Bencamin Franklin ABŞ-ı yaradan kişilərdən biridir. Onun portreti 100 dollarlıq əskinaslarının üzərində yer alır. O deyirdi ki, bəzi insanlar 25 yaşında ölür və…75 yaşına qədər dəfn edilmirlər...
Azərbaycan çoxdan ölüb getmiş, ancaq hələ də dəfn olunmamış bu cür insanlarla doludur. Ramiz Rövşən bu kimi reallıqlardan çıxış edərək deyərdi ki, bəlkə də ölmüşük xəbərimiz yox. Və belə bir zülmətin içində nur misalı olan Hacı Şahinin qəfıl ölümü son dərəcə üzücüdür…
Müasir dünyanın ən böyük yazıçılarından olan Haruki Murakaminin bu fikri də hər kəsi düşündürməlidir: “Ölüm həyatın əksi deyil, onun bir hissəsidir”…
Yəni ölümlə həyat bitmir. Nə qədər Allah var, insan da var. Allah isə əbədidir…
Onu da deyirlər ki, hamı cənnətə getmək istəyir, ancaq heç kəs ölmək istəmir. Niyə belədir? Çünki Allah bu fani və təmənna dolu dünyanı da insan üçün son dərəcə cazibədar yaratdı…
Roma imperatoru Marcus Aurelius ölümlə dəfələrlə üzləşmişdi. Elə ona görə də əminliklə deyirmiş ki, ölüm hər kəsin üzünə gülür, hər bir insan da bu gülüşə gülüşlə cavab verməlidir…
Bu dünyaya ağlaya-ağlaya gələnlərin bu dünyadan arın-arxayın, gülə-gülə getməsini arzulayıram…
Nə yazıq ki, son mənzilə yola saldığımız insanlar arasında “gülə-gülə, dostum, gülə-gülə“, deyə biləcəklərimiz az olur. Lap az…
Elbəyi HƏSƏNLİ,
araşdırmaçı-jurnalist
(Surix)