Prezident İlham Əliyev dünən həm də Bakı-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun bir hissəsinin açılışını etdi…

 Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov Dövlət başçısına görülən işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Azərbaycan Respublikası regionlarının 2019-23-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən yenidən qurulan 1b texniki dərəcəli yol dörd hərəkət zolağından ibarətdir. Yolun bu hissəsində 67 altkeçid, 17 qovşaq və 20 körpünün tikintisi başa çatdırılıb. Prezident İlham Əliyev görülən işlərlə bağlı videoçarxa baxıb, təkliflərini bildirib.

saleh-mem-8

Xatırladaq ki, uzunluğu 130,15 kilometr olan Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun dörd hərəkət zolağına genişləndirilməsi və sürətin artması ilə vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişi təmin ediləcək. Bundan başqa, yolun iri yaşayış məntəqələrindən kənar keçməsi əhalinin və yoldan istifadə edən sürücülərin təhlükəsizliyi baxımından önəmlidir. Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolu beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycandan keçən tərkib hissəsi olmaqla, Avropa-Asiya və Yaxın Şərq ölkələri ilə, həmçinin respublika ərazisində bu istiqamətdə əlaqələrin inkişafında mühüm rol oynayır. Layihə tam reallaşdırıldıqdan sonra Şərqdən Qərbə və əks istiqamətdə “Böyük İpək yolu”nun Azərbaycandan keçən hissəsi olan bu yol Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq…

Yollar həm də Qarabağdan keçir…

...Son günlər Qarabağa bu və ya digər yüklərin daşınması üçün Laçın yoluna alternativ kimi Ağdam-Xankəndi yolunun adı çəkilir. «Təzadlar» ekspert Şahin Hacıyevin bu və ya digər məsələlərlə bağlı maraqlı açıqlamasını təqdim edir: «…Bakının təklif etdiyi və Brüsselin də dəstəklədiyi bu təşəbbüs, şübhəsiz ki, Qarabağın və onun əhalisinin reinteqrasiyası prosesində mühüm mərhələdir. Yerevanın və separatçıların liderlərinin müqavimətinə baxmayaraq, rəsmi Bakı bu prinsipial məsələdə güzəştə getməyəcək. Bundan sonra Laçın yolundan Ermənistana şəxsi səfərlər və ya xəstələrin oraya müalicəyə göndərilməsi  üçün üçün istifadə olunacaq. Bəzi malların və ya irihəcmli əşyaların daşınmasına gəlincə, bu məsələ əvvəlcədən Bakı ilə razılaşdırılacaq və yalnız razılıq əldə edildikdən sonra yüklər Ağdam vasitəsilə çatdırıla bilər. Ayrı sual yaranır, yüklər Agdama necə gətirilə bilər? Bundan ötrü bir neçə variant var, bunlardan ən məntiqlisi İcevan – Qazax dəmir yolu ilə Bərdə və Ağdama getməkdir. Bərdə-Ağdam hissəsi fəal şəkildə bərpa olunur və perspektivdə yol sovet dövründə olduğu kimi Əsgərana və sonra mövcud dəmir yolu ilə Xankəndiyə qədər davam etdirilə bilər. Hələlik Bərdə-Ağdam avtomobil yolu işə salına bilər. Sülhməramlılar üçün yüklərin dəmir yolu ilə Gəncəyə çatdırılması da asandır, oradan Ağdama məsafə 130 km.-ə yaxındır. Perspektivdə təcili yüklər Ağdam aeroportuna da daşına bilər. Şübhəsiz ki, Ermənistan rəhbərliyi, ilk növbədə Qarabağ ermənilərinin liderləri bu planlara qarşı çıxacaqlar. Onlar bunu Qarabağa yüklərin daşınması üçün alternativ kimi yox, məhz Qarabağ ermənilərinin Azərbaycanın dövlət və hüquq sisteminə reinteqrasiya mərhələsi kimi qəbul edirlər. Təbii ki, alternativ yolların yaradılması qarşıya qoyulan məqsədə nail olmaq üçün zəruri addımlardan, sadəcə, biridir. Daha vacib, hətta həlledici amil Qarabağ ermənilərinin təhlükəsizliyilə yanaşı, reinteqrasiyadan maddi faydanın olmalıdır. Sonrakı mərhələlərdə Qarabağa elektrik enerjisi və qazın indi olduğu kimi, Ermənistandan nəql edilməsi əvəzinə, yerli təchizatı məsələləri həll edilməlidir.

Ticarət- iqtisadi əlaqələrin qurulması daha əməli təsir ola bilər. Məsələn, Ağdamda "Sədərək" kimi ticarət mərkəzinin yaradılması erməni əhaliyə imkan verəcək ki, mal və məhsulları Xankəndidə olduğundan, hələ Ermənistanı demirik, daha ucuz alsınlar. Həmçinin ermənilər öz məhsullarını Ağdamda daha sərfəli şərtlərlə sata biləcəklər. Əlbəttə ki, bu, yalnız sülh sazişi əldə edildikdə mümkün olacaq. Ancaq indidən hazırlaşmaq lazımdır. Yuxarıda sadalananların hamısı rəsmi Bakının hazırlayıb həm qarabağlılara, həm də dünya birliyinə təqdim edə biləcəyi Yol xəritəsinin bəndləridir. İqtisadi stimullar ucuz kənd təsərrüfatı kreditlərini, yanacaq və kənd təsərrüfatı texnikasına güzəştləri və ya dövlət dotasiyasını, vergilərdən, rüsumlardan müvəqqəti güzəştləri və s. əhatə etməlidir. Təhlükəsizlik və mədəni hüquqlar ətraflı araşdırma və hazırlıq tələb edən daha ciddi məsələlərdir, lakin gələcək Yol xəritəsinin ən vacib məqamlarıdır…».

***
Bəli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi var gücünü həm də bu istiqamətə cəlb edib və Qarabağın mərkəzinə doğru uzanan bu yol olduqca strajeji bir hədəfdir. Çünki 1991-ci ildən de-fakto bağlı olan və ermənilərin heç bir vaxt açmaq istəmədiyi bu yol indi qollarını dünyaya açmaqdadır...  Azərbaycan bu tarixi yolu öz əlləri ilə açdı və bir kərə açılan yol bir daha bağlanmaz! Ən vacibi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin kollektivi bu strateji məqsədlərin daşıyıcısı kimi əlindən gələni edir, tikir, quru rvə Qarabağdan keçən yolları dünyaya çatdırır…

A.Məmmədli