ZƏRDÜŞT BELƏ DEDİ- HAMININ VƏ HEÇ KİMİN KİTABI   

  

                                             III HİSSƏ

6

         Ancaq sonra hamının  lal və gözlərini hərəkətsiz edən bir şey oldu: kəndirbaz kiçik qapıdan çıxdı və iki qüllə arasında uzanan və bazar meydanı və camaatın üstündən asılmış kəndirdə hərəkət etməyə başladı.Bu ara qapı təzədən açıldı, ala-bəzək geyinmiş təlxəyə bənzər biri qapıdan çıxıb kəndirbaza yaxınlaşdı.

         “Tərpən, ay axsaq,– deyə o, qorxunc səslə bağırdı,– tərpən, tənbəl öküz, qaçaqmalçı, kirşalanmış sifət! Elə eləmə ki, səni ayağımın altına alıb tapdalıyım. Bu qüllələr arasında sənin nə işin var? Səni elə o qüllənin içində bağlamaq lazımdı. Özündən yaxşı olanların yolunu kəsirsən!” - Və hər kəlmə ilə ona daha da yaxınlaşırdı və ondan cəmi bir addım aralı olanda hamını  lal, gözlərini hərəkətsiz edən dəhşətli bir şey baş verdi: o, şeytancasına qışqıraraq yolunu kəsənin üstündən tullandı. Amma rəqibinin ona qalib gəldiyini görüb başını itirdi, dirəyi yerə atdı və dirəkdən də sürətlə özü aşağı uçdu.

        Bazar əhlinin arasına bir çaxnaşma düşdü. Bu qarışıqlıqda hərə bir tərəfə, əksəriyyət isə kəndirbazın düşdüyü yerə qaçırdı. Zərdüşt isə yerindəcə dayanmışdı. Kəndirbazın möhkəm əzilmiş, amma ölməmiş,nəfəsi hələ gələn bədəni düz onun böyrünə düşdü. Az sonra onun huşu özünə gəldi və böyründə dizi üstə çökmüş Zərdüştü görüb: “Sən burada nə qayırırsan? – deyə handan-hana dilləndi. – Mən şeytanın mənə badalaq vuracağını çoxdan bilirdim. İndi məni cəhənnəmə aparmaq istəyir.Sən ona mane olmaq istəyirsən?”

      “And olsun şərəfimə, dostum, –deyə Zərdüşt cavab verdi. Haqqında danışdığın şeylərin heç biri - nə şeytan, nə də cəhənnəm yoxdur.Sənin ruhun bədənindən tez öləcək. Odur ki, heç nədən qorxma”!

        Adam şübhə ilə ona baxıb dilləndi: “Əgər dediklərin düzdürsə, onda mən həyatı itirərkən heç nə itirmirəm. Mən zərbələrlə və aclıqla rəqs etməyi öyrədilən heyvandan bir az üstünəm”?

         Zərdüşt dedi: “Heç də belə deyil. Sən təhlükədən özünə peşə yaratdın və buna görə adama nifrət etməzlər.İndi sən öz peşəndən məhv olacaqsan.Buna görə səni öz əllərimlə dəfn edəcəyəm”.

         Can verən Zərdüştün bu sözlərinə cavab vermədi,yalnız Zərdüştə minnətdarlıq etmək kimi Zərdüştün əllərindən tutdu.

7

        Bu arada axşam oldu və bazar meydanı qaranlığa qərq oldu. Sonra insanlar da dağılışmağa başladılar. Çünki insan hətta maraq və qorxudan da bezir. Lakin Zərdüşt meyitin yanında yerdə oturmağa davam etdi və düşüncələrinə qərq oldu və bununla da vaxtın keçdiyini hiss etmədi. Budur,gecə də düşdü və soyuq külək onun üzünü yaladı.Zərdüşt ayağa qalxdı və ürəyində dedi: “Ovun əcəb uğurlu oldu, Zərdüşt! Adam tutmaq istəyirdin, qismətinə meyit düşdü.

         İnsan varlığı dəhşətlidir və üstəlik, həmişə mənasızdır: aldatma onun qismətinə çevrilə bilər.

         Mən insanlara onların varlığının mənasını öyrətmək istəyirəm: bu məna fövqəlinsandır. İnsan, qara buluddan çaxan şimşəkdir.

         Ancaq mən hələ onlardan uzağam və düşüncəm onların düşüncələrini söyləmir. İnsanlar üçün mən hələ dəli ilə cəsəd arasındakı ortayam.

         Gecə qaranlıqdır, Zərdüştün getdiyi yollar da qaranlıqdır. Gedək, soyuq, cansız yoldaş! Səni öz əllərimlə basdıracağım yerə aparıram”.

