""Providence Doytch Limited" MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər"

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən Respublika ərazisində modul tipli məktəblərin quraşdırılması işlərinin satınalmaları üzrə keçirilən tenderin qeyri-şəffaf şəkildə keçirilməsi, sağlam rəqabət mühitinin yaradılmaması və bunun nəticəsində külli miqdarda dövlət vəsaitinin israf olunması ilə bağlı məsələ ictimaiyyət arasında geniş müzakirə obyektinə çevrilib. Odur ki, redaksiyamıza daxil olan bir şikayətlə bağlı mövzuya bir daha qayıtmalı olduq.

…Bir müddətdir adı qalmaqallarda, hətta korrupsiya əməllərində adı hallanan podratçı "Providence Doytch Limited" MMC ilə bağlı "Təzadlar"a şikayət məktubu daxil olub. Məktubda söhbət Prezident İlham Əliyev Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında imzaladığı Sərəncama əsasən, Azərbaycan Respublikasının ərazisində modul tipli təhsil müəssisələrinin quraşdırılması məqsədilə dövlət büdcəsindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə ayrılmış vəsaitin "Providence Doytch Limited" MMC tərəfindən mənimsənilməsindən gedir.

Şikayətçi isə "Vüqar-1970" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi, 2 Aprel küçəsi, 2 saylı evdə yaşayan Zeynalov Vüqar İsmayıl oğludur.

V.Zeynalov yazır ki, Birinci Qarabağ müharibəsi iştirakçısıdır. 1992-ci ildən  Ağdam rayonundan ailəsi ilə birlikdə məcburi köçgün düşüb. Atası İsmayıl Zeynalov da  Birinci Qarabağ müharibəsi iştirakçısı olub. Qardaşı isə 1992-ci il yanvar ayının 11-də Türkmənistandan gələn "Sovetskaya  Kalmıkıya" gəmisinin erməni terrorçuları tərəfindən partladılması nəticəsində həlak olub.

Vüqar Zeynalov 2016-cı ilin dekabr ayından başlayaraq pespublikamızın müxtəlif rayonlarında, o cümlədən Lənkəran, Balakən, Zaqatala, İsmayıllı, Qax, Sabirabad, Ağcabədi, Cəlilabad, Lerik və Astara olmaqla 10 rayonun dağlıq və ucqar kəndlərində 15 Modul tipli məktəbin tikinti-quraşdırma işlərini yerinə yetirərək istifadəyə  verib: "Məktəbləri təhvil alan təşkilatların  hamısının  mənə  razılıq məktubları  var. 2020-ci ilin may, iyun və  iyul aylarında podratçı "Providence Doytch Limited" MMC ilə  direktoru olduğum “Vüqar-1970” MMC arasında müvafiq qaydada subpodrat müqavilələri bağlayaraq, Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo  və Lerik  rayonunun Loda  dağ kəndində 3 modul tipli məktəbin tikinti işlərini yerinə yetirmişəm. Hər üç məktəb  ağır və çətin relyefli ərazi hesab edilir. Dəniz səviyyəsindən 1000-2200 metr yüksəklikdədir. İşlərin icrası zamanı yerinə yetirilən iş həcminə texniki nəzarətçilər mütəmadi olaraq nəzarət edib və iş prosesinin tərəfimizdən fotoşəkilləri çəkilib".

Lakin smeta sənədləri işlərin tamamlanması dövründə təqdim olunduqda müəyyən olunub ki, modul tipli məktəblərdə podratçı şirkət tərəfindən faktiki yerinə yetirilən işlər tam həcmdə öz əksini tapmayıb: "Bu da işlərin icrasından sonra işçilərin əmək haqlarının, mal-materialların, maşın-mexanizmlərin xərclərinin ödənilməsində borcların yaranmasına səbəb olub. Qeyd edim ki, məktəblərin tikintisinin smeta sənədləri podratçı şirkət tərəfindən işlərin yekunlaşması ərəfəsində təqdim edilib. Ona görə də 3 məktəbdə  faktiki yerinə yetirilmiş işin həcmi (həm də qiyməti) ilə smetada göstərilən həcmlə (qiymətlə) 180 min manata yaxın fərq yaranıb.

