Sağ olsunlar bir dəfə Mərkəzin 25 illiyində mənə və Oruc Əliyevə “Əməkdar mədəniyyət işçisi” adı verdilər. Mən mükafatla bağlı nazirliyə yazanda öz adımı yazmamışdım. Nazirlikdə kim isə adımı salmışdı. Sağ olsunlar!

Bunu Milli Kulinariya Assosiasiyasının prezidenti, Azərbaycan Milli Kulinariya Mərkəzinin ilk direktoru və təşəbbüskarı, Tarix üzrə fəlsəfə doktoru Tahir Əmiraslanov TEZADLAR TV-nin (TTV AZ) qonağı olarkən bildirib.

O, işdən çıxarılma məsələsinə də toxunub:

“Mən Livanda “Dolma məsələsi: bütün şübhələrə son” kitabının ingilis dilində olan nəşrinin təqdimatını etdim. İkinci axşam Lənkəranda keçirildi, üçüncü axşam isə Azərbaycanın kubokuna həsr olundu. Səfirimiz də ordaydı. Ayın 20-də Dünya İslam Kulinariya Təşkilatına prezident seçkilərim idi – təyyarə ilə ora uçdum. 17-si xəbəri gəldi ki, sizi həm ad gününüz  - 14-də ad günüm idi, həm Novruz bayramı, həm kubok almağınız, həm Təşkilata prezident seçilməyiniz münasibətilə “mükafatlandırdıq” və sizi işdən çıxardıq! Sağ olsunlar – bu “mükafatı” da mənə verdilər...

 Baxın, mən işdən çıxarıldıqdan sonra “Qarabağ mətbəxinin inciləri” kitabı dərc edildi, Livandan kuboku gətirdim, ardınca Türkiyədə keçirilən böyük Olimpidanın qızıl medalları gəldi Azərbaycana. Daha sonra başqa ölkələrdən də medallar və kuboklar gəldi ölkəyə və s. Mən yalnız başladığımız o kitabların, tədqiqatların yarımçıq qalmasına görə təəssüf edirəm. Başqa heç nə... Ordan biz böyük məbləğdə maaş da almırdıq, amma 15 nəfərədək adam işləyirdi – 17 kitab hazırlanırdı, onların hamısı yarımçıq qaldı: bəziləri nəşriyyatda, bəziləri əlimizdə... Eybi yoxdur, indi ildə mən 3-5 kitab hazırlamayacam, 1 kitab hazırlayacam.

İnanıram ki, yarımçıq qalan işlərimiz 50 il, 100 il keçsə də qaldırılacaq it-bata düşməyəcək. Bundan qorxmaq lazım deyil. Amma bu işləri vaxtında görmüş ola bilərdik...

Nə qədər ki, mən orda vəzifədəydim, Ermənistan 31 il ərzində heç bir elmi-praktiki konfransda, konqresdə, olimpiada da, yarışda...iştirak edə bilmədi. Mən ordan uzaqlaşdırılan kimi Abu-Dabiyə böyük bir nümayəndə heyəti ilə konqresə gəldilər. Məni görən də sifətləri dəyişdi... Daha sonra ermənilər lk dəfə Dünya Təşkilatı prezidentinin əlindən Lüksemburqda qızıl medal aldılar. Ermənistanın yolunu açdılar...”, - deyə bildirib.

O, Mərkəzin işini tənqid etmək istəmədiyini və bunu işdən uzaqlaşdırıldığı üçün etdiyini düşünəcəklərini vurğulayıb:

“Mən həmişə bu günə deyil, gələcəyə baxmışam. Atdığımız addım hara gətirəcək. Bu gün nə əkəcəyiksə 10, 20, 50 ildən sonra onu da biçəcəyik. Bu gün çox böyük ehtiyac var ki, biz Azərbaycan mətbəxinin elmi əsaslarını qoyaq. İlk dəfə Azərbaycanda mən məktub yazdım və göndərdim AMEA-ya, həmçinin alim, deputat Qənirə xanım Paşayevaya: Azərbaycan milli mətbəxinin öyrənilməsi, araşdırılması üzrə AMEA-da ayrıca bir institut yaradılsın. Çünki biz bu sahədə başqa ölkələrdən mütləq üstünlüyə malik ölkəyik. Amma AMEA-dan razılıq ala bilmədik. Yəqin ki, lazım bilmədilər... Amma indi TÜRKSOY-un nəzdində yeni bir təşkilat yaranıb. Və Bişkekdə ilk elmi konfransını da keçirdilər – məni də dəvət etdilər. Mən kulinarologiya elmini yaratdım və bu elmi əsas götürərək yeni bir təşkilat yaradıldı – Türk Dünyası Mətbəx Kültürü Elmi Sənətləri Birliyi. Mən İslam Təşkilatını da Türkiyəyə ötürdüm, hansı ki, onun prezidenti seçilmişdim. Amma bu mənim üçün daha vacib idi, çünki burda elm var və bundan istifadə edib türk dünyasının və Azərbaycanın mətbəxini ortaya qoyum.

İnşallah, Azərbaycan kulinariya elminin əsas hissəsini başa çatdıracam. Hazırda avropa, islam ölkələri bizim təcrübəmizi götürməyə çalışırlar.

Rəhbər olduğum zaman Mərkəz arendaya götürdüyümüz binada yerləşirdi. 600 kv.metrlik ərazinin içərisində həm də Kulinariya Muzeyi yaratmışdım – gəlib-gedən görürdü. Həmin muzeyi məndən sonra oradan da çıxardılar və kiçik bir yerə yerləşdirdilər...Milli Kulinariya Mərkəzinin imicini çox aşağı saldılar, çünki mənim adımla bağlı idi. Yəqin ki, məni xalq düşməni ediblər, xəbərim yoxdur. Bu Tahir Əmiraslanov üçün deyildi, məni çıxartmısız, heç olmasa buranı elə edin ki, adı dünyada yüksəlsin, əzəmətli, güclü olsun...DTA-nin müavini Azadə xanım bildirib ki, bizi - Milli Kulinariya Assosiasiyasını WAKS-dan – Dünya Kulinariya Təşkilatının milli üzvlüyündən çıxarıb bizdən ora danos yazanların təşkilatını – özləri yaratdıqlarını bizim yerimizə gətirəcəklər. Azərbaycan qanununa görə, heç bir ictimai təşkilatın işinə heç bir dövlət təşkilatı qarışa bilməz, amma təqib davam edir...

İşdən çıxarılmağıma görə heç səsimi də çıxartmadım, şikayət də etmədim. Çünki bir dəfə cənab Prezident dedi ki, mən bilirəm nəyi nə vaxt, harda! Hərdən düşünürəm ki, bəlkə məni ermənilərlə olan münasibətlərə görə, yaxud nəyə görəsə müvəqqəti uzaqlaşdırıblar. Bəlkə dövlətə belə lazımdır. Bilmirəm.

Pensiya yaşım da çatmamışdı. Hətta elmi dərəcəmə görə 300 manat verilməliydi, onu da vermədilər...

Mənim işdən getməyimdən ermənilər qazandılar. Ermənilərin sifarişini bizimkilər yerinə yetirdi. O, vaxt “Sputnik Armeniya”da ermənilər yazmışdılar - ilk növbədə Tahir Əmiraslanovun imicini beynəlxalq təşkilatlarda aşağı salmaq lazımdır. Burda indi qabağa çəkdikləri adamlar – Fərhad Aşurbəyli, Orxan Muxtarov WAKS-a qarayaxmalı məktub göndərdilər. 2 il keçirilən məhkəmədən sonra rayon, apellyasiya və ali məhkəmələr bunların yazdıqlarının həqiqət olmadığı barədə qərar verdilər. Amma orda (WAKS-da -red) imicimiz zədələndi, yavaş-yavaş düşdük... 2016-da biz getmişdik seçkiyə - 7 qrupla. Axıra iki qrup qalmışdı – Tomas Quqlerin qrupu keçdi. Bilirdilər ki, növbəti seçkidə biz keçəcəyik. Plan cızılmışdı: Tahir Əmiraslanov işdən uzaqlaşdırılmalıdı, mərkəz məhv olmalıdır, bir neçə assosiasiyalar yaranmalıdır ki, sponsorların gücü bölünsün və s. Qoyulan plandan bir addım da kənara çıxılmadı və hamısı Azərbaycanda yerinə yetirildi...Və bunu yazan adamlara da dəstək verən hörmətli Azadə xanımdı və Turizm Agentliyidi. Onları gətirmək üstəyirlər yuxarıya. Mənim etirazım yoxdur. Lakin irəli çəkdikləri Orxan Muxtarov Azərbaycan mətbəxini düz-əməlli bilmir – “Şah Plov” haqqında dediyini də eşitdiniz (MasterChef Türkiyənin Azərbaycanda çəkilən bölümündə münsif kimi dəvət olunmuşdu və “Şah Plov”un hazırlanma tarixindən danışdı –red). Bu bilgi ilə o, hara gedəcək?!