8

        Bunu ürəyində deyən Zərdüşt ölünü belinə alıb yola düşdü. Lakin o, yüz addım getməmiş bir adam-qüllədəki təlxək ona yaxınlaşdı və qulağına pıçıldamağa başladı: “Çıx get bu şəhərdən, Zərdüşt! Burada çox adam sənə nifrət edir. Yaxşı və saleh insanlar sənə nifrət edir və səni düşmən  adlandırırlar. Möminlər də sənə nifrət edir və səni kütlə üçün təhlükəli adam hesab edirlər. Sənin xoşbəxtliyindəndir ki, sənə güldülər və sən həqiqətən təlxək kimi danışırdın. Bəxtin onda gətirdi ki, bu itin meyitinə sahib çıxdın. Özünü belə alçaltmağın bugünlük səni xilas etdi. Amma çıx get bu şəhərdən, yoxsa sabah mən sənin ölünün üstündən tullanacam”. Bunu deyən adam gözdən itdi və Zərdüşt qaranlıq küçələrlə yoluna davam etdi.

         O, şəhər darvazasının qarşısında qəbirqazanlarla rastlaşdı. Qəbirqazanlar Zərdüştü tanıyıb üzünə məşəlin işığını salaraq onu ələ saldılar: “Zərdüşt ölü it daşıyır.Əhsən, Zərdüşt qəbirqazan oldu! Biz əlimizi belə zibilə bulaşdırmazdıq və bizim əllərimiz bu qazanc üçün çox təmizdir. Zərdüşt  şeytanın tikəsini əlindən almaq istəyir? Nuş olsun!” Xoş şam yeməyi arzulayırıq! Amma şeytan Zərdüştdən daha hiyləgər oğru olsa necə? O, ikisini də oğurlayacaq, ikisini də yeyəcək!” Və onlar gülüb öz aralarında pıçıldaşdılar.

        Zərdüşt onlara heç bir söz deməyib yoluna davam etdi. O, iki saat meşələrdən, bataqlıqlardan keçdi və tez-tez canavarların ac ulamalarını eşitdi. Nəhayət, onu da aclıq bürüdü. O, işıq gələn tənha bir evin qarşısında dayandı.

         “Acından ürəyim gedir. Meşədə,bataqlıqda, gecələr daha çox acıram. Aclığımın heyrətamiz şıltaqlıqları var. Bu şıltaqlıqlar daha çox nahardan sonra baş verir və mən bu gün nədənsə bütün günü aclıq hiss etmədim”.

      Və bu sözlərlə Zərdüşt evin qapısını döydü. Qapıya əlində fənər qoca bir kişi çıxdı. “ Yuxumu pozan kimdir belə”? – deyə soruşdu.

     “Həm diri,həm də ölü, – Zərdüşt dilləndi. – Mənə yeməyə və içməyə bir şey verin, səhərdən dilimin altından heç nə keçməyib. Acları yedizdirən öz ruhunu zənginləşdirir”.

         Qoca getdi, amma dərhal qayıtdı və Zərdüştə çörək və şərab təklif etdi. “Bura ac qalanlar üçün pis bir yerdir. Buna görə də burada yaşayıram. Bu tərki dünya qocanın yanına vəhşi heyvan da, insan da gəlir. Ancaq yoldaşını da yeməyə çağır. Deyəsən o səndən də çox yorulub”. Zərdüşt cavab verdi: “Yoldaşım ölüb, onu yeməyə razı salmaq çətin olardı. “"Bu məni maraqlandırmır. Qapımı kim döyürsə, ona təklif etdiyimi qəbul etməlidir. Yeyin və xoş gəldiniz!” – deyə qoca mızıldanaraq cavab verdi.

         Bundan sonra Zərdüşt yola və ulduzların işığına güvənərək daha iki saat yol getdi. Çünki bu onun adət etdiyi və sevdiyi gecə gəzintisi idi. Amma hava işıqlaşanda Zərdüşt sıx bir meşəyə girdi. Burdan o yana  yol artıq görünmürdü. Sonra meyiti başının hündürlüyündə gövdəsi içiboş bir ağacın içinə qoydu.Çünki meyiti canavarlardan qorumaq istəyirdi. Daha sonra özü də yerə, mamırın üstünə uzandı və yorğun bədəni, sarsılmaz ruhu ilə dərhal yuxuya getdi.

 9

         Zərdüşt günortaya qədər yatdı və nəhayət gözlərini açdı.O, təəccüblə meşəyə baxdı, sükutu dinlədi və daxili səsinə qulaq asdı. Sonra qəfildən quru yerə həsəd aparan bir dənizçi kimi sürətlə ayağa qalxdı və sevindi: çünki o, yeni bir həqiqət gördü. Və ürəyində belə dedi:

         “Elə bil içimdə ay doğdu:  mənə ölü canlar, istədiyim yerə özümlə apardığım ruhsuz cəsəd yox, həqiqi yol yoldaşı lazımdır

         Elə bil mənə bir nur nazil oldu: Zərdüşt xalqa deyil, yoldaşlarına danışmalıdır! Zərdüşt sürünün çobanı və  iti olmamalıdır!

