booked.netbooked.net booked.net  

Otuz ilə sığan ayrılığın bir günü  2022-ci ilin 26 iyun gününə aiddir - Milli Ordumuzun yarandığı milli qürur günümüzə. Həmin günü çox adlarla qələmə almaq olardı. Amma bir-birinin, başlıcası doğma torpağın 30 illik həsrət yükünü daşıyanlar yurduna, torpağına qovuşmayıb axı! Bu həsrət davam etməkdədir, bitməyib hələ. Axı hələ də dünyasını dəyişən əzizlərini  heç  kim ata-babalarının uyuduğu torpağın qoynuna verə bilmir.

Ona görə də bitməyən torpaq həsrətinin - ayrılığının bir günü - 26 iyunda bir zamanlar adı-sanı nəinki rayonumuzda, eləcə də respublikamızda məşhur olan Mərzili məktəbinin sağ qalan, ancaq ürəyi, ruhu vətən, yurd həsrəti ilə dağlı olan müəllimlər müvəqqəti  məskunlaşdıqları ünvanlardan Qarabağa üz tutdular. Doğma Mərziliyə yaxın olan ünvana. Görüş yeri Quzanlı qəsəbəsi oldu. Dərdləşmək üçün, 44 günlük Vətən müharibəsi şəhidlərinin məzarları olan “Şəhidlər xiyabanı”nı, sıralarından getmiş və müxtəlif qəbristanlıqlarda uyuyan 21 nəfər həmkarını ziyarət etmək, adlarını rəhmət duaları ilə yad etmək üçün toplaşmışdılar. Bu baxımdan, görüş-tədbirin 26 iyun gününə salınması da təsadüfü sayıla bilməz...

Mərzili kəndində işğal zamanı əslində 4 məktəb var idi – Xudu Məmmədov adına orta məktəb, iki 8-illik və bir ibtidai məktəb. Bu məktəblərdə çalışan 100 nəfərə yaxın müəllimlərin demək olar ki, əksəriyyəti  ali təhsilli idi. Bu gün onların 21 nəfəri Qarabağ həsrəti ilə haqq dünyasına qovuşmuşdur (Bayram Bayramov, Xalıqverdi Rəhimov, Şura Cəfərov, Firdovsi Qasımov, Talıb Abasquluyev, Qaraş Bayramov, Nazyetər Əliyeva, Nəbi Mehdiyev, Ələmdar Bayramov, Güllü Məmmədova, Şahmurad İsmayılov, Akif Muradov, Əli İsmayılov, Tofiq Əhmədov, Eldar Əhmədov, Asif Əhmədov, İnşallah Novruzov, Xanlar İbrahimov, Şövkət Əzimova, Cəlil Bağırov, Gülbəniz Quliyeva).

Dünyasını dəyişənlərdən biri olan Qaraş müəllim çılğın, emosional, şən, zarafatçıl insan idi. Kiminlə görüşsəydi birinci özü hal-əhval tutardı. Ancaq ayrılıq, köçkünlük onun bütün şuxluğunu əlindən elə aldı ki... Bir gün İsmayıllı tərəfdə vaxtilə dərs dediyi iki şağirdini görərkən elə qəhərlənir, elə tutulur ki, dilli-dilavər Qaraş müəllim handan-hana özünə gələndə fikri dilindən bu formada səslənir:

Ayrılıq hər kəsi bal eyliyibdi,

Qaraştək insanı lal eyliyibdi.

Görüş-tədbirin əsas  təşkilatçısı 1992-ci ildə Xudu Məmmədov adına Mərzili kənd orta məktəbinin direktoru olmuş, həmin məktəbin təhsil ənənələrini 1993-cü ildən davam etdirən 68 nömrəli köçkün tam orta məktəbinin direktoru kimya elmləri üzrə fəlsəfə doktoru Hüseynalı Hüseynov idi. Tədbirin keçirilməsinə dəstək göstərən vaxtilə Mərzili məktəbinin məzunu olmuş Məmmədov Ramiz Oruc oğlu oldu.

Görüşə gələnlərin sırasında müəllimlərlə bərabər kəndin elmin, təsərrüfat və idarəetmənin müxtəlif sahələrində çalışan hörmətli nümayəndələri də var idi. Görüşdə müəllim və nümayəndələr sırasında iştirak edirdilər: Mərzili kənd orta məktəbinin sabiq direktoru Akif Məmmədov, SSRİ idman ustası Qələndər Xıdırov, Xəlil Qəbilov, Ərşad Bayramov, Möhsün müəllim, Allahverdi Nəsib oğlu, Allahverdi Şöhlət oğlu, Tamaşa müəllimə, Göyçək müəllimə, Xanım Məmmədova, Nübar Əzizova, Vəsilə Məmmədova, Firəngiz Səmədova, Qaragöz müəllimə, Ziba Səlimova, Anjela müəllimə, Ofelya Məmmədova, Arzu Xəlilqızı, Raziyə Əliyeva, Elmira Hacıyeva, Tapdıq Qasımov, Yaqub müəllim, Qələndər Məmmədov, Fazil Abbasov, Tahir müəllim, Qərib İsmayılov, Ramiz Hüseynov, Fikrət Əliyev, Rəna müəllimə, Yetər Talıb qızı, Elgün Akif oğlu, Elgün Yusif oğlu, Mobil Qəbilov, İsgəndər Səmədov, Əzim Əzimov və digərləri.

30 ildən sonra gerçəkləşən bu görüş-tədbirin ən təsirli məqamlarından biri kəndimizin ilk təhsil alan xanımı, yaşı 90-ı haqlamış, ömrünün 55 ilini gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Səmərqə Səlimovanın  yaşadığı qəsəbədəki evində ziyarət olunması idi. Səmərqə müəllimə bir zamanlar onun görüşünə gələnlərin əksəriyyətinin müəllimi olub. Mənə elə gəldi ki, görüşümüz zamanı hamının ürəyindən o an bu misralar səsləndi:

Bir vaxt incimişəm “qiymət kəsən” əlindən,

İndi öpmək istəyirəm sənin əsən əlindən.

Onsuz da bu qocaman müəllimə ilə görüşə gedənlərin hamısı onun əsən əlindən də, üz-gözündən də öpməklə ona - Səmərqə müəlliməyə, müəllimliyi nizam-intizamı, peşə məsuliyyəti ilə müqəddəsləşdirən insana hörmət və ehtiramlarını ifadə etdilər.

Deyirlər ki, hər vüsalın sonu ayrılıqdır, hər ayrılığın sonu vüsal deyildir. Görəsən. növbəti görüşdə bu müqəddəs peşə insanlarının sıralarında kimlər olmayacaq. Nə edəsən ki, bu da “bir ucu olumlu, bir ucu ölümlü” dünyanın pozulmaz qanunudur.

***

Görüş-tədbirdə çıxış edənlərin hər birinin son arzusu növbəti görüşün bir zamanlar tərk etməyə məcbur olduğumuz doğma Mərzilidə keçirilməsi oldu. Məlumdur ki, düşməndən müqəddəs yurd yerlərimiz azad olunsa da, hələ də doğma yerlərə dönüşümüz reallaşmayıb. Bu istəyi, çəkməkdə olduğumuz həsrəti bu ilki ad günümdə (22.03.2022) aşağıdakı şeirlə dilə gətirmişdim.

Geridə qoysa da onillikləri,  

Vətən həsrətimin odu sönmədi.

Oyandı təbiət, yenə gəldi yaz,  

Yenə də vətənə köçüm dönmədi.

 

Bilməzdim illərin amansızlığı,

Mənim də ömrümün yaman çağı var.

Mənimtək köçkünün Tanrıdan hər gün

Yurda gönmək kimi umacağı var.

 

Dağlar da, meşə də dəyişməyində,

Bulaqlar göz açıb dilləndi yenə.

Çəmən də, çiçək də öz ətrində,

Çaylar aşıb daşdı-selləndi yenə.

 

İçimdə qübar var, sevinmək çətin, 

Sevinə bilmirəm, gülə bilmirəm.

Uzaqdan baxıram vətənə sarı, 

Nə zaman dönərəm, hələ bilmirəm.

 

Yurda dönməyimi salır yadıma-

Yenə sıralanıb durna qatarı.

Xəyalım aparır məni yurduma,

Gəzirəm kəndimdə bu ilk baharı.

 

Bənövşə dərirəm xəyallarımda,

Bağımda yenə də güllər əkirəm...

Xəyaldan ayılıb dönüb özümə 

Kim bilir içimdə nələr çəkirəm.

 

Hər bahar həsrətim bir boy göyərir,

Elimdən uzaqda illərim keçir...

Həsrətin içində bir işıq yanır,

Ümidim növbəti baharı seçir. 

Ümidim növbəti baharı seçir.

 

Yusif Millətoğlu,

şair-publisist, AYB-nin üzvü

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN