Məlum olduğu kimi, İnformasiya Texnologiyaları İnstitutunun fəaliyyətinin əsas istiqamətlərindən biri də informasiya-kommunikasiya texnologiyaları sahəsində yüksək ixtisaslı kadrların hazırlanması

və gənclərin elmə cəlb edilməsidir. İnstitutdan "Təzadlar"a verilən məlumatda qeyd edilir ki, bu istiqamətdə görülən işlərdən biri də bilik olimpiadalarında, müxtəlif təhsilyönümlü layihələrdə iştirak edən istedadlı şagirdlərə dəstəyin göstərilməsidir. İnformasiya Texnologiyaları İnstitutunun süni intellektə, xüsusilə təbii dilin emalı və dərin təlim texnologiyalarına böyük maraq göstərən Landau Məktəbinin 11-ci sinif şagirdi Mehdi Rəsula elmi tədqiqatların aparılmasında hamilik etməsi də bu qəbildəndir.

İnstitut istedadlı yeniyetmə Mehdi Rəsulun süni intellekt texnologiyalarının ən aktual, aktiv tədqiq olunan sahələrindən biri olan təbii dilin emalı problemlərinə marağını nəzərə alaraq, onun bu sahədə araşdırma aparmasına dəstək olmuşdur. Nəticədə Mehdi Rəsul tərəfindən hazırlanan “Comparative analysis of machine learning algorithms for sentiment analysis of texts in Azerbaijani and English” (“Azərbaycan və ingilis dillərində mətnlərin sentiment analizi üçün maşın təlimi alqoritmlərinin müqayisəli təhlili”) adlı məqalə İnformasiya Texnologiyaları İnstitutunun “Problems of Information Technology” elmi-praktiki jurnalında dərc olunmuşdur. Məqalədə Azərbaycan və ingilis dillərindəki mətnlərin sentiment analizi üçün müxtəlif maşın təlimi alqoritmlərinin müqayisəsi aparılmışdır. İngilis və Azərbaycan dilli mətnlər üçün alınmış nəticələrin analizi göstərmişdir ki, təbii dilin emalında, xüsusilə mətnlərin sentiment analizində yüksək dəqiqlik əldə etmək üçün milli dil korpuslarının böyük əhəmiyyəti vardır.

Qeyd etmək lazımdır ki, gənc tədqiqatçı Python, Numpy və Javascript kimi proqramlaşdırma dillərini dərindən mənimsəmişdir. O, həmçinin “Cisco Networking Academy”, “Python Institute”, “Computing Technology Industry Association” (CompTIA) və s. kimi beynəlxalq İT korporasiyaların proqramlarını uğurla başa vurduğuna görə bu təşkilatların müvafiq sertifikatları ilə təltif olunmuşdur. M.Rəsul 2021 və 2022-ci illərdə “CyberMath Academy” onlayn platformasının təşkil etdiyi müsabiqənin qalibi, 2022-ci ildə Amerika Riyaziyyat Olimpiadasının iştirakçısı olmuşdur.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN