Hal-hazırda ali təhsil müəssisələrində semestr imtahanlarının gedişinin ən qızğın çağıdır. Bu, danılmaz həqiqətdir ki, tələbələr imtahan zamanı həmişə çox gərgin, həyəcanlı olurlar. Tələbə olan hər kəs bu təbii halı yaşayıb.

 Bu səbəbdən nəzarətçilər, müəllimlər tələbələrin imtahan anlarındakı gərgin və həyəcanlı durumunu başa düşməli, olduqca həssas davranmalıdırlar.

TEZADLAR.AZ xəbər verir ki, bu sözləri hər zaman tələbələrini düşünən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib.

Elmar Qasımov sosşəbəkə hesabında xatirəsini də bölüşüb. 

"Bir neçə il bundan əvvəl rastlaşdığım və o vaxtdan düşüncələrimə böyük təsir göstərmiş heyətamiz bir davranış nümunəsini sizlərlə də paylaşmaq istəyirəm.

Bakı Ali Neft Məktəbimizdə MBA proqramında Nikola müəllim (#NiccoloHeilpern) dərs deyirdi. O, eyni zamanda məşhur #MaireTecnimont (İtaliya) şirkətinin Bakı üzrə rəhbəri idi.

Nikola müəllim bizdə bir neçə il dərs apardı. Çox intizamlı və bilikli, həm də həlimxasiyyət, mehriban müəllim idi. Axşam saat 19.00-da dərs başlasa da, heç zaman dərsə gecikməzdi, tələbələrdən əvvəl gələr və sinfi hazırlayar, tələbələrini isə gülər üzlə qarşılayardı.

Böyük vəzifəsi olsa da, hədsiz sadəliyi ilə tələbələrin sevimlisinə çevrilmişdi. Bir gün baş vermiş bir hadisə təkcə tələbələri yox, elə məni də heyrətləndirmişdi.

Tələbələrimizdən biri mənə Nikola müəllimin imtahandan əvvəl arxa partaya keçərək, heç kimin diqqətini cəlb etmədən ayaqqabılarını

səliqəli şəkildə çıxardığını və corabının üstünə özüylə əvvəlcədən gətirdiyi başqa bir corab geyinərək, nəzarət işini həyata keçirdiyini bildirdi...

Bəli, məhz imtahan zamanı tələbələrin diqqətini ayaq səsləriylə yayındırmamaq üçün Nikola müəllim belə etmişdi!

İmtahan bitdikdən sonra isə Nikola müəllim özünün alıb gətirdiyi tortu tələbələrlə birlikdə kəsib yeyərək, onların yaddaşlarında əbədi olaraq iz buraxmışdı...

Mənə çox maraqlıdır: nə üçün biz də bu incə, sadə, lakin böyük tərbiyəvi əhəmiyyətə malik jestləri etməklə, tələbələrimizə insanlıq nümunəsi göstərmirik?!

Yeri gəlmişkən, onu da xatırladım ki, Nikola müəllim 3 illik müəllimlik dövründə işlədiyi şirkətdən əməkhaqqı aldığı üçün (öz ölkələrinin qanunlarına əsasən) ali məktəbimizdən maaş almadı. Hazırda həmin şirkətin Yaxın Şərq bürosunun rəhbəri olan Nikola müəllim deyirdi ki, o, biliklərini paylaşdıqca, başqalarına da öyrətdikcə, özünü dünyanın ən zəngin və xoşbəxt insanı kimi hiss edir", - rektor diqqətə çatdırıb.

P.S. Göründüyü kimi, rektor Elmar Qasımov bir çox müəllimə örnək olacaq Nikola müəllimin davranışından misal çəkib. Doğrudan da tələbələrinə sevgi ilə, hörmətlə yanaşan, onların qayğısına qalan, bir zaman özünün də tələbə olduğunu unutmayan müəllimlər heç bir tələbənin yaddaşından silinmir və yaxşı mənada dərin iz buraxır. Yaxşılıq görən isə yaxşılıq edər! 

Y.MƏMMƏDLİ