        Mən sürüdəki çoxlarını şirnikləndirmək üçün gəlmişəm. Camaat və sürü mənə qəzəblənəcək: çobanlar Zərdüştə quldur demək istəyirlər.

        Mən onlara çoban deyirəm, amma onlar özlərini xeyirxah və saleh adlandırırlar.

         Mən onlara çoban deyirəm, amma onlar özlərini dindar hesab edirlər.

         Xeyirxah və saleh insanlara bax! Onlar ən çox kimə nifrət edirlər? Dəyərlərini məhv edənlərə, cinayətkarlara. Amma yaradıcı elə budur.

         Möminlərə bax! Onlar bəs kimə ən çox nifrət edirlər? Dəyərləri məhv edənə. Amma yaradıcı elə budur.

       Yaradan nə cəsədlər, nə sürülər və nə də möminlər deyil,yoldaşlar axtarır. O, yaradanı,yeni lövhələrə yeni dəyərlər yazanları axtarır.

       Yaradan onunla birlikdə məhsul yığa biləni axtarır. Çünki onun üçün məhsul yetişib. Amma biçin üçün onun yüz orağı yoxdur, ona görə də o, sünbülləri qopararaq çıxarır və qəzəblənir.

        Yaradıcı insan özünə yoldaş, orağını itiləməyi bacaranı axtarır. Onları dağıdıcı, yaxşı və pisə nifrət edənlər adlandırılacaqlar.Amma onlar məhsulu biçib bayram edəcəklər.

        Zərdüşt onunla birlikdə məhsulu biçənləri və bayram edənləri axtarır. O, sürülərlə, çobanlarla və meyitlərlə nə yarada bilərdi?

       Və sən, ey mənim ilk yoldaşım, əlvida! Səni ağac oyuğunda basdırdım, səni canavarlardan yaxşı gizlətdim.

         Amma mən səninlə ayrılıram, çünki vaxt gəlib çatdı. Sübhdən axşama qədər başımda yeni bir həqiqət dolaşdı.

         Mən nə çoban, nə də qəbirqazan deyiləm.Mən bir daha xalqa danışmayacağam: sonuncu dəfə ölüyə danışdım.

         Mən yaradanlara,məhsulu yığanlara,bayram edənlərə qoşulmaq istəyir, onlara göy qurşağını və fövqəlinsanın bütün mərhələlərini göstərmək istəyirəm.

         Mən mahnımı tənhalara da, ikilikdə tək qalanlara da oxuyacağam.Eşidilməyənləri eşitmək üçün qulağı olanın qəlbini xoşbəxtliyimlə doldurmaq istəyirəm.

         Mən məqsədim üçün çalışıram, öz yolumla gedirəm; Yavaş və diqqətsiz olanların üstündən keçəcəm. Qoy mənim addımlarım onların məhvi olsun!”

10

        Zərdüşt ürəyində belə dedi. Artıq gün günorta olmuşdu. Sonra o təəccüblə səmaya baxdı və bir quş səsi eşitdi. Və o, səmada bir qartal gördü. Qartal səmada qıy vururdu və bir ilan da ondan asılı qalmışdı. Amma ilan qartalın qəniməti yox, sirdaşı idi. İlan  qıvrılaraq qartalın boynuna dolanmışdı.

        “Bunlar mənim heyvanlarımdır!”- Zərdüşt dedi və ürəyində sevindi.

     “Ən məğrur, ən ağıllı heyvan. Bilmək istəyirlər, Zərdüşt saqdırmı?  Doğrudanmı mən hələ sağam?

İnsanlar arasında olmaq heyvanlar arasında olmaqdan daha təhlükəli idi. Zərdüşt təhlükəli yollarla gedir. Qoy heyvanlarım məni aparsın!”

        Bunu deyən Zərdüşt qocanın meşədəki sözlərini xatırladı, ah çəkdi və ürəyində belə dedi:

         Kaş ki, daha müdrik, ilanım kimi tam müdrik ola bilsəydim!

         Amma mən mümkün olmayanı istəyirəm. Məğrurluğumdan həmişə ağlımla birlikdə getməsini xahiş edirəm!”

        Və əgər ağlım məni tərk etsə - ah, o uçmağı necə də sevir! - o zaman mənim məğrurluğum ağılsızlığımla bərabər uçub getsin!”

        Zərdüştün qürubu belə başladı.

                                                                    (Ardı var)

Tərcümə etdi: Şakir QURBANOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN