasa müsabiqənin kimin adı altında keçirildiyinin fərqində idilərmi?

Oxucuları çox intizarda qoymaq istəmirəm. Həmin hekayədən bəzi məqamları diqqətə çatdırıb, sonra hörmətli oxucularla birlikdə müzakirəmizi davam  edərik.

Müəllifi Seymur Oruc olan və I yeri tutan “Yağışlı bir gün idi...” hekayəsindən sitat: “... Məsləhətlərinə (valideynlərdən, böyüklərdən söhbət gedir - E.M.) heç qulaq vermədim desəm, özümə qarşı haqsızlıq etmiş olaram. Bəzi dediklərinə uydum: dedikləri vaxtda və dedikləri qızla evləndim, dedikləri sayda uşağım oldu, hətta cinsiyyətləri də onların dediyi sıra ilə oldu uşaqlarımın. Eynən dedikləri kimi - “kişinin oğlu olar”, “qızsız evinsə dadı-duzu, bərəkəti olmur”. Böyüklər danışanda başımı aşağı saldım. İçdim, amma çəkmədim. O günə kimi nə dedilərsə, bacara bildiyimi etdim, bacara bilmədiyimi də nə elədimsə, alınmadı. Ta o günə kimi... Mənə ən böyük həyat dərsini nə ailəmizin böyükləri olan ağsaqqal və ağbirçəklər verdi, nə atamgil, nə dost-tanış... Heç kimin verə bilmədiyini bir fahişə verdi mənə”.

Bundan sonra hekayədə müəllif qeyd edir ki, evdə uşaqların ayaqqabısı, corabı yox... Körpə qızına da uşaq arabası lazımdır. Məlum olurdu ki, bütün bunlara görə arvadı dır-dır eləmirdi. Aylıq maaşının nə qədər olduğunu arvadı bilsə də, kənar çaxçuxundan xəbəri yox idi. Bir gün dostlarının təriflədiyi bir fahişə ilə yazışıb, onunla görüşə gedir. Hekayədən sitat: “... Hər şey qaydasında keçdi, ta işimi yoluna qoyduqdan sonra danışmağa başlayana kimi. Soruşdum ki, “necə oldu ki, razılaşdın, axı neçə vaxt idi dalınca idim”. O da qayıt de ki, “məcbur idim, pul lazım idi”. Dedi də bunu, pul hamıya lazımdır da... Axı mənə lazım idi soruşum ki, “nə üçün lazımdır pul?”. “Uşağa lazımdır, - dedi, - ayaqqabısı çırılıb, havalar da yaman soyuqdur, hey yağır. Yazıq uşaq, hər gün corabları yaş qayıdır evə”. Gözümün qabağında uşağımın corabını arvadın sobanın ütündə asmağı gəldi durdu. Bəlkə də yalan danışırdı. Çox güman ki, elə yalan danışırdı. Ancaq nə fayda?! Onun yalanı mənim həqiqətlərimi utandırandan sonra...”

Bu əxlaqsızlığa, ailəsinə xəyanəti təbliğ edən, böyüklərdən yox, fahişədən dərs aldığı bildirilən hekayəyə I yer verənləri, mən heç cürə başa düşə bilmirəm.

Bəs bununla bağlı münsiflər heyətinin üzvləri nə demək istərdilər? Demək istəyirlər ki, ailənin, uşaqlarının boğazından kəsib, bir anlıq ehtirasını söndürmək məqsədi ilə fahişənin uşaqlarına vermək lazımdır?

***

“Ədibin evi”ndə münsiflər heyətinin sədri tanınmış və hörmətli yazıçımız Elçin Əfəndiyevdir. Belə əxalqsız bir hekayəyə I yer verdiyinə görə münsiflər heyətinin sədri kimi Elçin Əfəndiyevlə telefon əlaqəsi saxladım. Yazıçı bunları dedi: “Sədr kimi mənim iki səsim var. Qalan səslər də 10 nəfərlik münsiflər heyətinə məxsusdur. İndi sən deyirsən ki, orada belə bir söhbət var və hekayə birinci yerə layiq deyil. Onda sən haqlısan”.

Hörmətli yazıçımıza təşəkkür edib, “münsiflər heyətinin digər üzvlərini aradım. Öyəndim ki, münsiflər heyətinin üzvü, ustad və canlı klassik olan şairimiz, M.C.Paşayevin tələbəsi olmuş Nəriman Həsənzadə bu hekayəyə “2” qiyməti verib. Bunu da onunla əsaslandırıb ki, belə hekayə onun müəllimi olmuş dahi bir yazıçının adına layiq deyil.

Münsiflər heyətinin başqa bir üzvü olan tanınmış yazıçı İntiqam Qasımzadə ilə aramızda belə bir dialoq alındı:

- İntiqam müəllim, fahişədən dərs almaq nə deməkdir? Belə əsərə də birinci yer vermək olar?

- Siz niyə burada bir qəbahət axtarırsınız? Müəllif bununla fahişəliyi təbliğ eləmir. Əksinə, insanları bundan çəkindirməyə çalışır.

- İntiqam müəllim, siz peşəkar yazıçısınız, necə rəva bilirsiniz ki, bu adam ağsaqqallardan, ağbirçəklərdən yox, fahişədən dərs aldığını xüsusilə qabardır?

- Onu sən elə görürsən. Əsərə müasir dövrdən yanaşmaq lazımdır. Əsərin qəhrəmanı evdəki kəm-kəsirləri görmək istəmir, amma biləndə ki, fahişə ondan aldığı həmin pulu uşaqlarının kəm-kəsirinə xərcləyəcək, onda ayılır ki, onun uşaqlarının da kəm-kəsirlərini ödəmək üçün həmin pula ehtiyacları var...

- İntiqam müəllim, mən çox təəssüf edirəm ki, mənim fikrimi qəbul etmək istəmirsiniz və mən heç cürə fahişədən dərs alan adama nəinki birinci yeri, heç müəllifin adam içərisinə çıxmağını rəva görmərəm.

- Onu sən elə görürsən. Hekayə müasir baxımdan normal hekayədir...

Münsiflər heyətinin daha bir üzvü tənqidçi və teatrşünas İlham Rəhimli ilə əlaqə saxladım. Ona da “ata-anasından yox, fahişədən dərs alanı necə və hansı kriteriya ilə birinci yerə layiq görmüsünüz?” sualı ilə müraciət etdim.

İ.Rəhimli verdiyim sualdan əvvəl hekayə barədə uzun-uzadı izahlarımı, iradlarımı dinlədi və yuxarıdakı sualı verəndən sonra belə dedi: “Mən indi uzaq yerdəyəm, danışa bilmirəm. Yaxşı olar ki, bu sualı müəllifin özünə verin...” - deyib telefonu qapatdı.

***

Mən münsiflərdən əvvəl bu tədbirin təşkilatçısı Şəfəq xanımla da əlaqə saxlamışdım. Şəfəq xanım bildirdi ki, “Bizim məqsədimiz hekayə janrını inkişaf etdirməkdir. Siz yazınızda da bunları qabartmalısınız ki, hekayə janırına maraq artsın. Hekayələrə qiymət verən isə münsiflər heyətidir. Mənə hekayənin məzmunu yox, janırın özünün inkişafı lazımdır. M.C.Paşayevdən sonra hekayə janırı o qədər də inkişaf eləməyib. Biz artıq bununla üçüncü müsabiqədir keçiririk. Biz müəlliflərə nəyi yazıb, yazmamağı tövsiyyə edə bilmərik. Bizim məqsədimiz hekayə janrının müasir dövrədə inkişafıdır. Xahiş edirəm, siz də yazanda bu nüansa diqqət çəkin”.

Şəfəq xanımla çox səmimi söhbətimiz oldu və mən onu tam başa düşdüm. Onun istəyi odur ki, M.C.Paşayevdən sonra hekayə janırı yaşasın və inkişaf etsin.

***

Münsiflər heyətinin daha bir üzvü, millət vəkili, filoloq Nizami Cəfərovla da əlaqə saxladım. N.Cəfərov suala cavab olaraq bunları dedi:

- Elçin, burada qəribə nə var ki? Düzdür, ağsaqqalımız Nəriman Həsənzadə həmin hekayəyə “2” qiymət verəndən sonra, onun əleyhinə danışmadım, bitərəf qaldım. Amma səsvermədə mən də I yerə layiq görülməsi üçün səs vemişəm. Burada hekayə var axı... Hekayəyə lazım olan cəhətləri burada görürəm. Biz gəlin dar çərçivədən baxmayaq. Belə dar çərçivədən baxdığımız üşün bizim əsərlərimiz gedib Avropaya çıxa bilmir...