..Azərbaycanda çox böyük təbliğat aparıldı. Xarici mətbəxlər daha çox olmalıydı, təbliğ olunurdu və biz bu təbliğata qarşı durduq illərlə. Bu, bir çox qüvvələri incidir. Heydər Əliyev elə belə deməmişdi “Milli mətbəx milli irs kimi qorunub saxlanılmalıdır”. Çünki milli mətbəx qorunub saxlanılırsa, paxlava, şəkərbura kimindirsə, muğam onundu, qatlama, bozartma kimindirsə, saz onundur... Bunlar bir-birindən ayrılmazdır. Şəkərburanın, paxlavanın üzərindəki şəkil xalçalarımızdadır. Mətbəx getsə, hamısı gedir. Mətbəx qalsa, o birilərini dağıtsalar da, yenə də mətbəxdən çıxacaq... Bu, köklü bir şeydir: millətin pasportunun, kimliyinin bir hissəsidir. Hansı ölkəyə getsəniz, süfrə açılan kimi bilirsiniz ki, hansı ölkənin mətbəxidir. Milli geyimlər və rəqslər gələndə bilirsiniz ki, hansı millətindir. Ermənilərin ən çox çəkdikləri nədir – milli mətbəx,  musiqi, rəqslər, geyimlərdir ki, bunu alsınlar”, - deyə izah edib.

 O, xatırladıb ki,  DTA-ya 200-ə yaxın məktub ünvanlayıb:

“Həmin məktublara verilən cavablar da əlimdədir... Mən getdikdən sonra sağ olsunlar, Azadə xanımla görüşdük, bəzi təkliflər etdilər, amma... Mənim iş təkliflərimə də mənfi cavablar verilib. Arada iki ay müddətinə, mənimlə işlədiklərini sübut etsinlər deyə - müqavilə ilə məsləhətçi kimi götürdülər, işlədik... Guya, Tahir Əmiraslanovla işlədikləri barədə məruzə etsinlər... Elə bilirlər ki, başa düşmürəm. Mən cəmi bir şərt qoydum ki, mən işləyəcəm, amma məndən  WAKS-a, mətbuata biabırçı məktublar yazanlar məhkəmənin qərarı var, qərara uyğun məndən üzr istəsinlər! Sonra isə o adamlar mənim yanımda olmayacaqdılar. Gənclərə yol verməkdən söz açırlar. Niyə, elə onların özünü kim yetişdirib (şikayət yazanlar nəzərdə tutulur-red)? Bütün gənclərə yol vermişik – bütün o biri təşkilatların gəncləri mənim yetirmələrimdir və mənim yanımdadırlar. Hətta mənim əleyhimə yazanlar da mənim yetirmələrimdir. Onlar 14-15 yaşlarında yanıma gəlmişdilər. Mən gənclərə yol açmasaydım o səviyyəyə gəlib çatardılarmı?                

Gəncləri irəli çəkmık lazımdır, amma bu mətbəxi, onun tarixini, əbəbiyyatını bilməyən, millətini təmsil edə bilməyən kəsi irəli çəkmək olmaz. Yaxşı aşpazdırsa, onu yaxşı yerə qoymaq lazımdır ki, xörəyini bişirib pulunu qazansın, aşpaz kimi inkişaf etsin. Amma strateji işlərə yox, hansı ki, milli mətbəx məsələsi strategiyadır, burda döyüş gedir, burda çox böyük müharibə gedir. Mən SSRİ  Kulinariya Assosiasiyasını yaradanlardan biri olmuşam və təbliğat şöbəsinin rəisi idim. Mən eyni zamanda, 1992-93-cü illərdə Rusiya Kulinariya Assosiasiyasının vitse-prezidenti idim. Qonşuların (ermənilərin-red) irəli çıxa bilməməsinin bir səbəbi də orada mənim olmağım idi. Mən bu təbliğatın aparılmasının metodlarını, metodologiyasını və elmini kökündən bilirəm. Bu uşaqları yetişdirmək lazımdır. Amma, baxır kimi yetişdirmək. Məsələn , Ağakərimi (aşpaz Ağakərim Əbülfəzoğlu -red) yetişdirmək lazımdır. Digərlərini də... Görün, neçə adamı təhsil almağa  göndərmişik. O uşaqlar bir gün gəlib yerlərini tutacaqlar. Əminəm ki, mənim işimi davam etdirəcəklər. Əlbəttə, bu gün gedib Mərkəzdə 500-600 manata kim işləsin? Gənclərin ailələri var. Çətinliklər var...

Ümidvaram ki, mənim işdən çıxmağım da, başqa məsələlər də lazım imiş. Bəlkə, dövlətimizə lazımdır. Təki elə olsun ki, bunun dövlətə xeyiri olsun...”, - məşhur kulinar Tahir Əmiraslanov bildirib.

Daha ətraflı: Təzadlar TV-dən (TTV AZ)  izləyə bilərsiniz.

 

JASMİN