Məmmədov Samir Aqil oğlu bu dəqiqələrdə Ergi qəsəbəsində torpağa tapşırılacaq…

Azərbaycan ordusu tarix yazmaqda davam edir. 1828-ci ildə İran və Türkiyədən Qarabağa köçürülən, Azərbaycan ərazisində qara yaraya çevirilən, 90-cı illərdən torpaqlarımızı işğal edərək 30 ildən çox müddətdə yurdlarımızu viran qoyan erməni quldurlarına və onların havadarlarına ağ bayraq qaldırmaq məcburiyyətini yaşadıldı. 44 günlük müharibədə torpaqlarımızın 80 faizini azad edən Ordumuz Qarabağa tam nəzarəti ələ almaq üçün düşmənə təslim olmaq, mülki ermənilərə isə adam kimi yaşamaq təklifini edilməkdə idi. Lakin son bir neçə gündə polis əməkdaşlarımız və mülki vətəndaşlarımızla birlikdə 9 nəfərin düşmənin yeni basdırdığı mina qurbanı edilməsi Ordumuzun səbrini daşırdı. Ali Baş Komandan İlham Əliyevin əmri ilə igid döyüşçülərimiz düşmənə bu dəfə aman verməmək qərarını ortaya qoydu. Döyüşlər bütün Qarabağ ərazisini əhatə etdi.

Nəhayət, dünən bölgədə ikinci erməni dövləti yaratmaq arzusu ilə yaşayan, niyyəti işğalçılıq olan və Qarabağda at oynatmaqda davam etmək istəyən separaçılar ağ bayraq qaldırdılar. Azərbaycanın «Vətənə canımız qurban!» deyən oğullarının  sayəsində düşmən bu gün sentyabrın 21-də Yevlax şəhərində bundan sonra Qarabağda necə və hansı şərtlərimiz daxilində yaşamaq şansını son dəfə müzakirə edəcək. Dünən axşam isə Prezident İlham Əliyev aydın şəkildə bəyan etdi ki, ermənilərə Azərbaycan vətəndaşları olaraq Qarabağda yaşamaq şansı veriləcək, amma bir şərtlə ki, onlar da özlərini Azərbaycanın vətəndaşı kimi aparsınlar!

***

Təbii ki, torpaqlarımızı işğaldan azad edilməsi və mənfur düşmənin ağ bayraq qaldırmağa məcbur edilməsi igid döyüşçülərimizin şücaəti sayəsində olmuşdur. Son 24 saatlıq döyüş əməliyyatında Ağdamın Mərzili kəndindən olan daha bir hərbçimiz qəhrəmancasına şəhid olmuşdur.  Məmmədov Samir Aqil oğlu hərbi xidmətini başa vurduqdan sonra yenidən ordu sıralarında müddətdən artıq xidmətə qayıtmışdı. O, 2020-ci ilin 44 günlük Zəfər döyüşlərindən keçmişdi. Dünən- 2023-cü ilin sentyabrın 20-də isə Ağdərənin və ətraf ərazilərin düşməndən təmizlənməsi əməliyyatı zamanı «Qara mərmər» zavodu uğrunda gedən döyüşlərdə şəhid olmuşdur.

Samir Aqil oğlu Məmmədovun nəşi bu dəqiqələrdə Ağcabədidəki şəhid məzarlığında torpağa tapşırılacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

A.Məmmədli

samir-1