- Nizami müəllim, bizim mentalitet deyələn bir meyarımız var. Bizimlə avropalıların dəyərləri eyni deyil axı. Seymur Oruc adlı müəllifin hekayəsi əxlaqsızlığı təbliğ edir və sizin kimi ədəbiyyatın ustadları da ona mükafata layiq yer verirsiniz. Bunu heç cürə başa düşmək olmur axı, ay Nizami müəlim...

- Elçin, biz əsərə mentalitet baxımından yox, əsər kimi qiymət verməliyik. Əsər kimi də bu müəllifin hekayəsi yaxşıdır və çox cəsarətli fikirlər söyləyib. Mən belə qəbul edirəm. Sən onu qəbul edə bilmirsənsə bu, o demək deyil ki, həmin hekayə pisdir. O sənin öz mövqeyindir. Mənə elə gəlir fikirlərimi sənə çatdıra bildim...

***

Beləcə Nizami müəllimlə xudahafizləşdik. Amma yox, filologiya elmləri doktoru, professor, yaxın dostumuz Nizami müəllim fikirlərini mənə çatdıra bilmədi, daha doğrusu qəbul etmədim. Axı öz böyüklərindən yox, fahişədən dərs alan bir müəllifi mən necə qəbil edə bilərəm? Ola bilsin müəllif nəyisə bu yolla demək istəyib. Amma o bu nəyisə başqa forma seçərək deyə və yaza bilərdi...

***

II yerin müəllifi Daşqın Məmmədovun “Bənövşə xala” hekayəsi də mükafata layiq yer deyildi. Hekayə yazı kimi normaldır. Sujet xətti yaxşı qurulub, amma mövzu elə-belə, adi məişət mövzusudur. Belə götürəndə əsərin qəhrəmanı olan Bənövşə xala şəhid anası deyil ki, onun başına gələnlər maraqlı olsun. Əri də Qarabağada yox, İkinci Dünya müharibəsində döyüşüb. Özü də müharibədən əvvəl məişət zəmində adam öldürüb, Sibirə göndərilib, oradan da könüllü İkinci dünya müharibəsinə yollanıb. Mən bu hekayədə mükafata layiq heç nə görmədim.

Daha bir II yeri Maha adlı müəllifin “Su” adlı hekayəsi tutub. Bəli, bu müəllifin Qarabağdan bəhs edən hekayəsi mükafata layiq yerdir. Müəllifin hadisələri təsvir etməsi də çox ustalıqla təsvir olunub. Dili rəvandır, axıcıdır, hadisələrin və obrazların təqdimatı yaxşıdır, səhnələr tez-tez dəyişsə də, sujet xətti dəyişmir və nəticə çıxarmağı da oxucunun ixtiyarına buraxıb.

***

Üçüncü yerin müəllifi Murad Köhnəqala tanınmış yazar olsa da, “Buğdanın göyə çəkilməsi” hekayəsi olduqca zəifdir. Hekayədə məktəbli bir qızın itlə danışması təsvir olunur. Bu isə, Seyran Səxavətin “İt intervüsü” hekayəsini xatırladır. Artıq itlə danışığı həmin hekayədə çox yüksək səviyyədə təsvir etmiş  gözəl yazıçımız Seyran Səxavətdən sonra, bir də o mövzuya qayıtmağı doğru saymıram. Əgər müəllif Seyran Səxavətdən daha yaxşı, daha yüksək, daha məzmunlu it danışığını ortaya qoya bilsəydi, yenə başa düşmək olardı. Amma burada məktəbli qızla itin danışığı oxucuda heç bir maraq oyatmır. Hörmətli Murad Köhnəqalanın burada oxucuya nəyi aşılamaq istədiyi məlum deyil. Bu səbəbdən də hekayəyə III yerin verilməsi qətiyyən başa düşülən deyil.

Üçüncü yerin II mükafatçısı Zahid Xəlilin “Zirinc kolunun laylası” hekayəsidir. Mən bu müəllifi qətiyyən tanımıram. Amma belə bir maraqlı əsər ortaya qoyduğuna görə “afərin” deyirəm.  Qarabağdakı müharibədən və Şuşanın alınmasından bəhs edən hekayədə obrazlar və səhnələr çox gözəl təsvir olunub. Xırdalıqlara varmadan demək istəyirəm ki, bu hekayə III yox, I yerə layiqdir.

Üçüncü yerin III mükafatçısı isə Mahir Rəsuloğlunun “Bağışla, səni öldürməliyəm!” hekayəsidir. Hekayənin dili zəif olsa da, mövzu və hadisələrin təsviri çox normaldır. Hekayədə yenə də Qarabağ müharibəsindən bəhs edilir. Burada müəllif bizim düşmənə qarşı necə  humanist olduğumuzu göstərmək istəyir. Hekayədən görünür ki, yaralı əsgərlə rastlaşan bir müəllim, əvvəlcə onun erməni olduğunu bilmir. Ona ilk tibbi yardım göstərəndən sonra bilir ki, qarşısındakı yaralı əsgər ermənidir. Ancaq onu öldürmək fikrindən keçmir. Erməni isə belə düşünmür. Yaxasını aralayaraq tapancasını çıxardıb, ona tibbi yardım göstərəni öldürmək istəyir. Bu zaman müəllim binti kəsmək üçün çıxardığı bıçağı cəld düşmənin ürəyinə saplayır. Bununla belə peşimançılıq hissi də keçirir ki, görəsən, şagirdləri onunla qürur duyacaq, yoxsa nifrət edəcəklər. Əlbəttə, bu müəllifin subyektiv mövqeyidir. Dediyim kimi, hekayə normaldır. Mənim fikrimcə müəllim şagirdlərinə düşmənə nifrət hissi aşılamalıdır. Humanist olduğumuz üçün son yüz ildə nə qədər faciələr yaşamışıq! Bununla belə, hesab edirəm ki, hekayə mükafata layiqdir.

Burada Nizami Cəfərova üzümü tutub deyirəm: Hörmətli Nizami müəllim, düşmənə qarşı döyüş meydanında necə humanist olduğumuzu göstərən belə əsərlər Avropaya çıxmalıdır, fahişədən dərs almağı təbliğ edən hekayələr yox!

*** 

Kitabda digər müəlliflərin də hekayələrini oxudum, olduqca maraqlı və mükafata layiq hekayələr vardı. Məsələn, adını heç vaxt eşitmədiyim İlknur Salamovanın “Balıqqulaqları və sevdiyim qız” hekayəsi olduqca diqqətçəkən əsərdir. Oğlan sevdiyi qızla dəniz kənarındakı balıqqulaqları üzərində gəzişirlər. Bu zaman Nuray adlı qız oğlana deyir: “Bax, Tanrılar üçün insanlar bu balıqqulaqları kimidir. İndi elə fikirləş ki, mən Tanrıyam və fikir ver, necə də asanlıqla onları əzib keçirəm, heç vecimə də olmur. O, tapdadığı balıqqulaqlarından çıxan səsi yamsılamağa başladı: xırc... xırc... “Görürsən, mən heç bilmirəm ki, ayağımın altında necə balıqqulağı qalıb, onların adı nədir? Onlar haralarda üzüblər, başlarına nələr gəlib?” “.

Mən şəxsən deyərdim ki, bu müəllifin əsl tapıntısıdır və çox cəsarətli ifadələrdir. Hətta dindarlar bundan xəbər tutsa, aləmi bir-birinə qatacaqlar ki, necə yəni, Tanrı insanları balıqqulağı kimi əzir? Müəllifin ideyasında bir həqiqət yükü var. İlknur xanımın daha bir tapıntısı isə aşağıdakı misralardadır. İki sevənin davalarını qalaktikaların toqquşması ilə müqayisə edən müəllif obrazın dili ilə belə deyir: “Yaxın qalaktikalar bir-birinə tərəf çəkilir. Bir-birinin ətrafında fırlanır, nəhayət, toqquşurlar. Bu zaman ulduzların, planetlərin hərəsi bir tərəfə səpələnir, toz dumana qarışır, uzun çəkən partlayışlar və xaos dövründən sonra onlar birləşərək yeni - vahid bir qalaktikaya çevrilir. İki tərəf də itkilər vermiş, xeyli dəyişmiş olsa da, bu vahidlikdə öz vəhdətini tapır. İnsanlar da eşqə düşəndə eyniylə qalaktikalar kimi birləşmə prosesini sancılı keçirirlər. O biləşmədə mütləq toqquşmalar, əsəb, gərginlik, anlaşılmazlıqlar, şübhələr, suallar olmalıdır. Belə başlayan münasibətlərin daha uzunmüddətli və daha səmimi olduğunu düşünmüşəm həmişə”.

Bu sətirlər insanı düşünməyə vadar edir və müəllifin iki sevənin birləşməsi üçün qalaktikalardan gətirdiyi bənzətmə, mən deyərdim ki, əsl tapıntıdır. Görəsən, münsiflər heyəti belə müəllifi yox, fahişədən dərs alanı nəyin naminə birinci yerə çıxardıblar?

Hekayənin sonunu da İlknur xanım çox gözəl bitirir: “Ətrafa göz gəzdirirəm. İllər ərzində dəniz çəkilməkdə davam edir, Nurayın tapdaladıqları balıqqulaqlarının üzərində obyektlər tikilib. Onlar “mahiyyətlərinə uyğun olaraq” quma çevrilə bilməyəcək, eyniylə bizim iki qalaktikadan bir qalaktika yarada bilmədiyimiz kimi...”.

Bundan əlavə, tanınmış jurnalist və publisist, çoxsaylı hekayələr müəllifi, bu günlərdə isə Vətən müharibəsi qəhrəmanı, əfsanəvi kəşfiyyatçı polkovnik-leytenant şəhid Orxan Əkbərov haqqında real hadisələr əsasında yazılan “Sonuncu əmr” romanının müəllifi olan Asif Mərzilinin də həmin kitabda hekayəsi mükafata layiq görülməyənlərin sırasındadır. Müəllifin həmin kitabda əksini tapmış “Borc dəftəri” hekayəsi Qarabağ hadisələrindən və şəhid ailəsinə olan diqqət və qayğıdan bəhs edir. Məktəbədə müəllimə işləyən Sevil xanımın həyat yoldaşı Ülvi dükançı Abbas kişidən 300 manatlıq nisyə ərzaq bazarlığı edib. Lakin neçə müddətdir görünmürmüş. Abbas kişi də özlüyündə söz vermişdi ki, Qarabağda qələbə qazansaq, bütün borc dəftərini cırıb-atacaq. Həmin günü Sevil müəllimə borcu ödəmək üçün dükana gəlir və növbəyə dayanır. Bu zaman ona ərinin şəhid olması xəbəri gəlir və növbədən çıxıb evə tərəf addımlayır. Müəllif bu səhnəni belə təsvir edir: “Abbas kişi dükana yığışanları elə oradaca qoyub, Sevilin arxasınca qaçdı:

- Bacı, dayan, dayan...

Dükandan xeyli aralanmış Sevilin ardınca qaçdığından Abbas kişinin nəfəsi kəsilmişdi. Dükanda növbə gözləyənlərin hamısı ona tərəf gəlirdi.

Abbas kişi Sevilə çata-çatda arxadan bir də səsləndi:

- Qızım, dayan, dayannn...

Sevil dayandı. Abbas kişi birtəhər özünə gəldi, təntimişdi, dili söz tutmurdu. Güclə özünü toparlayıb dedi:

- Qızım, sizin dükana borcunuz yoxdur... Yoldaşınız Ülvi ödəyib.

- Əmi, nə vaxt, harda verib?

- Dünən... Döyüşdə...”

Göründüyü kimi, olduqca təsirli və real hadisələr üzərində qurulmuş səhnədir. Bu hekayə isə, heç bir mükafata layiq görülməyib.

Belə mükafata layiq, lakin münsiflər heyətinin görə bilmədiyi hekayələr, kitabda yetərincədir. Bütün fikirlər aydın olduğu üçün münsiflər heyətinin üzvü Mətbuat Şurasının sədri Rəşad Məcid və digərlərini narahat etməyə ehtiyac qalmadı. Görünür, münsiflər heyətinə iki sevənin qalaktikaların toqquşmasından yaranan vəhdəti, Qarabağda vətən yolunda şəhid olanın ailəsinə arxa cəbhədə adi bir dükançının göstərdiyi qayğı və diqqət, döyüş zamanı düşmən əsgərinə göstərilən humanistlik yox, fahişədən dərs alanın aqibəti maraqlıdır. Bu, isə sözün bitdiyi yerdir. İndi söz oxucularımızındır.

Bu barədə hər kəsin mövqeyini dərc etməyə hazırıq. Telefonla da hər birinizin rəylərini qəbul etməkdə heç bir problem yoxdur. Əsl münsiflər isə bizim sevimli oxucularımız olacaq. 

Elçin Məmmədli

 

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN