Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyaya səfərindən sonra jurnalistlərin suallarını cavablandırıb, taxıl müqaviləsi və qaz qovşağının taleyindən danışıb.

Tezadlar.az xəbər verir ki, Ərdoğanın əsas açıqlamalarını “Sabah” qəzeti toplayıb.

Taxıl müqaviləsi və ÜBMTC-ə nə olacaq?

 “Rusiyanın iki xüsusi tələbi var. Biri Rusiya Kənd Təsərrüfatı Bankının Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Cəmiyyəti (ÜBMTC) sisteminə qoşulması, ikincisi isə daşımalarda istifadə olunan gəmilərin sığortalanmasıdır”, - Türkiyə prezidenti jurnalistlərə bildirib.

Ərdoğan bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş Rusiya banklarının ÜBMTC-ə birbaşa qoşulmasını nəzərdə tutmayan, lakin Rusiya taxıl və gübrələrin ödənişini mümkün edəcək vasitəçilik mexanizmi təklif edib.

Türkiyə prezidenti həmçinin bildirib ki, BMT kənd təsərrüfatı məhsulları daşıyan Rusiya gəmilərinin sığortalanmasına maneələrin aradan qaldırılması üzərində işləyir.

"Ümid edirəm ki, qısa müddətdə gözləntiləri doğruldan yaxşı nəticə əldə edəcəyik", - Ərdoğan bildirib.

Ukrayna böhranı və Türkiyənin vasitəçiliyi

Ərdoğan bildirib ki, Ankara Rusiya və Ukrayna arasında məhbus mübadiləsi üçün vasitəçilik səylərini davam etdirəcək.

O, Türkiyənin Ukrayna böhranının ilk günündən sülh, dialoq və diplomatiyanın tərəfdarı olduğunu vurğulayıb.

“Problemi daha da gərginləşdirmək və odun üstünə yağ tökmək əvəzinə, hər iki tərəfin ortaq dil tapmasını təmin etməyə çalışdıq”, - deyə siyasətçi bildirib.

Qaz qovşağı

Ərdoğanın sözlərinə görə, Türkiyə artıq Rusiya prezidenti Vladimir Putinin təklif etdiyi qaz qovşağı üçün infrastruktur qurur. Türkiyə prezidenti vurğulayıb ki, bu layihə enerji daşıyıcılarının beynəlxalq bazarlara çatdırılmasını təmin edəcək və qiymətlərin tənzimlənməsinə kömək edəcək.

Ərdoğan əlavə edib ki, Türkiyə və Rusiya Avropanı enerji ilə təmin etmək üçün müxtəlif layihələr həyata keçirir. Ankara təbii qaz ixracı layihələrinin maliyyələşdirilməsi üçün mərkəz yaratmağı da planlaşdırır.

Xəbər verdiyimiz kimi, sentyabrın 4-də Putin və Ərdoğan Soçidə danışıqlar aparıb, danışıqların əsas mövzularından biri taxıl sazişinin canlandırılması olub. Rusiya prezidenti bildirib ki, Rusiya kənd təsərrüfatı məhsullarının ixracı ilə bağlı şərtlər yerinə yetirilərsə, Moskva bir neçə gün ərzində sövdələşməni bərpa etməyə hazırdır. O, həmçinin altı Afrika ölkəsinə pulsuz taxıl tədarükünü elan edib.

E.ŞİRİNOV