Göstərilən fərqin yaranması səbəblərinin hərtərəfli araşdırılması və səbəblərinin obyektiv və qanunauyğun qaydada  qiymət verilməsi üçün  mən özüm şəxsən "Providence Doytch Limited" MMC-nin direktoru Bəhruz Həsənova müraciət yazdım ki, qeyd edilən məsələnin araşdırılması və həlli üçün tədbir görülsün. B.Həsənovun qəbulunda olarkən bildirdim ki, müvafiq komissiya yaradılsın və komissiya üzvləri ilə hər üç məktəbdə yoxlama aparılmasına dair işlər görülsün.  Direktor Bəhruz Həsənov özü sədr olmaqla komissiya təşkil etdi və 15-16 iyul 2021-ci il tarixlərdə mənim, mal-materialları daşıyan və maşın-mexanizmlərin sürücüləri məktəblərə dəvət edildi. Onların hamısı bir  nəfər kimi görülmüş işlərin, onların yerinə yetirilməsi prosesinin, yükün həcmi və görülən işlərin sahəsi haqqında komissiya üzvlərinə məlumat verdilər və nə qədər iş görülməsini, neçə reys  mal-material daşınmasını və qiymələrin neçəyə başa gəlməsini təsdiq etdilər. Onların göstərdikləri sənədlərin komissiya üzvləri şəklini çəkdilər və dedilər ki, bunlar bizə lazım olacaq. Ancaq komissiya üzvləri məktəblərdə akt tərtib etmədilər. Bildirdilər ki, qayıdıb Bakıda akt tərtib edəcəklər və mənə də təqdim  edəcəklər. Bakıya gələndən sonra mənə əvvəlcədən hazırlanmış akt verdilər ki, bura imza et. Mən akta göz gəzdirib başa düşdüm ki, onlar "Smeta aktı"nı köçürüb görülən işlərin "qəbul aktı" adı ilə mənə imza etdirmək istəyiblər. Ona görə də aktı imzalamaqdan imtina etdim. Çünki komissiya üzvləri formal olaraq Astara və Lerik rayonlarına gediblər. Lakin akt yazmaq fikrində olmayıblar".

V.Zeynalov bildirir ki, onun yazdığı müraciətə faktiki olaraq baxılmayıb: "Mən başa düşdüm ki, "dırnaqarası komissiya" heç bir nəticə əldə etmək fikrində deyil. Aşkar olunan qanunsuzluqlar barədə heç kimə məlumat verməyəcəklər. Çünki mən şikətlə müqavilə bağlayıb işləyəndən bəri "Providence Doytch Limited" MMC podratçı tikinti şirkətinin rəhbərliyi modul tipli məktəblərin  tikinti-quraşdırma işlərini gördürərkən məktəblərin tikinti-quraşdırılmasına ayrılmış pul məbləği ilə görülmüş işlərin həcminin dəyəri arasında fərqi smetada yazılandan artıq işləri nəzərə almamaqla mənimsəyib bölüşdürürlər. Bu da bir məktəb üçün ayrılmış pulun xeyli hissəsi, təxminən yarısı deməkdir. Əks təqdirdə, şirkətin rəhbərləri xarici bahalı maşınları "əlcək kimi" dəyişə bilməzdilər. Qeyd edim ki, podratçı tikinti şirkətlərinin rəhbərləri arasında yaxın qohumluq  münasibətləri mövcuddur.

Belə ki, Təhsil Nazirliyinin həmin dövrdə Təmir Təchizat Depertamentinin rəisi Anar Axundov idi, podratçı "Providence Doytch Limited" MMC-nin rəhbərlərindən biri olan Musayev Teymur Zaur oğlu isə Anar Axundovun bacısının həyat yoldaşıdır. Başqa  məlumatlar haqqında hələlik heç nə demək istəmirəm. Çünki  obyektiv yoxlama aparılanda daha çox  məlumatlar meydana çıxacaq".

V.Zeynalov yazır ki, qeyd etdiyi kimi, subpodratçı olaraq tikinti-quraşdırma işlərini başa çatdırdığı Astara rayonunun ucqar dağ kəndləri Xiçəso, Şəvqo və Lerik rayonunun Loda dağ kəndlərində 3 modul tipli məktəbin tikinti-quraşdırma işlərini apararkən ona verilməyən pulun məbləği 180 min manat civarındadır: "Mənim tikinti işlərini apardığım işlərdə mal-materialın pulundan borclu qaldığım, işçilərə verə bilmədiyim, eləcə də yük maşınlarının sürücülərinə, traktor, buldozer və asfaltsalan texnikanı idarə edən insanların əmək haqlarını verə bilməmişəm. Borclu qaldığım insanlar evimə gəlib halal əmək haqlarını tələb edirlər. İnanın, daha evimdə oturmağa imkan vermirlər. Bu vəziyyəti yaradan şirkət rəhbərləri isə keflərindən qalmırlar".

Qeyd edək ki, tikinti şirkətinin hər 3 məktəbin yerinə yetirilmiş işlərin qəbulu smetaları və  ayrıca "Vüqar-1970" MMC-nin 3 məktəbdə gördüyü, "Providence Doytch Limited" MMC tikinti şirkətinin smetasında nəzərə alınmayan işlərin smeta aktları redaksiyamıza təqdim edilib.

V.Zeynalov daha sonar yazır ki, Lerik rayonunun Xiçəso kəndində tikilmiş modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 74.129 manat pul məbləği ayrılıb, faktiki  tikintiyə  xərclənən məbləğ 94.798 manat olub: "Astara rayonunun Şəvqo kəndində 40 şagirdlik modul tipli məktəbin şirkət tərəfindən tikintisinə 94.031 manat ayrılıb, faktiki xərclənən məbləğ 167.809 manat olub.

Lerik rayonunun Loda kəndində 20 şagirdlik modul tipli məktəbə "Providence Doytch Limited" MMC tikinti şirkətinin smeta aktına görə, 93.300 manat, faktiki  tikintiyə xərclənən pul  vəsaiti isə 167.383 manat məbləğində olub.

Diqqətinzə mühüm bir  faktı da çatdırmaq  istəyirəm. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 6 may tarixli Sərəcamına əlavədə Astara rayonunun Xiçəso kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına 256.000 manat, Astara rayonunun Şəvqo kəndində 40 şagird yerlik modul tipli ibtidai məktəbin qauraşdırılmasına isə 256.000 manat vəsait ayrılıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il  8 avqust tarixli Sərəcamına əlavədə Lerik rayonunun Loda kəndində 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılmasına ayrılan vəsait 207.000 manat təşkil edir.

Ümumilikdə, Prezidentin Sərəncamı ilə qeyd olunan məktəblərin quraşdırılmasına 719.000 manat ayrılıb. Mənim tikdiyim 3 məktəbə görə ödənilən vəsait 256.000 manat təşkil edir. Həmin məktəblərin tikintisi üçün mənə veriləcək məbləğ 180.000 manat civarında, şirkətin rəhbərlərinin  mənimsədikləri məbləğ isə 290.000 manat civarında pul vəsaiti təşkil edir.

Göründüyü kimi, "Providence Doytch Limited" MMC tikinti şirkətinin acgöz  rəhbərləri tikintiyə ayrılmış pulları mənimsəmək üçün az göstərməklə məni həm mal-material aldığim şirkətlərin rəhbərləri ilə, həm də tikintilərdə iş görən insanlarla üz-üzə qoyublar.

Əslində tikinti şirkəti smeta tərtib edib tikintiyə pul ayırarkən tikilmiş məktəblərə yol  çəkilməsi (betonlanması) xərcləri, nəqliyyat  xərclərini, maşın-mexanizmlərin istifadəsi üçün çəkilən xərcləri, qazıntı işlərini, mişar daşının və eyni zamanda qum və çınqıl yüklənməsi və  daşınmasında yüksəkliyə aparılması üçün əl əməyindən istifadə edilərək bir neçə dəfə maşınlara yüklənməsi və daşınması xərcləri nəzərə alınmayıb.

Ancaq  mənim gördüyüm əlavə işlərin dəyəri şirkətin xərclərdə nəzərə alınmayan işlər hesabına yaranıb. Respublikada quraşdırılmış Modul tipli məktəblərdə olan vəziyyət qeyd edilən məktəblərlə eynilik təşkil edir".

Çıxılmaz vəziyyətdə qaldığını bildirən V.Zeynalov "Providence Doytch Limited" MMC tikinti şirkəti ilə bağladığı subpodrat müqaviləsi əsasında Astara rayonunun ucqar dağ kəndləri Xiçəsoda, Şəvqoda və Lerik rayonunun Loda dağ kəndində 3 modul tipli məktəbin tikintisinin aparılmasında sərf olunmuş pul vəsaitinin məbləğini müəyyən etmək  üçün səlahiyyətli dövlət komissiyasının yaradılmasını istəyir.

V.Zeynalov bir faktı da  diqqətə çatdırır ki, o, şirkət rəhbərlərinə müraciət edərkən onlar həm ayrı-ayrılıqda, həm də bir yerdə olaraq bütün görülmüş işlərə və çəkilmiş xərclərə görə ona heç nə verməyəcəklərini bildiriblər və bunun üzərində israrla dayanırlar: "Lakin 2022-ci ilin iyun  ayında mənə 35.000 manat  pul verməklə onlardan bir daha şikayətçi olmayacağıma dair ərizə verməyi təklif ediblər. Bu necə ola bilər? Bu günə kimi mənə heç bir manat da borcu olmayan (?) şirkət rəhbərləri brdən-birə 35.000 manat  təklif edərək məni susdurmaq istəyirlər. Lakin mən bununla heç cürə razılaşa bilmərəm. Çünki mən qanunamüvafiq qaydada dövlət komissiyasının yaradılaraq əsaslı yoxlama aparılmasında israrlıyam. Xahiş edirəm, mənim şikayətimi aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırasınız. Əvvəlcədən sizə dərin minnətdarlığımı bildirirəm".

Məsələ ilə bağlı qarşı tərəfin münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, bütün maraqlı tərəflərin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

Pin It

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA